22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşuranın həqiqətini dərk etməyə bizə nə mane olur?
17.03.2018

Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, vətənimiz Azərbaycanı Əhli Beyt (ə) məmləkəti qərar verib. Allah o kişilərə rəhmət etsin ki, İmam Huseynin (ə) adını bu məmləkətdə yaşadıblar. Bu həqiqətən də böyük nemətdir. Azərbaycan xalqı ona görə əzəmətli xalqdır ki, Kərbəla şəhidlərinin hörmətinə Məhərrəm – Səfər aylarını matəm saxlayır və toy – şadyanalığını dayandırır. Allah bu xalqın şərəfini kamil və daimi etsin. Amin!

İmam Hüseyn (ə) inqilabının mahiyyəti İmam Huseyn (ə) o şəxsdir ki, haqqı qanıyla müdafiə etdi və yaşatdı. Məhz "Seyyidüş-şühəda" (Ən üstün şəhid) adı ona verildi. Çünki onun dövründə bu zərurət yarandı. Yəzid kimi şərəfsizin İslam xəlifəsi olması İslamın sonu demək idi. Zülm, haqsızlıq, riyakarlıq baş alıb gedirdi. İnsanların şəxsiyyətini pulla satın alırdılar. Bu insanlığa qarşı olduqca böyük hörmətsizlik idi. Bu məqamda İmam (ə) məşhur sözünü demişdi: "Mənim üçün yaşamaq şərəfli ölümdə, ölüm isə alçaq və şəxsiyyətsiz yaşayışdadır".

Bəli. Şərəf, izzət, mərdlik, namus, vicdan kimi mənəvi dəyərlər bir insanı insan edən dəyərlərdəndir. Bir kəsin şərəfi, namusu, izzəti, vicdanı yoxdursa, o həqiqətdə ölüdür. Ölmüşdür o kəs. Yəni sadəcə fiziki mövcudiyyəti var. İnsanlıq adına həqarətdir o şəxs. Bu məqamında heyvan ondan üstün sayılır. İmam Huseyn (ə) sözünü dedi və əməldə göstərdi. Zahirdə məğlub görünürdü. Həqiqətdə isə qalib oldu. Həqiqi yaşayış mövcudiyyət və heyvani yaşayış üzərində qələbə çaldı. Ölüm qorxusu İmam Huseynin(ə) qiyamının həqiqətini dərk etməyə bizə mane olan ölüm qorxusudur. Biz Məhərrəm-Səfər aylarında əzadarlıq edirik, sinə vururuq, moizələr dinləyirik və bütün bunlar çox gözəldir. Amma bütün bunlar bizi "ölüm qorxusunu" dəf etməyə çatdırmırsa, deməli hələ kamil əzadar olmamışıq. Beynimiz ağıl və emosiya yarımkürələrindən ibarətdir. Ən kamil forma ağıl və emosiyanın bərabər çəkidə olmasıdır. Əfsus ki, bu çox insanda belə olmur. Bəzən ağıl insana mane olur. Çünki ağıl hər şeyi ölçüb- biçmək, səbəb – nəticə təhlili üzrə çalışır. Biz hərhansı nəticəsi görünməyən addım atanda ağlımız narahat olur. Bizə əsaslandırmağa çalışır ki, bəlkə səhv edirsən, bir də düşün, bu addımın nəticəsini düşün. Bu minvalla emosiyanın yaxud eşqin qərarına mane olur. "Ölüm qorxusunu" dəf etməyə mane olan (kamil olmayan) ağlımızdır. Ağlımız bizi dünyaya bağlayır. Məqamı gəldikdə nəticəsi naməlum qərar verəndə bizə deyir: Sən nə edirsən? Bu işi niyə görürsən? Bu sözü niyə deyirsən? İnsanları sən dəyişdirəcəksən? Səninlə dünya düzələcək? Beləliklə emosiyanı da özünə tabe etdirir. Amma İmam Hüseyn (ə) kamil insan olduğu üçün onda ağıl və emosiya vəhdətdə çalışırdı. İmam Hüseyn (ə) deyəndə ki, "Ölüm alçaq yaşamaqda, yaşamaq isə şərəfli ölümdədir", bu zaman ağıl emosiyaya (Emosiya , hisslər, eşq - beynin sağ yarımkürəsinə aid olan xüsuslar) qalib gələ bilmir. Ağıl emosiyanı dinləyir və deyir ki, doğru deyirsən. Çünki bundan o tərəfini mən düşünə bilmirəm. Mənim işim konkret nəticələrlədir. Sən isə ey emosiya, ey eşq belə mücərrəd və mənəvi məsələlərdə məndən üstünsən.

Nəticə nə olursa olsun sən addımını at, ey eşq. Eşq də addımını atır və nəticə şəhidliklə nəticələnir. Halbuki zahirdə şəhidlik maddi anlamda xırdalana bilmir.Şəhidliyin mənası odur ki, mənəviyyat maddiyata qalib gəlir. Çünki bu dünya nəticə yeri deyil. Nəticə yeri olsaydı, onda əlbəttə zahirdə Yezid və digərləri maddi sərvətə çatmışdılar. Axirəti unutmuşdular. Çünki onların gözünü dünya tutmuşdu. Ona görə sevinirdilər ki, mal-dövlət əldə etdik.

Məhz bu dünyanın yaradılış fəlsəfəsinə görə onlar məğlub oldular. Deməli bir şəxs, cəmiyyət, məmləkət, millət "ölüm qorxusu"nu dəf edibsə, o haqqını müdafiə edəcəkdir. Məzluma boyun əyməyəcəkdir. Nəticədə izzətlə ölməyi zillətlə yaşamaqda üstün bilib şəhadət mərhələsinə ucalacaqdır. Növbəti nəsillərə nümunə olacaqdır. Dünyada hər zaman İmam Hüseyn(ə) həqiqi davamçılarına ehtiyac vardır və olacaqdır da. Çünki HƏR GÜN AŞURA, HƏR YER KƏRBƏLADIR. Zülm günü AŞURADIR, o məzluma zülm olunan yer də KƏRBƏLADIR.

Vüsal Nadiroğlu