22 Noyabr 2024 - 22
İbn-Ziyad qürub vaxtı Hicaz libasında, başında qara əmmamə Kufəyə daxil oldu. Xalq eşitmişdi ki, Müslim imama məktub yazıb və onu Kufəyə dəvət edib. Qəfildən aralarında Hicaz libasında bir şəxsin olduğu süvariləri gördükdə xalq elə düşündü ki, gələnlər İmam Hüseyn (ə) və onun yoldaşlarıdır. İbn Ziyadın üzündə niqab vardı. Tarixçilər yazır: "Kufənin giriş məhəllərindən xalq dəstə-dəstə onun istiqbalına çıxır və "Əssalamu ələykə ya Əba-Əbdillah, əssalamu ələykə yəbnə rəsulullah" deyirdilər. Nəhayət, süvarilər hakimin sarayına çatdılar və onların arasından bir nəfər fəryad çəkdi: "Bu Übeydullah ibn Ziyaddır!" Bu xəbər xalqı qəzəbləndirdi. Sünni alimlərindən bəziləri yazırlar ki, onu daşa basdılar, söydülər və dağılışıb getdilər. Neman ibn Bəşir elə güman etdi ki, gələn imam Hüseyndir. Ona görə gələnlərə xahiş etdi ki, saraya daxil olmasınlar! İbn-Ziyadın yoldaşlarından biri dedi: "Qapını aç, gələn əmir Übeydullah ibn Ziyaddır." Neman göstəriş verdi ki, qapılar açılsın.
O anladı ki, İraq hakimliyi İbn Ziyada verilmişdir. Səhəri gün sübh İbn-Ziyadın göstərişindən sonra xalq məscidə çağırıldı. Kufə məscidi ağzınadək dolmuşdu. Kufə camaatı Ziyad ailəsini tanıyırdı. Çünki onun atası Übeydullah Müaviyənin fərmanı ilə uzun müddət Kufədə hakim olmuşdu. O çoxlarının başını, əlini və dilini kəsmişdi. Xeyli günahsız insan zindanlarda öldürülmüşdü. Çoxları sürgün olunmuş, var-dövləti müsadirə edilmişdi. İbn-Ziyadın Yəzidin əmri ilə, tam ixtiyarla gəldiyi məlum olanda Kufənin vəziyyəti dəyişdi. Həmin gecə Müslim ibn Əqil qaldığı yeri dəyişməli oldu. Çünki ibn Ziyadın ilk göstərişi zahirən Muxtarın həbs edilməsi olmuşdu (Muxtar Kərbəla hadisəsi zamanı zindanda idi. İbn Ziyad onu öldürmək fikrində idi. Amma bacısının əri Abdullah ibn Ömər onun bağışlanmasını istəmiş, Yəzid də İbn-Ziyada məktub yazıb Muxtara toxunmamağı tapşırmışdı. Nəticədə İbn-Ziyad Muxtarı Kufədən çıxarıb Hicaza göndərdi.)
Kufənin çöhrəsi dəyişsə də, imam Hüseynin gəlişi məsələsi şiələr arasında gündəmdə idi. Onlar bilirdilər ki, Müslim hələ ki, Kufədədir, amma rabitələr məxfiləşib.
İbn-Ziyad kufəlilərə xitabən dedi: "Məni və atamı tanıyırsınız. Bilin ki, Yəzid tərəfindən tam ixtiyar almışam. Ali-Əbu-Süfyan hökumətinə təslim olub, himayə göstərin. Belə etsəniz, izzət, rahatlığa və sərvətə çatarsınız. Mənə Yəzid tərəfindən əmr olunub ki, itaət göstərənlərlə yaxşı rəftar edib məhəbbətlə davranım. Amma itaətsizlik etmək istəsəniz hökumətə müxalif olanın başı bədənindən ayrılacaq. Mənə xəbər veriblər ki, Müslim bu şəhərdə gizlənir. Onu evində saxlayana aman verilməyəcək." İbn-Ziyad bu sözləri deyib minbərdən düşdü. Belə bir gündən sonra İbn-Ziyad Müslimin yerini tapacağına ümid edirdi. Amma belə olmadı. Müslim İbn-Ziyad Kufəyə gələn gecə Hani ibn Ürvənin evinə getmişdi.
Əliəsğər Səffar Hərəndi