21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) Ömər Sədə təklif etdi ki, onunla birbaşa danışsın. İki dəstə arasında yer təyin olundu, Ömər Səd və İmam Hüseyn (ə) hərəsi 20 nəfərin müşayiəti ilə həmin yerə gəldi. Təyin olunmuş yerə çatdıqdan sonra İmam Hüseyn (ə) Əli Əkbər və Əbül-Fəzl istisna olmaqla, həmin 20 nəfərə qayıtmaq tapşırığı verdi. Ömər Səd də yanında oğlu Həfəsi və qulamı Dəridi saxladı. Sünni və şiə tarixçiləri yazırlar ki, bu söhbət uzun çəkdi. Ətrafdakılar onların yalnız bəzi söhbətlərini eşidə bilirdilər. Nəql edirlər ki, İmam Hüseyn (ə) Ömər Sədə buyurdu: "Sən İbn Ziyaddan əl çək və mənə qoşul. Birlikdə Mədinəyə qayıdaq." Ömər Səd dedi: "Evimi xaraba qoyarlar." Həzrət buyurdu: "Mən sənin üçün ev tikərəm." Ömər Səd dedi: "Var-dövlətimi əlimdən alarlar." Həzrət buyurdu: "Mən sənə Mədinədəkindən də artıq var-dövlət verərəm." Ömər Səd dedi: "Ailəmə əziyyət verərlər." İmam buyurdu: "Sən haqq istəyində deyilsən. Dünya və dünyaya bağlılıq səni bəlaya salıb. Amma əmin ol ki, dünyaya da çata bilməyəcəksən. Sənin yataqda öldürüldüyün günü görürəm." (İmamın buyurduğu bir möcüzə idi. İbn Səd sonralar yatağında Muxtar tərəfindən öldürüldü.) Sənin Rey buğdasından yeyə bilməyəcəyini görürəm." Ömər Səd güldü və dedi: "Arpa ilə keçinərik!" O imamı məsxərəyə qoyub, ayağa qalxdı və getdi.
Mərhum Ustad Ayətullah Məhəmməd Təqi Bürucirdi iddia edir ki, imamla Ömər Səd arasında görüş bir dəfə olmayıb. Hər halda bu görüşlərin nəticəsi bu oldu ki, Ömər Səd ibn Ziyada məktub yazdı. Bu məktub tarixi sənəddir. Amma o hiyləgər idi. Həm imamla savaşdan yayınmaq, həm də Rey hakimi olmaq istəyirdi. Yetərincə dəlilimiz var ki, bu məktubda yazılanlar həqiqət deyil. O yazırdı: "Allah-təala alovu söndürdü və müzakirələrdən sonra belə bir nəticəyə gəldik ki, o ya Mədinəyə qayıdır, ya İslam məmləkətinin ətrafında bir müsəlman olaraq yaşayır, ya Yezidin yanına gedib ona əl verir. Onlar otursunlar və sözlərini danışsınlar. Mən bilirəm ki, bu sözlər səni sevindirəcək və ümmətin məsləhəti də bundadır ki, savaş olmasın." Məktub İbn Ziyada təsir etdi. Sünni və şiə tarixçiləri yazırlar ki, İbn Ziyad məktubu oxuduqdan sonra dedi: "Bu sözlər xeyirxah bir kəsin öz sərkərdəsinə dedikləridir." Söz bu yerə çatanda Şimr ayağa qalxıb dedi: "Ey əmir! Onun dediklərini qəbulmu edirsən? Axı Hüseyn indi sənin əlindədir! Əgər Hüseyn sənin ərazindən çıxsa, onun gücü saat-ba-saat artacaq, bütün şiələr xəbər tutacaq, hər tərəfdən axışıb ona qoşulacaqlar. Belə olsa sənin mövqeyin zəifləyəcək. Əgər Ömər Səd doğru deyirsə və Hüseyn peşiman olubsa, Ömər Sədə de ki, qoy Hüseyn və onun yoldaşları sənin hökmünə təslim olsunlar." İbn Ziyadın iç çirkinliyi üzə çıxdı və dedi: "Yaxşı fikirdir, sən doğru deyirsən." O katibə dedi: "Ömər Sədə yaz ki, biz səni Hüseynə salamatlıq təmənnası üçün göndərməmişik. Sənə göstəriş verirəm ki, Hüseyn mənim hökmümə təslim olsun. Əgər təslim olsa, özü və yoldaşlarını salamat halda Kufəyə apar və bizim əmrimizi gözlə. Əgər təslim olmasa yubanmadan savaşa başla. Elə bir savaş ki, onun ən yüngül əsəri başların bədəndən ayrılması olsun. Şimrə dedi ki, məktubu götür apar. Əgər ibn Səd razılaşmasa əvvəlcə onun öz boynunu vur, sonra qoşuna başçılığı öz öhdənə götür. Hüseyn ibn Əlinin işini bitir."
Tasua günü Şimr həmin məktubla Kərbəlaya daxil oldu. İmam Sadiq (ə) buyurur: "Tasua İmam Hüseyn (ə) və onun yoldaşlarının tam şəkildə mühasirəyə alındığı gündür. Düşmən onu zəif, qərib, özünü güclü və qalib saydı." Məhz bu səbəbdən də Tasua günü əza günü sayılır.
Əliəsğər Səffar Hərəndi