21 Noyabr 2024 - 21
Əməvilər sülaləsinin hakimiyyətə gəlməyi ilə islam aləminin tamam başqa bir istiqamətdə hərəkət etdiyini görürük. Yəni peyğəmbərimizin dövründə olan ilahi sistem artıq öz axarından yavaş-yavaş çıxmağa başlayır və bir diktator rejimi halını alır. Və bu rejim, bu xilafət islam adı altında bir çox işlər görməyə başlayırlar. Bu işlər də əslində islamın bir çox mühüm olan fundamental məsələlərini və islamın təkid etdiyi mövzuların aradan getməsinə gətirib çıxardır.
Çox maraqlı fakt bundan ibarətdir ki, əməvilər sülaləsi ilk olaraq qarşılarına hədəf qoymuşdular ki, siyasi arenada, peyğəmbərin Əhli-beytini rəqib kimi görürdülər. Onlar ilk olaraq öz hakimiyyətlərini möhkəmləndirmək istəyirdilərsə öz rəqiblərini aradan aparmalı idilər. Buna görə də başlayırlar yalançı hədislər uydurmağa, siyasi təqiblər etməyə və Əhli-beyt xanədanı və həzrət Əli davamçılarına təzyiqlər göstərməyə. Bir çox qətllər baş verir, bir çox səhabələr o dövrdə qətlə yetirilir.
Bildiyiniz kimi əməvilər xilafətində Cümə namazlarında, ibadətlərdən sonra həzrət Əliyə rəsmən lənət oxunurdu. Bu lənətləmə artıq dini bir adət-ənənə halına çevrilmişdi. İnsanlar bundan savab(!) əldə edib Allaha yaxınlaşma məqsədi güdürdülər. Bununla da onlar Əhli-beytin qapısını bağlamaq istəyirdilər.
Tarixi faktlar göstərir ki, əməvilər xilafətinin xüsusi ilə ilk dönəmlərində Əhli-beytin mövqeyi insanlar arasında zəifləməyə başlayırdı. Elə islam məntəqələri var idi ki, orada Əhli-beyt barəsində demək olar ki, heç bir məlumat yox idi. Onların islam aləmində olan yeri get-gedə unudulmağa başlamışdı. Bir çox məntəqələr ümumiyyətlə bu şəxsləri (Əhli-beyti) tanımırdılar. Bu da məqsədyönlü şəkildə aparılmış siyasətin nəticələri idi ki, artıq öz barını verməyə başlayırdı.
Əməvi xilafəti ki, bu davranışları ilə xüsusən Əhli-beytə yönəlmiş bu rəftarları ilə Əhli-beyt davamçılarında bəzi yerli narazılıqlar və narahatlıqlar doğurmağa başlayırdı. Bu narahatlıqların son nöqtəsi də Yezid ibn Muaviyənin İmam Hüseyndən beyət alması məsələsi idi. Belə bir məqamda əgər beyət olunsaydı artıq Əhli-beyt xanədanı tamamilə unudulmuş olacaqdı və bu rəsmən Yezidin hakimiyyətini bütün nəticələri ilə təsdiqləmiş olacaqdı. Bu təsdiqləmə nəticəsində artıq islam günümüzdə tanıdığımız islam simasından çıxıb bir xilafət və bir dünyəvi sistem formasını alacaqdı. Ona görə də əməvi sülaləsinin bu davranışları İmam Hüseyn qiyamını formalaşdıran və ona böyük təkan verən amillərdən oldu.
Rövşən Abdullaoğlu