21 Noyabr 2024 - 21
Haqq bayrağı batil sırasında dayana bilməz, batilin rəngini götürə bilməz. Buna görə İmam Hüseyn (ə) buyurdu ki, zillət bizdən uzaqdır. İmam Hüseynin (ə) hərəkəti izzət hərəkəti idi; yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti, Peyğəmbərin (s) təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) başucalığının tərənnümü idi, möhkəm dayandığından fəxrə də səbəb oldu. Bu, Hüseyn (ə) izzəti və fəxridir. Bir zaman bir şəxs bir söz deyir; sözü demiş və məqsədinə nail olmuşdur. Lakin o sözün üstündə durmur və geri çəkilir. Bu daha fəxr edə bilməz. Fəxr sözünün üstündə duran, ucaltdığı bayrağı tufanların məhv etməsinə və yatırmasına qoymayan insana, xalqa və qrupa məxsusdur. İmam Hüseyn (ə) bu bayrağı möhkəm saxladı, əzizlərinin şəhidliyinə və şərəfli ailəsinin əsirliyinə qədər getdi. Bir inqilabi hərəkətdə izzət və iftixar da budur.
Hüseyn ibn Əli (ə) elə bir iş gördü ki, bütün tağutlar dövründə erkən İslam çağından uzaq olsalar da, zülm və fəsad rejiminə qarşı mübarizə iradələri İmam Həsən Müctəba (ə) dövründən çox olan insanlar peyda oldular; hamısı da yatırıldılar. Mədinə xalqının Hərrə qiyamından tutmuş sonrakı hadisələrə, Təvvabin və Muxtar qiyamlarına, Bəni-Üməyyə və Bəni-Abbas dövrünə qədər xalqların daxilində ardıcıl olaraq qiyamlar baş verdi. Bu qiyamları kim yaratdı? Hüseyn ibn Əli (ə). Əgər İmam Hüseyn (ə) qiyam etməsəydi, tənbəllik və məsuliyyətdən qaçmaq ruhiyyəsi zülmə qarşı barışmazlıq və məsuliyyət hissetmə ruhiyyəsinə çevrilərdimi?! Nə üçün deyirik ki, məsuliyyət hissetmə ruhiyyəsi ölmüşdü? Ona görə ki, İmam Hüseyn (ə) İslam böyüklərinin övladlarının mərkəzi olan Mədinədən Məkkəyə getdi. Abbasın övladı, Zübeyrin övladı, Ömərin övladı, İslamın ilk xəlifələrinin övladları Mədinədə toplaşmışdılar, amma onların heç biri həmin qanlı və tarixi qiyamda İmam Hüseynə (ə) kömək etmədi.
Ayətullah Xamenei