21 Noyabr 2024 - 21
İmam Zeynul-abidinin (ə) İmam Huseynin (ə) dəfnində iştirak etməsini bildirən ümumi dəlillər.
1.İmamın dəfn işlərini yalnız İmam yerinə yetirər.
Əhli-beytdən (ə) nəql olunmuş hədislərə əsasən imamı yalnız ondan sonra gələn imam qüsl edər, kəfənləyər və onu dəfn edər. Mərhum Şeyx Kuleyni əzəmətli Kafi əsərinin "Höccət" kitabında "İmama yalnız imamlardan olan bir imam qüsl verər" adlı bab ayırmış və buna dəlalət edən üç dənə ayrı hədisi həmin babda yazmışdı.
İrad
Mümkündür ki, burada kimsə bu məsələyə sənəd və dəlalət baxımından irad bildirsin. Sənəd baxımından Kafidə zikr olunmuş həmin babdakı hər üç hədisin sənədinin zəif olmasını, dəlalət baxımından isə bu hədisin İmam Zeynul-abidinin (ə) Kərbəlaya gələrək İmam Huseynin (ə) dəfnində iştirak etməsinə dəlalət etmədiyini demək olar. Çünki hədis təklifi bir hökümdən söhbət açır, yəni hədisin ifadə etdiyi məna budur ki, imamın dəfn işlərini icra etmək yalnız özündən sonrakı imama vacibdir. Təbii ki, təklifi hökm –istər haram, istərsə də vacib- zərurət hallarında qüvvədən düşmüş sayılır. Buna əsasən də İmam Huseynin (ə) dəfn işlərini icra etmək İmam Zeynul-abidinə vacib olsa da, İmam Zeynul-abidin (ə) düşmən tərəfindən əsir götürüldüyünə görə bu vacib işi icra etməyə qadir deyildi. Bu səbəbdən də İmam Huseynin (ə) dəfn işlərini icra etmək zərurət halına görə İmam Səccada (ə) vacib olmamışdı. Deməli biz "İmama yalnız İmam qüsl verməlidir" hədisi ilə İmam Zeynul-abidinin (ə) İmam Huseynin (ə) dəfnində iştirak etməsini isbat edə bilmərik.
İrada cavab
Bildirilmiş hər iki irada cavab vermək mümkündür. Əvvəla sənəd baxımından bildirilmiş irada belə cavab vermək olar ki, bu məzmunda olan hədislər təkcə Şeyx Kuleyninin "İmama yalnız İmamlardan olan bir İmam qüsl verər" babında qeyd etdiyi üç hədisdən ibarət deyil. Bu barədə olan hədislər müstəfiz həddindədir. Çünki burada qeyd edilən üç hədisdən əlavə bir qrup başqa hədislər də müxtəlif sözlərlə də olsa "İmamın dəfn işlərini yalnız İmam yerinə yetirər" mənasındadır. Necə ki, "Muxtəsərul-bəsair" kitabında İmam Rza (ə) İbrahim ibn Əbu-Səmmala yazdığı məktubda bunu bildirir. Mərhum Təbəri özünün "Dəlailul-imamə" adlı əsərində Əbu-Bəsirdən İmam Museyi-Kazimin (ə) belə buyurduğunu nəql edir: Atamın (İmam Cəfər Sadiqin) ölüm anı yetişdikdə o mənə belə buyurdu: "Ey oğlum, mənim qüslumu səndən başqa heç kim etməsin. Mən atama qüsl vermişəm, atam da öz atasına qüsl verib. Höccətə yalnız höccət qüsl verər." İmam Kazim (ə) buyurdu: "Atamın gözlərini mən bağladım, onu mən kəfənlədim və onu öz əllərimlə dəfn etdim."
Hətta Kafidə İmam Sadiqdən (ə) nəql olunmuş hədisə əsasən İmam Zaman (ə) zühur etdikdən və haqq dövləti qurduqdan sonra bir müddət yaşayıb dünyasını dəyişdikdə onun dəfn işlərini rəcət etmiş İmam Huseyn (ə) icra edəcək.
İmam Sadiqdən (ə) nəql olunmuş həmin hədisdə İmam Huseynin (ə) rəcətindən danışılaraq belə buyurulur: "...Möminlərin qəlbində bu şəxsin Huseyn olduğu tam qərarlaşdıqda Höccətə (İmam Zamana) ölüm gələcək. Ona qüsl verən, onu kəfənləyən, ona hənut vuran və onu qəbrinə qoyan şəxs Huseyn ibn Əli olacaq. Vəsinin dəfn işlərini yalnız vəsi icra edər."
Bundan əlavə Peyğəmbərin (s) öz qüslunu həzrət Əliyə (ə) vəsiyyət etməsini də bu məsələyə dəlil gətirmək olar. Peyğəmbər (s) buyurur: "Ey Əli, mənim qüslumu səndən başqası yerinə yetirməsin və mənim övrətimi səndən başqası görməsin. Çünki səndən başqa kim mənim övrətimi görərsə, o şəxs kor olar."
Burada Peyğəmbərin (s) öz qüslunu ancaq həzrət Əliyə vəsiyyət etməsi "məsumun qüslunun yalnız məsum yerinə yetirə bilər" qaydasına görədir. Çünki axırda gətirilən səbəb digər İmamların qüslunda da gətirilib. Hətta başqa mənbələrdə həzrət Əlinin Peyğəmbərin qüslunda iştirak etmiş İbn Abbasın gözlərini bağladığı da qeyd olunur.
Müfəzzəl ibn Ömərin İmam Sadiqdən (ə) nəql etdiyi Xanım Zəhranın (ə) qüslunu həzrət Əli (ə) tərəfindən icra edilməsi hədisi də burada dəlil kimi göstərilə bilər. Çünki Müfəzzəl ibn Ömər İmam Sadiqin (ə) bu sözünə təəccüb edərkən İmam (ə) ona buyurur: "O (Xanım Zəhra) siddiqə idi,ona yalnız siddiq qüsl verə bilər."
Burada qeyd etdiyimiz hədislərdən və bundan əlavə bu məzmunda olan digər hədislərdən "məsumun dəfn işini yalnız məsum etməlidir" ümumi qaydasının hədislər əsasında mötəbər olduğunu görürük. Peyğəmbər, Xanım Zəhra və imamların (ə) dəfn işlərini elə imamların özlərinin yerinə yetirməsi, hətta uzaqda da olsa qeybi qüvvədən istifadə edərək dəfn işlərini icra etmək üçün imamın şəhid edildiyi yerə gəlmələri də bu hədislərin mötəbər olmasına dəlil kimi istifadə edilə bilər.
Bundan əlavə İmam Rzanın (ə) imamətini qəbul etməyən və "vaqifiyyə" adlanan qrupun ən əsas dəlili bu məzmunda olan hədislərə söykənərək İmam Rzanın (ə) İmam Museyi-Kazimin (ə) dəfn işlərini icra etməməsi idi. Bunun müqabilində isə İmam Rza (ə bu məzmunda olan hədisləri inkar etməmiş, hətta bu hədisləri təsdiqləmiş və özünün İmam Museyi-Kazimin (ə) dəfn işlərini icra etdiyinə işarə etmişdir. Buradan məlum olur ki, həmin dövrdə şiələrin yanında "İmamı yalnız İmam dəfn edər" hədisi tam məqbul idi.
Deməli gətirdiyimiz ümumi dəlilə sənəd baxımından edilən irad əsassızdır.
Hədisin dəlalətinə edilən irada gəlincə, bunu deyə bilərik ki, "imamın dəfn işlərini imam yerinə yetirməlidir" məzmununda olan hədislər bu işin təkcə şəri təklif olduğunu bildirmir. Bu səbəbdən də "zərurət halında şəri təkliflər qüvvədən düşür deyə biz bunu dəlil kimi istifadə edə bilmərik" sözü əsassızdır. Çünki bu hədislər şəri vəzifəni bildirməklə yanaşı həqiqi hadisəni bizə nəql edir. Yəni bizə bildirir ki, imama yalnız imam qüsl verəcək. Buna dəlil kimi həm bütün imamların məhz imamlar tərəfindən qüsl verildiyi və onlar tərəfindən dəfn edildiyinə dair xüsusi dəlilləri gətirmək olar. Hətta müəyyən imamların şəhid edildiyi vaxtda ondan sonrakı imamın uzaqda olmasına baxmayaraq qeybi-qüvvədən istifadə edərək imamın qüsl, kəfən və dəfni ilə məşğul olması bu hədislərin həqiqi baş verəcək hadisədən danışdığını göstərir. Çünki bu hədis yalnız şəri təklif olsaydı o zaman öz atasından uzaq düşmüş imama onun dəfnində iştirak etmək vacib olmayacaqdı. Lakin biz imamların uzaqda da olsa dəfn işlərinə özlərini yetirmələrindən başa düşürük ki, həqiqətdə elə bütün imamlara özündən sonrakı imam qüsl verib və onu dəfn edib. Buna misal olaraq Mədinədə olan İmam Rzanın (ə) Bağdadda şəhid olmuş İmam Museyi-Kazimin (ə) dəfn işlərinə qeybi yolla özünü çatdırması və bu işləri icra etməsini, həmçinin Tus (indiki Məşhəd) şəhərində şəhid edilmiş İmam Rzanın (ə) dəfn işlərini həmin vaxt Mədinə şəhərində olan İmam Muhəmməd Təqinin (ə) görməsini bildirən hədisləri göstərmək olar.
Bütün bunlardan məlum olur ki, "İmamı yalnız İmam dəfn etməlidir" məzmununda olan hədislərə söykənərək İmam Zeynul-abidinin (ə) İmam Huseyni (ə) dəfn etməsini demək olar.
2.Bəni-Əsədin cəsədləri təyin etməsi mümkün deyildi
İmam Zeynul-abidinin (ə) İmam Huseyni (ə) dəfn etməsinə ümumi dəlillərdən biri də Bəni-Əsəddən olan şəxslərin həm İmam Huseynin (ə), həm də digər şəhidlərin cəsədlərini təyin etməsinin mümkünsüz olmasıdır. Çünki Bəni-Əsəd Kərbəla hadisəsində iştirak etməmişdir, ortada olan cəsədlər də başları kəsilmişdir. Bir çoxlarının başı da nizəyə vurularaq aparılmışdır. Deməli Kərbəlada qalan əksər şəhidlərin meyiti tanınmaz halda idi. Buna görə də Bəni-Əsəd necə İmam Huseynin (ə) cəsədini tanıdı? Onu digər cəsədlərdən necə ayırd etdi və onun üçün ayrıca bir qəbir təyin etdilər? Bundan əlavə onlar həzrət Əbulfəzl (ə) ağanı niyə ayrıca dəfn etdilər? Onu necə tanıdılar? Başqa şəhidlərin ayrı-ayrı cəsədlərini bir yerə cəm edərkən niyə həzrət Abbasın (əleyhissəlam) mübarək cəsədini digər şəhidlərlə birgə deyil, məhz ayrı dəfn etdilər? Bütün bunlar göstərir ki, dəfndə iştirak edən şəxs bütün ordakıları tanıyıb və müxtəlif məsləhətləri nəzəri alıb mübarək cəsədləri həmin məsləhətlər əsasında dəfn etmişdir. Bunu da yalnız İmam Zeynul-abidin (ə) edə bilərdi.
İmam Zeynul-abidinin (ə) İmam Huseynin (ə) dəfnində iştirak etməsini bildirən xüsusi dəlillər
İmam Huseynin (ə) dəfnində İmam Zeynul-abidinin (ə) iştirak etməsini bildirən ümumi dəlillərdən əlavə burada xüsusi dəlillər də mövcuddur. Həmin xüsusi dəlillərə əsasən İmam Huseyni (ə) məhz İmam Zeynul-abidinin (ə) dəfn etməsi məlum olur.
Həmin xüsusi dəlillər bunlardır:
1.Şeyx Tusi özünün "Əl-ğeybə" adlı əsərində İmam Cəfər Sadiqin (ə) atası İmam Muhəmməd Baqirin (ə) belə buyurduğunu nəql edir: "Əli ibn Huseyn qətl edilmişləri bir-birinin üstünə qoyaraq belə buyururdu: "Bizim qətlə yetirilmişlərimiz Peyğəmbərlərin qətlə yetirilmişlərindəndir."
Bu hədis İmam Səccadın (ə) Kərbəlada dəfndə iştirak etdiyinə dəlildir. Çünki İmam (ə) nə aşura günü, nə də ondan sonra əsir olduqda heç vaxt qətlə yetirilmişləri bir-birinin üstünə qoymayıb. Buradan məlum olur ki, İmam Səccad (ə) Kərbəlaya qayıtmış və qətlə yetirilmişlərin mübarək cəsədlərini bir-birinin üstünə qoymuşdur.
2.Kəşşi özünün rical kitabında İmam Rzanın (ə) onun imamətini qəbul etməyən bir qrup şəxslə olan bəhsini nəql edir. Bu bəhsdə Əli ibn Əbu-Həmzə imam Rzaya (ə) belə dedi: "Biz sənin atalarından nəql etmişik ki, imamın dəfnini yalnız imam edər." İmam Rza (ə) buyurdu: "Huseyn (ə) imam idi ya yox?" O, dedi: "Bəli imam idi." İmam (ə) buyurdu: "Onun dəfnini kim etdi?" O, dedi: "Əli ibn Huseyn (ə)" İmam (ə) buyurdu: "Əli ibn Huseyn (ə) harada idi? O, İbn Ziyadın zindanında idi. (Bu işi necə etdi?)" O, dedi: "O, keşikçilərin xəbəri olmadan çıxdı, atasını dəfn etdi və qayıtdı." İmam (ə) buyurdu: "Əli ibn Huseyni (ə) Kərbəlaya gətirib atasını dəfn etməyə imkan yaradan (Allah), imamət sahibini (yəni məni) də həbs və əsirlikdə olmadığı halda Bağdada gətirib atasını dəfn etməsinə sonra da geri qayıtmasına imkan yaradar..."
Bu iki hədis İmam Zeynul-abidinin (ə) Kərbəlaya gələrək İmam Huseynin (ə) dəfnini icra etməsini bildirən xüsusi dəlillərdir. Burada mütəəxxir alimlərin nəql etdikləri və İmam Zeynul-abidinin (ə) Kərbəlaya gəlməsi və cəsədləri necə dəfn etməsini bildirən başqa bir hədis də mövcuddur. Bu hədisi Seyyid Muhəmməd Təqi Bəhrul-ulum özünün "Məqtəl" kutabında seyyid Nemətullah Cəzairinin "Mədinətul-elm" adlı əsərindən nəql edir. Sadəcə həmin hədisin uzunluğuna görə burada tam şəkildə onu nəql etmirik. Bu hədisin əlimizə gəlib çatan qədim kitablarda olmaması bunun uydurma bir hadisə olmasına dəlalət etmir. Çünki mümkündür ki, bunu nəql etmiş böyük alimlərimiz bu hədisi onlara gəlib çatmış hansısa bir qədim kitabdan nəql ediblər. Sonradan o kitab gəlib bizə çatmayıb. Necə ki, bu cür hadisələr çox baş vermişdir. Hədis kitablarından məlumatı olan şəxslər bu cür hadisələrdən xəbərdardılar.
Beləliklə bütün bu dəlillərdən məlum olur ki, İmam Huseyni (ə) Kərbəlada onun oğlu və həmin zamanın imamı olan İmam Zeynul-abidin (ə) dəfn etmişdir.
Sonda işarə edib tam mətnini qeyd etmədiyimiz hədisdən bir hissəni bura qeyd etmək istərdik. İmam Zeynul-abidin (ə) atası İmam Huseyni (ə) dəfn etdikdən sonra öz barmaqları ilə qəbrin üzərinə belə yazdı:
"BU, SUSUZ VƏ KİMSƏSİZ QƏTLƏ YETİRİLMİŞ HUSEYN İBN ƏLİ İBN ƏBİ-TALİBİN QƏBRİDİR"
Şeyx Məmmədov