03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Məkkədən çıxmaq ərəfəsində İmam Hüseynin xütbəsi
10.04.2018

Xəbər gəldi ki, imam xalqla danışmaq istəyir. Həzrət vəziyyəti xalqa çatdırmaq fikrində idi. Şiə və sünni böyükləri hicri 60-cı il, zil-hiccə ayının 8-ci günündə bəyan olmuş bu xütbəni nəql etmişlər. Xütbənin mətni belədir: "Ölüm Adəm övladının boynunda asılmışdır. Necə ki, gənc qızların boynundan boyunbağı asılır. Öz ata-babamla görüşə necə də müştaqam! Necə ki, Yaqub Yusifə iştiyaqlı idi! Mənim üçün seçilmiş şəhadət məhəllinə çatacağam. Nəvavis və Kərbəla arasında canavarların məni tikə-tikə parçaladığını görürəm. Onlar mənim vücudumla öz qarınlarını doldururlar. Təqdir olmuş gündən qurtuluş yoxdur. Allahın razılığı biz əhli-beytin razılığıdır. Allah-təalanın bəla və sınağına səbr edirik. Allah-təala biz səbirlilərin mükafatını əta edəcək. Allahın rəsulunun tənparəsi Allahın müqəddəs dərgahında (behiştdə) ondan ayrılmayacaq və onun gözünün işıqlanmasına səbəb olacaq. Allah-təala Öz vədini gerçəkləşdirəcək. Bizim yolumuzda canından keçməyə hazır olan və Allahla görüşə hazırlaşmış kəs bizimlə birlikdədir. Mən sabah sübh hərəkətə başlayacağam.

Bu xütbə Məkkədəki bütün insanları imamın qiyamından xəbərdar etdi.

İmamı bu işdən çəkindirmək istəyən ilk şəxs İbn-Abbas oldu. O dedi: "Nə üçün gedirsiniz?" Həzrət buyurdu: "Bəni-Üməyyə mənim qanımı axıtmaq istəyir. Mən hərəmin hörmətini saxlamaq üçün burada qalmamalıyam." İbn Abbas dedi: "Hara getmək istəyirsiniz?" İmam buyurdu: "Nümayəndəm və əmim oğlu Müslim Kufədən yazır ki, Kufə xalqı beyət edib və məni gözləyir. Buna görə də İraqa gedirəm." İbn Abbas dedi: "Yoxsa İraq və Kufəni tanımırsan?! Yoxsa yadında deyil ki, atan orada olanda, güclü bir qoşuna malik olanda ona nə qədər əziyyət verdilər?! Qardaşınla nə etdiklərini unutmusanmı?! Kufədə nə işin var?" Həzrət buyurdu: "Sənin dediklərini mən də bilirəm. Amma Allahın hökm etdiyi gerçəkləşir." Sonralar İbn Abbas deyirdi: "Hüseyn ibn Əlinin Məkkədən çıxdığı sübhdən öncəki axşam yuxuda gördüm ki, Cəbrail Kəbənin üstündə Hüseynin (ə) əlindən tutub fəryad çəkir: "Allah-təala beyətə tələsin, Hüseynin (ə) əli Allahın əlidir." Bu isə Quranda əks olunmuş bir həqiqətdir. Allah beyətlə bağlı buyurur: "Ağac altında sənə beyət edənlər əslində Allaha beyət etdi." Zahirən beyət üçün onun əli uzansa da, Allahın əli onun əli üstündə idi. Bu beyət Allaha beyət idi. Biz şiə müsəlmanlar bilməliyik ki, Əlinin, Hüseynin, Cəfər ibn Məhəmmədin, həzrət Mehdinin (ə) əli Allahın əlidir.

Eləcə də onların gözü Allahın gözüdür. Çünki bu insanlar Allaha bəndəlik məqamına elə qərq olmuşlar ki, ilahi kamallar onlarda cilvələnmişdir. İbn Abbasa dedilər:

"Belə bir yuxu gördüyün halda nə üçün müxalif oldun?" O dedi: "Mən ona beyət etdim, amma onunla birlikdə yola çıxmadım. Biz peyğəmbər (s) dövründən Kərbəla şəhidlərinin adını bilirik. Həmin adlar arasında mənim adım yox idi!" Bəziləri deyirlər: "İbn Abbas öz hörmətini saxlamaq üçün bu sözləri demişdir. Həqiqət isə budur ki, imam Hüseynin (ə) səhabələri xüsusi bir zümrə idi. Bəzi böyük şəxsiyyətlər də imam Hüseynə (ə) qoşulmaq istəyirdi. Amma müəyyən maneələr səbəbindən buna nail olmadılar. Bəziləri də imamdan icazə istədilər ki, işlərini gördükdən sonra imama qoşulsunlar. Onlar Kərbəlaya çatdıqları vaxt artıq imam şəhid olmuşdu. Amma aşura sübhünədək İbn Ziyad qoşunun başçılarından olan Hürrün başı aşura günü günorta imam Hüseynin (ə) ağuşunda idi! Bu ilahi sirlərdəndir!"

Müsəlmanlığından cəmi 18 gün ötmüş bu gənc Kərbəla şəhidlərindən olmaq qabiliyyəti qazandı. Müslim ibn Ovsəcə, Həbib ibn Məzahir, Səid ibn Abdullah Hənəfi kimilərinin Kərbəlada şəhid olması bir o qədər də təəccüblü görünmür. Amma Hürr kimi bir şəxsin bu məqama çatması adamı heyrətə salır. O, Kufədən çıxdığı vaxt qulağına belə bir səs dəydi: "Ey Hürr! Sənə behiştlə müjdə olsun!" Bu səs Hürrü heyrətə salmışdı. Düşünürdü ki, görən bu yol behiştə aparırmı? O narahat idi ki, ibn Ziyadın göstərişi ilə peyğəmbər balasının qarşısını kəsən bir şəxs hansı əsasla behiştlə müjdələnir?! Hürr bilmirdi ki, bu yol onu hara aparır!

İmam Hüseynə (ə) başqa bir şəxs də qoşuldu. Amma o şərt kəsmişdi ki, Kərbəlada qalmasının bir faydası olmasa azad buraxılacaq. Həzrət ona belə bir icazə vermişdi. Bu şəxs aşura günü günortadan sonra Kərbəla meydanını tərk etdi!

Hindistanın tanınmış dövlət xadimi Qandidən soruşdular ki, səni ingilislərə qarşı qiyama ruhlandıran nə oldu? O deyir: "Mən aşura günü Hüseyn ibn Əlinin qiyamından ilham aldım!" Bu söz çox məşhurdur. İslama etiqadı olmayan bir buddist Hüseyni öz qiyamı üçün nümunə seçir!

İbn-Abbasdan sonra Əbu-Bəkr İbn Haris ibn Haşim imamı qiyam yolundan çəkindirmək istədi. O da Kufə əhlinin etibarsızlığını önə çəkib imamı bu səfərdən saxlamaq istəyirdi. İmam belə cavab verdi: "Allah-təalanın qəzavü-qədəri nədirsə o da olacaq."

Abdullah ibn Zübeyr imam Hüseynə dedi: "Nə üçün Məkkəni tərk edirsən? Mən təslim olmağa hazıram. İşi mənə həvalə edə bilərsiniz." Həzrət buyurdu: "Buna ehtiyac yoxdur." Abdullah dedi: "Bəli, əgər mənim də sizin qədər müridlərim və başdan keçənlərim olsaydı, belə edərdim." Sonra imamı səhnədən xaric etməklə bağlı ittiham olunmaması üçün dedi: "Əgər qalsanız bizim imamımız və rəhbərimizsiniz!" Həzrət buyurdu: "Mən getmək istəyirəm." Tarixi mənbələrdə bildirilir ki, İbn Abbas Abdullah ibn Zübeyrə dedi: "Burada olması səni narahat edən adam getdi və sənin üçün yol açıldı."

Ən mühüm görüşlərdən biri imamın öz qardaşı Məhəmməd ibn Hənəfiyyə ilə görüşüdür. Məhəmməd həcc aylarında Məkkədə hazır idi. İmamın göstərişi ilə Mədinədə qalmalı olduğu müddəti orada qalmışdı. Məhəmməd dedi: "Qardaşım! Nə etmək istəyirsən?" Həzrət buyurdu: "İraqa gedəcəyəm." Məhəmməd İbn Abbasın sözlərini təkrar etdi. İmam onun cavabında buyurdu: "Deyirsən nə edim?" Məhəmməd dedi: "Hərəmdə qalmaq istəmirsinizsə Yəmənə gedin. Orada atamızın və sizin şiələriniz çoxdur. Ora dağlıq ərazidir, orada qalıb işin sonunu gözləyə bilərsiniz." Həzrət buyurdu: "Sübhə qədər buradayam." Sübh namazından sonra Məhəmmədə xəbər verdilər ki, qardaşın Hüseyn İraqa hərəkət üçün hazırdır. Məhəmməd tələsik özünü imama çatdırdı və dedi: "Siz mənə dediniz ki, sabaha qədər düşünərsiniz." Seyyid ibn Tavusun nəql etdiklərinə əsasən imam buyurdu: "Dünən gecə yuxuda babam peyğəmbəri gördüm. O mənə buyurdu: "Hüseyn! İraqa yola düş. Allah sənin şəhadətini istəyir. Bu din və onun davamı sənin şəhadətindən asılıdır."

İmam Hüseyn öldürülmək üçün getmirdi. Amma Allahın dini və müqəddəs tövhid ağacı dövrün imamının və ən üstün şiələrin qanı ilə suvarılmalı idi. İmam hərəkət etdi. Həzrət Zeynəbin əri Abdullah ibn Cəfər Yəzid komandanlığının yanına gedib dedi: "Əmim oğlu Hüseyn belə bir təhlükə hiss edir ki, onu öldürmək istəyirsiniz. Bu səbəbdən də hərəmi tərk etmək fikrindədir. Bu iş sizi hörmətdən salacaq." Yəzidin sərkərdəsi dedi: "Mən yazılı şəkildə ona aman verirəm." Həmin şəxs amannamə yazdı və Abdullah ibn Cəfərlə birlikdə qardaşını Məkkəyə imam Hüseynin xidmətinə göndərdi. Həmin şəxs amannaməni imama təqdim edib dedi: "Bu sənədə əsasən sizə tam toxunulmazlıq verilir." Həzrət buyurdu: "Allahın verdiyi aman bizim üçün başqa amanlardan üstündür. Mən getməliyəm." Sünni tarixçisi Təbəri yazır: "Abdullah nə qədər israr etdisə imam öz fikrindən daşınmadı. Abdullah dedi: "Nə üçün buradan getməkdə bu qədər israrlısan?" Həzrət buyurdu:

"Çünki yuxuda babam Rəsulullahı görmüşəm." Abdullah dedi: "O sənə nə buyurdu?" İmam buyurdu: "Onun görüşünə çatanadək deyə bilmərəm."

İmamla qarşılaşmış ilk müsafir böyük ərəb şairi Fərəzdəq idi. O dövrünün tanınmış şəxsiyyəti, ən istedadlı şairlərindən idi. (Fərəzdəq uzun bir ömür yaşamışdır. İmam Səccadın dövründə Hişamın hüzurunda Kəbə kənarında imam Səccadı mədh edən bir şer yazdı. Bu şer Hişamda ona qarşı qəzəb yaratdı.) Fərəzdəq imama ərz etdi: "Hara gedirsən?" İmam buyurdu: "Bəni-Üməyyə hərəmi hörmətdən salmaq istəyir, ona görə də şəhərdən xaric oluruq." Tarixdə Fərəzdəqin dilindən belə nəql olunur: "İmam məndən kimliyimi soruşdu? Dedim ki, ərəbəm. İmam mənim bu cavabımla kifayətləndi. Sonra soruşdu nə xəbər var?" Cavab verdim ki, xalqın qəlbi sizinlədir və sizi sevir. Amma qılıncları sizə qarşıdır. Allahın qəza-qədəri ərş aləminə aiddir. Bilmirəm nə olacaq. Allah nə istəyirsə onu edir." İmamın bu sözlərdən xoşu gəldi və ona ən ali bir cavab verdi: "Doğru dedin. İş Allah-təalanın əlindədir. Allah daim dünyanın işlərinə hakimdir. Əgər Allah bizim xoşlandığımız bir şeyi müqəddər edərsə, ona şükr edərik. Əgər qəza-qədər bizimlə ümidimizin arasını kəsdisə (şeytani qüdrət güc gəldi və biz tövhid kəlməsini elan edə bilmədik və iş bizim şəhadətimizlə sonuclandı), biz haqqa təcavüz etməmişik. Çünki niyyətimiz haqdır və batinimiz təqva üzərində bərpadır."

Bu, imam Hüseynin (ə) qiyam qaldıranlara verdiyi ən böyük dərs idi: Əgər sənin niyyətin haqdırsa, vəzifəni yerinə yetirmək üçün qiyam qaldırmısansa, müvəffəq olmamağının qorxusu yoxdur. (Yadınızdadırsa, imam Rahil inqilab boyu buyurardı ki, bizim qiyamımız qalib gəlmək üçün yox, vəzifəmizi yerinə yetirmək üçündür.) İmam Hüseyn qaçmaq istəmirdi. O buyururdu: "Siz məktub yazmısınız ki, gəlin, mən də gəlmişəm. Əgər yolu açmasanız, Mədinəyə gedərəm. Əgər Mədinəyə getməyimi istəmirsinizsə, Məkkəyə gedərəm. Məkkəyə getməyimi istəmirsinizsə, Allahın yeri genişdir." İmam canını qurtarmaq yox, vəzifəsini yerinə yetirmək istəyirdi. İmam Hürr ilə qarşılaşdığı vaxt buyurdu: "Anan matəmində otursun, nə istəyirsən?! Yolu aç, mən gedim." İmam öhdəsində olan imamət vəzifəsini yerinə yetirmək barədə düşünürdü.

Fərəzdəq imamdan həcc barədə bir neçə məsələ soruşdu və vidalaşdı.

Zilhiccənin səkkizinci günü imam Hüseyn (ə) Məkkədən çıxmaq qərarına gəldi. Onun danışıq tərzində fərq vardı. Ətrafındakılara anlatdı ki, biz Allahın qəti qəza-qədərinə doğru gedirik." O İbn Abbas, Məhəmməd Hənəfiyyə, Abdullah ibn Ömərdən də yaxşı başa düşürdü ki, İraqda vəziyyət necədir. Amma Allah-təala onun gedib öz vəzifəsini yerinə yetirməsini təqdir etmişdi. İmam buyurdu ki, mən gedib lazım olan xütbələri bəyan etməli, müxtəlif insanlarla görüşməliyəm ki, dünya əhlinə höccət tamamlansın, həqiqət məlum olsun. İmamla yolda görüşən digər bir şəxs Bişr ibn Qalib Əsədi idi. İmam ondan İraqdakı vəziyyət haqqında soruşdu.

O dedi: "İnsanların qəlbi səninlədir, qılıncları Bəni-Üməyyə ilə." İmam ona Fərəzdəqə verdiyi cavabdan məhdud cavab verdi: "Allah istədiyini edər, iradəsinə uyğun hikməti yerinə yetirər." Yəni mən Allahın müəyyən etdiyi və gerçəkləşməsi hökmünə doğru gedirəm.

İmamın məzlum bacısı həzrət Zeynəb, Xəzimiyyənin məclisində ilahi bir nida eşitdi: "Ey gözlər ağlayın. Məndən sonra şəhidlərə, ilahi vədin gerçəkləşməsi üçün əcəli çatanlara kim ağlayar?!" İmam öz bacısına belə cavab verir: "İlahi qəza-qədərin labüd etdiyi iş olasıdır. Sən babanın, ananın və atanın dilindən bir təqdir eşitmisən və bilirsən ki, haraya gedirik."

Əmr ibn Ləvzan adlı bir şəxs İraq yaxınlığında imamla görüşdü. O imama dedi: "Hara gedirsən?" Həzrət buyurdu: "İraq camaatı mənə məktub yazıb, onların yanına getməliyəm." Həmin şəxs dedi: "Olarmı mən bir söz deyim? Siz Kufəni və onun əhlini tanıyırsınız. Mən demirəm ki, getməyin. Amma o zaman gedin ki, Müslim Kufədə hakim olsun. Nə üçün düşmənlərin əlində olan Kufəyə gedəsiniz?" İmam ona belə cavab verdi: "Ey Allah bəndəsi! Sənin dediklərin mənə aydındır. Amma bil ki, Allah Öz əmr və göstərişində məğlub olmur. (Yəni biz Allahın təqdirinə doğru gedirik.) And olsun Allahın müqəddəs zatına, Bəni-Üməyyə nə qədər ki, ürəyimi sinəmdən çıxarmayıb, məni rahat buraxmaz. Bu işi gördükdən sonra Allah onlara birini hakim edər ki, həmin şəxs onları zəlil edər..."

İmam Hüseyn gələcəkdən xəbər verirdi. Həmin şəxsi anlatdı ki, biz Kufə və Bəsrəni tutmaq istəmirik. Məqsəd budur ki, din bərpa olsun. Bu iş Müslimin, Haninin və başqa tərəfdarların şəhadəti bahasına olsa da yerinə yetirilməlidir. İmam bildirdi ki, sonra mən özüm də şəhid olasıyam."

Əli Əsğər Hərəndi