22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Müslim ibn Əqilin Kufəyə gəlişi
16.04.2018

Müslim ibn Əqil hicri 60-cı il, ramazan ayının ortalarında Hicaz torpağından Kufəyə doğru hərəkət etdi. O şəvval ayının beşində Kufəyə çatdı.

Müslim öncə Muxtar ibn Əbu Übeydə Səqəfinin evinə getdi. (Muxtarın həyat tarixçəsində qaranlıq nöqtələr olsa da, o tanınmış bir şiə olmuşdur. Müslimin onun evinə getməsi Muxtarın şiələr arasındakı nüfuzundan danışır...) Müslim Kufəyə daxil olan gün Kufə böyükləri onun görüşünə gəldilər. Müslim imam Hüseynin (ə) məktubunu onlara oxudu. Məktub başa çatdıqdan sonra hamıdan qabaq Abəs ibn Əbu-Şəbib ayağa qalxıb danışdı. Bu şəxsiyyətli, şücaətli, mühəddis, abid şəxs öz sözləri ilə Kufənin və Kufə əhlinin həmin dövrdəki durumunu aydınlaşdırdı. O həmd, peyğəmbər, Əli və Hüseynə salamdan sonra dedi: "Ey Müslim! Mən sənə xalqın fikirlərindən danışmaq istəmirəm və onların qəlblərindəkindən xəbərsizəm. Mən öz fikrimi bildirirəm və xalqın adından danışıb sizi aldatmaq istəmirəm. And olsun Allaha! Özümü dediklərim üçün hazırlamışam. And olsun Allaha! Nə vaxt dəvət etsəniz qəbul edərəm. Sizinlə birlikdə düşmənlərinizlə vuruşaram, xidmətinizdə qılınc çalaram, nəhayət, Allahın görüşünə nail olaram. Allahın vəd etdiyindən başqa heç nə istəmirəm." Abəsin sözü başa çatdıqdan sonra Həbib ibn Məzahir ayağa qalxdı və Abəsin dediklərini təsdiqləyib söylədi: "Mən də canım, malım və varlığımla bu yolun yardımçısıyam."

Həmin məclisdə başqaları da danışdı. İmam Hüseynə beyət ünvanında Müslimə beyət etdilər. Beyət edənlərin sayı günbəgün artırdı. Sünni və şiə mənbələrində məşhur xəbərlərdən biri budur ki, Kufədə on səkkiz min müsəlman Müslimə beyət etdi. Onlar Müslimlə peyman bağladılar ki, imamət və ilahi hökumətin bərqərar olunması yolunda canları və malları ilə cihad edəcəklər. Bütün Kufəyə xəbər yayıldı. Kufə hakimi Neman ibn Bəşir Ənsardan olsa da, Əhli-beytdən üz döndərmişdi. Onun atası Səqifədə Əbu-Bəkrə birinci beyət edənlərdən idi. O, əməvilərdən deyildi. Amma onların mənafeyinə xidmət edirdi. Bəni-Üməyyə hökumətinin tərəfdarları Neman ibn Bəşirə dedilər: "Kufənin vəziyyəti çox təhlükəlidir. Müslim beyət alır və xalq silahlanır." Neman dedi: "Nə qədər ki, bir şəxs bizə qarşı qiyam qaldırmayıb, onunla işimiz yoxdur." O minbərə qalxıb dedi: "Mənim Müslimin gəlişindən xəbərim var və sizə xəbərdarlıq edirəm ki, təfriqə yaratmayasınız."

Bəni-Üməyyənin Əbdüllah ibn Müslim ibn Rəbiət, Ömər ibn Səd, Sənan ibn Ənəs, Məhəmməd ibn Təlhə kimi tərəfdarları Neman ibn Bəşiri mühafizəkar adam sayırdılar. Bu səbəbdən də onlar Yezidə məktub yazdılar və şiələrin qiyamı, Hüseynə məktub yazıb, onu dəvət etməsi barədə xəbər verdilər. Yezidin nəzərinə çatdırıldı ki, Hüseyn nümayəndə göndərib özü üçün beyət toplayır, xalq silahlanır. Onlar Yezidi İraqın əldən çıxa biləcəyi ilə qorxudur və vəziyyətin islahı üçün İraqa güclü bir adam göndərməsini tələb edirdilər. Məktubda Neman ibn Bəşirin zəifliyi və bu işin öhdəsindən gələ bilməyəcəyi qeyd olunur. Məktub Yezidə çatdı və onu heyrətə gətirdi. Yezid atasının bir zaman ona dediklərini xatırladı: "Siyasi məsələlərdə çətinlik olduqda Sərhunla (Sərcunla) məsləhətləş." (Sərhun sarayın zirək qulamlarından idi.) Yezid onu yanına çağırıb, qarşıda duran məsələ ilə bağlı məsləhətləşdi. Sərhun dedi: "Atan da bu fikirdə idi ki, bir gün İraq camaatı ayağa qalxacaq və Hüseyni dəvət edəcək." Yezid dedi: "Bəs nə etməliyik?" Sərhun dedi: "Atanın dediklərini et." Müaviyənin öz həyatının son günlərində yazdığı məktub oxundu. Bu məktub Übeydüllah ibn Ziyadın bütün İraqa hakim təyin olunmasını təsdiqləyirdi. Amma Yəzidin ibn Ziyadla münasibəti yaxşı deyildi və hətta onu Bəsrə hakimliyindən uzaqlaşdırmaq istəyirdi. Yəzid Sərhunun təqdim etdiyi məktubu görüb təəccübləndi və dedi: "Demək atam belə bir iş görübmüş!" Sərhun dedi: "Bəli, atan fürsət tapmadı, yoxsa İraqı ibn Ziyada tapşırmaq istəyirdi." Yəzid göstəriş verdi ki, katiblər İraqa ibn Ziyadın hakimlik hökmünü yazsınlar.

Əliəsğər Səffar Hərəndi