21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura mərasiminin uşaqların təhsilinə nə kimi təsirləri var?
09.11.2017


Aşura mərasiminin məktəblərin təhsilinə təsir göstərib göstərməməsinə fikir bildirməzdən öncə, məktəblərin təhsilinə müsbət və mənfi yöndən təsir göstərən fərdi, ictimai, iqtisadi və psixoloji amillər araşdırılmalı, müəyyən edilməli və bu amillərin qiymətləndirilməsi aparılmalıdır. Artıq bundan sonra bu qiymətləndirmə əsasında sıralama müəyyən edilməlidir.
Baxıb görülməlidir ki, Aşura mərasimi bu sıralamada neçənci yerdə durur. Aşura mərasimi məktəblərin təhsilinə təsir göstərirmi, göstərmirmi? Göstərirsə neçənci sırada yer alır və əsas amillərdəndirmi, stimullaşdırıcı amillərdəndirmi? Həmçinin müsbət təsir göstərmirsə, mənfi amillərin arasında məhdudlaşdırıcı funksiya daşıyırmı-daşımırmı? Bütün bunlardan sonra fikir bildirmək olar. Yəni bunların heç biri nəzərə alınmadan, araşdırma aparılmadan, analiz edilmədən irəli sürülən bütün fikirlər reallığı əks etdirməyən, elmi əsası olmayan boş fərziyə olacaq.

Hesab edirəm ki, bu barədə səsləndirilən bütün neqativ fikirlər, yəni Aşura mərasimini məktəblərin təhsilinə mənfi təsir göstərən bir vasitə kimi qiymətləndirən adamların ittihamlarının hamısı əsassızdır. Kimlərinsə ambisiyalarına və subyektiv fikirlərinə əsaslanır. Çünki bunların heç birində belə bir elmi araşdırma yoxdur, elmi əsas yoxdur. Amma biz hesab edirik ki, Aşura mərasimi uşaqların təhsilinə mənfi deyil, müsbət təsir göstərir, uşaqlarda təhsilə, elmə, biliyə stimul yaradır.

İttiham edənlərə bir də onu demək istəyirəm ki, ilin 365 günündən yalnız bir günü Aşura mərasiminin keçirildiyi günə təsadüf edir. Bütün ilboyu olan problemi bir günün üzərinə yükləmək insafsızlıq olar. İmam Hüseynin (ə) özü bu dinin öndərlərindən biridir. İmam Hüseynin (ə) həyatına, fəaliyyətinə və kəlamlarına baxsaq görərik ki, hamısında elmə, təhsilə, biliyə, ayıqlığa çağırış var və qəhrəmanlığa çağırış var. İnsanların təhsilinə çox böyük əhəmiyyət verilir.

Bu mərasimlərdə də bütün çıxışlarda ilk növbədə Quran ayələrinə istinad edilir, peyğəmbərin və dinin öndərlərinin kəlamlarına diqqət yetirilir. Bunların da hamısında elmə çağırış var. Heç bir halda bunlarda cəhalətə, nadanlığa çağırış yoxdur.

Müzakirə və mübahisəyə səbəb olacaq ittihamlardan biri bu mərasimin şiddət aşılaması ilə bağlıdır. Bu mübahisə mövzusu ola bilər, amma Aşura mərasimində belə hallar yoxdur. Bu ittihamı səsləndirənlər özləri də istinad etdikləri, qabartıqları ən böyük məsələ insanların özlərinə xəsarət yetirməsi, qılınc vurması, qan axıtması və zəncir vurmasıdır. Lakin biz dünyada Aşura mərasiminin keçirildiyi bütün halları gözümüzün önünə gətirsək, görərik ki, bunların heç birində belə hallar müşahidə edilmir, belə bir hallara rast gəlinmir. Hardasa varsa da, nadirdir. Bu nadirlərin üzərində fikir bildirmək yanlışdır. Azərbaycanın özündə 2000-dən çox məscid var. Bu 2000-dən yuxarı olan məscidin deyək ki, 1500-də Aşura mərasimi keçirilir. Bu 1500-ün hansında belə hallar mövcuddur? Hansında belə halları görmək olar? Yenə deyirəm hardasa baş yara və yaxud qılınc vurma halı varsa, bu da məqsədyönlü şəkildə edilmişdir, yoxsa ki, bu mərasimin tərkib hissəsi deyil. Əgər kimsə də bunu mərasimin tərkib hissəsi olan ayinlərdən hesab edərək yerinə yetirirsə bu da faiz etibari ilə çox azdır. Təsəvvür edinki, 1-in 1500-ə olan nisbəti yox dərəcəsində olan bir şeydir. O 1-in 1500-ə nisbətində yox olan bir şey üzərində bütövlükdə mərasimi ittiham etmək yanlışdır.

Bu mərasimin özünün bir hüzn qaydası var. Düzdür, şəhidlik əslində böyük qürur mənbəyidir, fəxr ediləcək bir məqamdır. Amma bu, faciə üzərində qurulmuş bir məqamdır. Bunu artıq toy-bayramla keçirmək olmaz ki! Bəli hüznün içində olacaq fəxr, hüznün içində olacaq qürur, hüznün içində olacaq bayram... Amma hüzn yerində qalacaq. Bu hüznün də keçirilmə qaydası var və bizim bütün dahilərimizin bununla bağlı mərsiyələri, nohələri, sinəzənləri var. Maarifləndirici mərsiyələrin oxunması ilə müşahidə edilən sinə vurmaq və diz vurmaq bu mərasimin sadəcə xarakterinə uyğun bir şeydir. Bunu şiddət aşılayan bir vasitə kimi təqdim etmək yanlışdır və insafsızlıqdır.

Famil Burxanoğlu