21 Noyabr 2024 - 21
Kərbəla torpağı Kəldanilərin mülklərindən biri olmuş,onlardan sonra Sasanilərin hakimiyyəti altına keçmişdir. Bəziləri deyirlər ki, bu ərazi xristianların ibadət yeri olmuşdur.
Hicrətin 36-cı ilində Əli (ə) Siffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi: "Xoş olsun bu torpağın halına ki, bəziləri bu torpaqdan behiştə gedəcəklər!" Kərbəla ərazisi hələ qədim zamanlardan – İsadan (ə) da qabaq yaşayış məskəni olmuş, orada insanlar yaşamışlar.
Elə həmin vaxtlardan Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşirdi. Həmin məntəqədə Nəvaris, Qaziriyyə, Neynəva adında, həmçinin Şam şəhəri ilə Fərat çayı arasında bir neçə kənd olmuşdur.
Kərbəla torpağının bir sıra başqa adları da olmuşdur:
Şatil-Fərat, Niyrə, Qudsiyyə, Ərzullahi-muxtar (Allahın seçdiyi yer), Hair və Tif.
"Kərbəla" sözünün mənşəyi, məna və adları:
Qazi Nurullah Dustəri və bəzi digər alimlər "Kərbəla" sözünün "Kərbələh"dən alındığını qeyd edirlər. Kərbələh üçün də üç məna sadalayıblar:
1. Süstlük. Çünki Kərbəla torpağı sabit iqlim şəraiti olan bir yerdə olub.
2. Buğda və digər dənli bitkilər daş və digər artıq şeylərdən təmizləmək. Kərbəla torpağı da daşsız-kəsəksizdir.
3. Həmin torpaqda çox bitən bir otun adıdır.
Bəziləri bu kəlmənin "kərb" və "bəla" kəlmələrindən mürəkkəb olduğunu ehtimal edir. Bu iki sözün də mənası qəm-qüssə deməkdir.
İmam Hüseyn (ə) sual etdi ki, bu torpağın adı nədir?
Dedilər: "Kərbəla". Həzrət buyurdu: "Allahım! Bəla və qəm-qüssədən sənə pənah aparıram".
Deyirlər ki, Həzrət Nuh (ə), Musa (ə), İsa (ə), İbrahim(ə), İsmayıl (ə), həmçinin yerə endikdən sonra Adəm (ə) Kərbəladan keçiblər. Onlar hər zaman bu torpaqdan keçərkən xeyli çətinliklərlə üzləşərmişlər. Bunun səbəbini soruşanda, cavab olaraq eşidərdilər ki, sonuncu peyğəmbərin nəvəsi bu torpaqda qətlə yetiriləcək.
Kərbəla torpağı mənbəyini Fərat çayından götürən Hüseyniyyə çayının qərb tərəfində yerləşir.
Kərbəla torpağı İraqın ən məhsuldar torpağı olmaqla, hər növ əkinçilik üçün əlverişlidir.
ebedinur.info