22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Müslim ibn Əqilin gizləndiyi yerin aşkarlanması
02.05.2018

Kufənin vəziyyəti çox sadəliklə İbn Ziyadın xeyrinə dəyişdi! Onun göndərdiyi casus Müslimin gizləndiyi yeri aşkarladı və öz gözləri ilə gördü ki, şiə başçıları həmin yerə get-gəldədir. (Münafiq bu baxımdan kafir və müşrikdən daha təhlükəlidir.) Təəccüb etməyin ki, İbn-Ziyadın qulamı verilən tapşırığı belə asanlıqla yerinə yetirdi. Qulam Müslimlə şiə başçıları arasında keçirilən gündəlik iclaslarda iştirak etməyə nail oldu. O məclisdən çıxan kimi orada baş verənləri İbn-Ziyada çatdırırdı.

İbn Ziyad gələn xəbərlərin təkrarlandığını anladıqda Məhəmməd Əşəs və Əsma ibn Xarəcəyə dedi: "Nə üçün Məzhəc qəbiləsinin başçısı Hani bizimlə görüşə gəlmir?"

Dedilər: "Deyirlər ki, xəstədir."

İbn-Ziyad dedi: "Yox, mən eşitmişəm ki, evdə oturur. Evdə oturub gələnlərlə görüşə bilən kəs ata süvar olub bizim yanımıza da gələ bilər! Gedin onu gətirin, görüm halı necədir."

Özləri Məzhəc qəbiləsindən olan və Hani ilə qohumluq əlaqələrinə malik olan Məhəmməd və Əsma Haninin yanına gedib dedilər: "Sənin saraya gəlməməyin İbn-Ziyadı şübhəyə salar."

Hani dedi: "Mən qocalmışam və halım yaxşı deyil."

Dedilər: "Gəlməyin lazımdır."

Hani dedi: "Siz zamin durursunuzmu ki, mənim üçün çətinlik yaratmayacaq?"

Dedilər: "Bəli, biz zaminik ki, heç bir hadisə baş verməyəcək." Hanini İbn-Ziyadın yanına gətirdilər.

Adamlar gedəndən sonra İbn Ziyad Haniyə dedi: "Nə üçün evində bizim düşmənə sığınacaq vermisən?"

Hani dedi: "Ey əmir! Bu nə sözdür?"

İbn-Ziyad casus qulamı çağırdı. Hani fədakar şiə bildiyi qulamı casus libasında görüb yerində dondu! O özünü xilas etmək üçün dedi: "Mənim təqsirim yoxdur. Sən Kufəyə gələn gecə Müslim mənim evimə gəldi. Mən qəbilə başçısıyam və xüsusi ilə Haşimi bir qonağı qəbul etməyə bilmərəm. Bu səbəbdən də onu qəbul etdim. Əgər sən razı deyilsənsə, ona deyim çıxıb getsin."

İbn Ziyad dedi: "Yox, sən onu əli bağlı təhvil verməlisən."

Hani dedi: "Bu düzgün olmaz. Mənim öz qonağımı əli bağlı onun düşməninə təhvil vermək alçaqlıq olar!"

İbn Ziyad dedi: "Amma sənin başqa çarən yoxdur, günahlarını yumaq üçün onu təhvil verməlisən."

Hani dedi: "Belə bir iş görə bilmərəm." Müslim ibn Əmr Bahili

İbn-Ziyada dedi: "Ey əmir! İcazə ver Hani ilə mən danışım." O Hanini bir kənara çəkib dedi: "Sən bilirsən ki, İbn-Ziyad mərhəmətsiz bir adamdır. Müslimi ona təhvil ver, onlar əmioğludurlar və İbn Ziyad Müslimə heç nə etməz."

Hani dedi: "Yox, mən bilirəm ki, o Müslimi öldürəcək."

İbn Ziyad dedi: "Yaxına gəlin. (Üzünü Haniyə tutub dedi) Müslimi bizim yanımıza gətirirsənmi?"

Hani dedi: "Heç vaxt!"

İbn Ziyad dedi: "Sən özün də öldürüləcəksən."

Hani dedi: "Hər halda mən belə bir alçaqlıq etməyəcəyəm."

İbn-Ziyad dedi: "Onu mənə yaxın gətirin." İbn-Ziyad əlindəki ağacı Haninin başına endirdi. Haninin burnu sındı, alnı parçalandı. Hani gözətçilərdən birinin qılıncına əl atdı.

İbn-Ziyad dedi: "Bir halda ki, bizi qətlə yetirmək istəyirsən, qanın bizə halaldır."İbn-Ziyad göstəriş verdi ki, onu zindana atsınlar.

Əsma ibn Xarəcə fəryad çəkib dedi: "Əmir! Ey hiyləgər! Sən bizə dedin ki, onu gətirin, biz də onu arxayın etdik."

İbn Ziyad dedi: "Qələt etdiniz ki, arxayın etdiniz."

Əsma dedi: "Nə üçün onu vurdun?" Sonra Əsma sarayı tərk etdi. O baş vermiş hadisəni Məzhəc qəbiləsinə xəbər verdi. Yubanmadan dörd min süvari sarayı mühasirəyə aldı. Onlar dedilər: "Biz Yəzidin hakimiyyətinə qarşı deyilik, amma başçımız nahaq yerə zindana salınıb. Biz onu xilas etmək üçün gəlmişik."

İbn-Ziyad göstəriş verdi ki, Şüreyh qazini gətirsinlər. O Şüreyhə dedi: "Get Haninin sağ olduğunu gör və bunlara xəbər gətir. Qoy dağılıb getsinlər." Şüreyh Haninin yanına daxil olub onu qan içində gördü.

Hani dedi: "Mən qəbiləmin səsini eşidirəm. Get onlara de ki, bu şəxs məni öldürmək istəyir. Nə qədər ki, məni təhvil almayıblar, buranı tərk etməsinlər. Amma İbn Ziyadın nümayəndəsi Şüreyhin yanında olduğundan Məzhəc qəbiləsinə belə dedi: "Səs salmayın. Mən Hanini gördüm, o sağdır. Onunla əmir arasında mübahisələri var və özləri həll edərlər." Şüreyhin sözündən sonra qəbilə dağılıb getdi. Amma Haninin vurulması Müslimə çatdıqda o şiələrə qiyam göstərişi verdi.

Əli Əsğər Hərəndi