23 Noyabr 2024 - 23
Sual Niyə hər il İmam Hüseynə (ə) əzadarlıq edirik?
Cavab: Peyğəmbəri-Əkrəm (s) və pak imamların zamanından dini öndərlər Hüseyn ibn Əlinin adının diri qalması və onun müsibətinin hər il təzələnməsi barədə təkidlə göstəriş vermişlər. Niyə? İslamda bu nə göstərişdir?! Niyə imamlar mövzuya bu qədər əhəmiyyət verirdilər, niyə Hüseyn ibn Əlinin ziyarətinə bu qədər rəğbət və istək vardır? Bu niyələrə diqqət olunmalıdır. Bəziləri deyə bilər ki, həzrət Zəhraya təsəlli olsun - deyə belə etmişlər. 1400 ildən sonra da həzrət Zəhranın təsəlliyə ehtiyacı olması gülməli söz deyilmi? Halbuki, İmam Hüseynin özünün dediyinə və dinin zəruri hökmünə görə, İmam Hüseyn (ə) şəhid olduqdan sonra, Zəhra ilə bir yerdədir. Bu nə sözdür? Məgər həzrət Zəhra uşaqdır ki, 1400 ildən sonra da baş-gözünə vura ağlaya və biz də gedib ona başsağlığı verək? Elə dini xarab edən bu cür sözlərdir. Hüseyn (ə) İslamın əməli məktəbini təsis etdi. O, İslam qiyamlarının əməli nümunəsidir. Onlar Hüseynin məktəbinin yaşaması üçün və ildə bir dəfə Hüseynin (ə) öz şirin, uca və qəhrəmanlıq doğuran sözləri ilə zühur etməsi xatirinə bu hadisənin yaşamasını istəyir və ona israr edirdilər. İstəyirdilər ki, Hüseyn (ə) fəryad edərək desin:"Haqqa əməl olunmadığını, batil şeylərin inkar edilmədiyini görmürsünüzmü? Belə bir halda mömin həqiqi olaraq Allahın görüşünə can atmalıdır."
Onlar istəyirdilər ki, "Ölüm biabırçı həyatdan yaxşıdır" şüarı həmişə diri qalsın. İstəyirdilər ki, "Səadəti ölümdə, biabırçılığı isə zalımlarla birgə yaşamaqda görürəm" şüarı həmişə diri qalsın. İstəyirdilər ki, Hüseynin başqa sözləri:
"Ölüm, Adəm övladına boyunbağı qızın boynuna biçilən kimi biçilmişdir."
"Zillət bizdən uzaqdır" və bu kimi başqa sözləri diri qalsın. İstəyirdilər ki, Hüseyn (ə) özü və ailəsi tərəfdən olan çətinliklərinə baxmayaraq 30 min nəfərin qarşısında dünyanın görmədiyi bir mərdliklə dayanaraq bunları söyləsin. İstəyirdilər ki, Hüseyn məktəbi, təlim-tərbiyəsi diri qalsın, onun ruhundan bir şölə bu ümmətin ruhuna hoparaq parlasın. Bu istəyin fəlsəfəsi də çox aydındır.
Şəhid Mürtəza Mütəhhəri