22 Noyabr 2024 - 22
İbn-Ziyad tərəfindən xəbər gəldi ki, Əmir Şəriki yoxlamaq istəyir. Şərik Müslimə dedi: "Bu gecə ibn Ziyad məni görməyə gələcək. Mən su istəyən vaxt sən qəfildən daxil olub onu qətlə yetirərsən. Oradan hərəkət edib, şiələri xəbərdar edər və sarayı tutarsan. İş başa çatar, sonra Hüseyn də gələr. Bu iş sənin xeyrinədir və məsələni sona çatdırır." Cənab Müslim Haninin mənzilinin anbarında gizləndiyi vaxt ibn Ziyad qulamı Mehran ilə Haninin evinə daxil oldu.
O Şərikin yatağının kənarında əyləşdi və halını soruşdu. Şərik dedi: "Görürsən ki, halım yaxşı deyil, ciyərim yanır. Mənə su verin!" Onun üçün su gətirdilər. Sudan bir qədər içdi. İkinci dəfə su istədi. Yenə su gətirdilər. Sonra Şərik pərdə arxasındakı Müslimə işarə ilə bir şer oxudu. Şerdə deyilirdi ki, nə üçün məni intizarda saxlamısan? Mehran İbn-Ziyadın ayağına vurub dedi: "Əmir, ayağa qalx, burada qurğu var." İbn-Ziyad bayıra çıxdı. İbn Ziyad getdikdən sonra Müslim otağa gəldi. Şərik soruşdu: "Yoxsa mənim səsimi eşitmədin?" Müslim dedi: "Eşitdim." Şərik Müslimin nə üçün hücum etməməsinin səbəbini soruşdu. Müslimin ona cavabı haqqında fərqli rəvayətlər var. Bəzi rəvayətlərdə bildirilir ki, Müslim Şərikə dedi: "Haninin arvadı xahiş etdi ki, evində qan tökməyim. Mən qadının istəyini yerinə yetirdim." Hani dedi: "Bu qadın özünü, məni və qövmünü zəlil etdi." Digər bir rəvayətdə Müslimin dilindən belə nəql olunur: "Peyğəmbərdən eşitmişəm ki, müsəlman şəxs kimsəni qəfildən öldürməməlidir." Şərik gülümsündü və dedi: "Əgər onu öldürsəydin, əmin ol ki, hiyləgər, kafir və zalım bir fərdi öldürmüş olardın."
İbn-Ziyad Şərikin ölümündən sonra məsələdən xəbər tutdu və dedi: "Əgər Ziyadın qəbri İraqda olmasaydı, Şərikin qəbrini xaraba qoyar, bədənini yandırardım. Mən onunla dost idim. Amma o məni ölümə vermək istəyib!" İbn-Ziyad bütün hiyləgərliyinə və güclü təşkilata malik olmasına baxmayaraq, Müslimin gizləndiyi yeri tapa bilmədi. O zirək və casus qulamlardan birini çağırıb dedi: "İstədiyin qədər pul verəcəyəm, Müslimin gizləndiyi yeri tap." Qulam bu işi necə görəcəyi haqqında soruşdu. İbn-Ziyad dedi: "Məscidə get, şiələrlə ünsiyyət qur, özünü gəlmə kimi göstər. Əhli-beytə sevgini göstər, de ki, imamın nümayəndəsinə xüms vermək istəyirəm."
Qulam bir neçə gün məscidə get-gəl etdi, daim ibadətlə məşğul oldu. Qulam hiss etdi ki, məscidin bir küncündə oturan qoca ilə çoxları təmasda olur. Bu şəxs Müslim ibn Ovsəcə, şiə döyüşçülərindən biri idi. Qulam ona yaxınlaşıb salam verdi və dedi: "Mən Şam əhliyəm, əhli-beyt aşiqiyəm. Eşitmişəm ki, imamın nümayəndəsi Kufədədir. Ona veriləsi mal var. Bir halda ki imamın nümayəndəsi buradadır, ixtiyarımda olan malı ona çatdırmaq istəyirəm. İmkan olsa bu malı ona çatdırın. Amma qəlbimdən keçir ki, bir gün imamın nümayəndəsini görüb ona beyət edim." Müslim ibn Ovsəcə 300 dirhəmlik məbləği qulamdan alıb bu işlərə məsul olan Əbu Səmamə Saidiyə verdi və dedi: "Bu şəxs imamın nümayəndəsini görmək istəyir." Bu hadisədə bütün dünya inqilabçıları üçün böyük bir dərs var. İnqilabi hərəkatda bir çox işlər məxfi qalmalıdır. Bir şəxs tam şəkildə tanınmamış ona inqilabın sirrini vermək olmaz. Beləcə, qulamı Müslim ibn Əqilin yanına apardılar.
Əli Əsğər Hərəndi