21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) qəbrinin bərpası və dəfələrlə dağıdılması
11.05.2018

Şeyx Tusinin "Əmali" kitabında yazdığı rəvayətlərdən anlaşılır ki, Əməvilərin hakimiyyəti zamanında İmam Hüseynin (ə) qəbrinin üzərində Muxtar və onun dostlarının düzəltdikləri bir sıra qəbirüstü nişanələr mövcud olmuşdur. Bu nişanələr hicrətin 64-cü ilindən 72-ci ilinə qədər qorunmuşdur.

İmam Hüseynin (ə) ziyarətinin keyfiyyətini bəyan edən hadisələrdən anlaşılır ki, bəni-Üməyyə hakimiyyətinin axır dövrlərində o Həzrətin qəbrinin üstündə bəzi tikililər və məscid mövcud olmuşdur. Abbasi xəlifələrinin, xüsusən də birinci Abbasi xəlifəsi olan Səffahın zamanında vəziyyət bir az da yaxşılaşdı, təmir işləri həyata keçirildi. Baxmayaraq ki, həm bəni-Üməyyənin, həm də Abbasilərin dövründə həzrətin qəbrinin dağılması və zülm halları baş vermişdir. Məsələn, Harun ər-Rəşid ziyarətə gələnlərə əziyyət verərdi. Hətta yadigar kimi saxlanılmış Sidr ağacını kəsdirib, həzrətin qəbrinin yerini şumlatdırdı, bilinməsin deyə ətrafdakı tikililəri dağıtdı.

236 hicri ilində Mütəvəkkil Abbasi də həzrətin qəbrinin yerini şumlatdırıb, oraya su buraxdırdı, amma möcüzə baş verərək su qəbri dağıtmadan kənardan axdı. Həmin miqdar, yəni suyun kənara çəkildiyi hissə Hüseynin (ə) məzarı hesab olunur ki, namaz qılan həmin yerdə namazını qəsr və ya tamam qılmaqda ixtiyar sahibidir. Amma bəziləri bu hökmü oradakı məscidə, bəziləri də bütün Kərbəlaya şamil edirdilər.

Qəmqamın tarixi və Şeyx Tusinin "Əmali" kitabında qeyd edilir ki, Mütəvəkkil Abbasi öz hakimiyyəti zamanı həmin vəhşi əməlini 17 dəfə təkrarlamışdır. 247-ci ildə həccə gedən Əbdullah ibn Rabiyə Turi deyir: "Mən həccdən qayıdarkən ziyarət məqsədilə Kərbəlaya getdim, amma İmam Hüseynin qəbri-şərifindən heç bir əsər-əlamət görmədim. Oranı tamamilə su basmışdı.Öz əsamla nə qədər axtarsamda qəbri tapa bilmədim."

Mütəvəkkil Abbasi hicri təqvimlə 247-ci ildə şəvval ayında oğlu Müntəsir tərəfindən cəhənnəmə vasil edildi. Müntəsir şiələrlə yaxşı davranırdı. Ondan sonra hakimiyyətə Əzudud-dövlət Deyləmi gəldi və o da ehtiramla davranaraq qəbrlərin əvvəlki vəziyyətini bərpa etdi. 371-ci ildə qəbrlərin üzərində gümbəzlər tikdirdi, fil sümüyündən zərih düzəltdirib İmam Hüseynin (ə) qəbrinin üzərinə qoydurdu.

767-ci hicri ilində poladdan düzəldilmiş çərbənd qəbrin üzərinə qoyuldu. Padşahların zamanında bu çərbəndlər dəyişdirilib xəzinələrdə saxlanılırdı. Şah İsmayıl Səfəvinin zamanında onun əmri ilə həmin çərbəndin oxşarları düzəldilərək İmam Musa Kazim (ə) və İmam Muhəmməd Təqinin (ə) qəbirlərinin üzərinə qoyuldu.

Hicrətin 926 və 932-ci illəri arasında altı il müddətinə çərbəndlər düzəltdirildi. Birinci həzrət Əlinin, digərini isə İmam Hüseynin (ə) qəbrinin üzərinə qoydular. Əvvəlki çərbəndlərin uzunluğu 4 metr, eni 3.1 metr, hündürlüyü isə 1.5 metr olmuşdur. Həmin çərbəndlər bu heyrətamiz işdə böyük zəhmətlər çəkmiş usta Səni Xatəmin əl işləri idi.

Hicrətin 914-cü ilində Şah İsmayıl Səfəvi Bağdadı fəth edəndən sonra Kərbəlanı ziyarət etdi. O, İmam Hüseynin (ə) zərihinin ətrafına qızıldan bəzəklər vurdurub hərəmə 12 qızıl qəndil hədiyyə etdi. Həmçinin gümüşdən düzəldilmiş bir zərihi də müqəddəs ziyarətgaha bağışladı.

932-ci ildə həmin zərihin düzəldilməsi başa çatandan sonra Şah İsmayıl bir gecə həzrətin hərəmində qalıb, oradan Hilləyə, daha sonra isə Nəcəfə getdi.

Qacarilərin zamanında İmam Hüseynin gümbəzi üç dəfə qızıl suyuna çıkilmişdir. Birinci dəfə 1207-ci hicri ilində Qacarilər sülaləsinin banisi Ağa Məhəmməd Şah Qacar tərəfindən, ikinci və üçüncü dəfə isə Fətəli Şah Qacar tərəfindən icra əmri verilmişdir. Fətəli şah 1214-cü hicri ilində gümüşdən bir zərihi də hərəmə hədiyyə etdi və o zərih indiyə qədər də qalır. Baxmayaraq ki, vəhabilər həmin zərihə ciddi zərər yetirmişlər.

Müqəddəs Kərbəla torpağına edilmiş bu vəhşi hücumlar,dağıntılar və qarətdən sonra 1232-ci hicri ilində Fətəli şah Qacar Şeyx Cəfər Kaşiful-Ğitanın köməyilə çox böyük təmir işləri həyata keçirdi. Fətəli şahdan sonra Muhəmməd Əli Mirzə də bəzi təmirlər apardı. Üçüncü dəfə isə Fətəli şah Qacarın nəvəsi Nəsrəddin şah Qacar 1273-cü hicri ilində hərəmdə zərgərlik işini həyata keçirdi.

1355-ci hicri ilində Kərbəlanı ziyarət edən Sultan Tahir Seyfəddin İsmaili əmr etdi ki, İmam Hüseynin (ə) zərihini xalis gümüşdən hazırlasınlar. Bu zərihin düzəldilməsi 1358-ci ildə Hindistanda başa çatdı və İmam Hüseynin (ə) qəbrinin üstünə qoyuldu.

http://esqseferi.info