22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura gününün qısa mənzərəsi
16.11.2017

İmam Hüseyn (ə) Aşura günündə öz silahdaşlarını əsil qoşun kimi hissələrə ayırdı. Səhabələr yekdilliklə bildirdilər ki, özləri son nəfərə kimi şəhid olmayınca, Əhli-beyt üzvlərinin döyüşə qoşulmasına icazə verməyəcəklər. Imam Hüseyn (ə) silahdaşlarından 20 nəfəri sağ cinaha təhkim edib, Züheyr ibn Qəyn Bəcəlini onlara sərkərdə qoydu. Daha 20 nəfər sol cinahda Həbib ibn Müzahir Əsədinin başçılığı altında qərar tutdu. Qalan səhabələri İmam Hüseyn (ə) qoşunun mərkəzində yerləşdirdi və özü onların sərkərdəsi oldu. Döyüş bayrağı Həzrət Əbülfəzl Abbasa həvalə edildi.


Ömər ibn Səd də öz qoşununu hərb qaydası ilə düzdü. Sağ cinahı Əmr ibn Həccaca, sol cinahı Şümr ibn Zilcövşənə tapşırdı. Süvarilərə Ürvə ibn Qeys, piyadalara Şibs (Şəbəs) ibn Rəbi başçılıq edirdi. Qoşunun bayrağını Ömər ibn Sədin qulamı Düreyd götürdü.


İmam Hüseyn (ə) silahdaşlarına tapşırdı ki, çadırların arxasında qazıb odunla doldurduqları xəndəyə od vursunlar. Sonralar döyüş gedişində düşmən bir neçə dəfə onlara arxadan hücum etmək istəsə də, xəndəyi keçə bilməyib geri döndü.


İmam savaşdan qabaq öz səhabələrinin seçilmişlərindən sayılan, Quran hafizi kimi tanınan Büreyr ibn Xüzeyr Həmdanini düşmənə moizə etmək üçün göndərdi. Büreyr qarşı tərəfə nə qədər nəsihət verib, onları Peyğəmbər övladının qanını tökməkdən çəkindirsə də, faydası olmadı. Sonra Züheyr ibn Qəyn gedib düşmən qarşısında durdu və onları düz yola hidayət etməyə çalışdı. Amma Züheyrin sözlərinə ox atmaqla cavab verdilər.


Nəhayət, Imam özü şəxsən atına süvar olub, düşmənin qarşısına çıxdı və onlara əhatəli bir xütbə ilə müraciət etdi. İmam xütbəsində buyurdu:
«Vay olsun sizin halınıza ki, bizi öz yanınıza dəvət edib kömək istədiniz; biz də tələsik halda gəldik. Amma siz bizim xeyrimizə işlədəcəyinizə and içdiyiniz qılıncı bizim əleyhimizə qaldırdınız. Bizi yandırmaqdan ötrü elə bir tonqal qaladınız ki, biz həmin alovla öz düşmənlərimizi və sizin düşmənlərinizi yandırmaq istəyirdik... Bilin ki, bu alçaq oğlu alçaq (yəni İbn Ziyad) məni iki yol qarşısında qoyub: qılınc çəkib döyüşmək və ya zillətlə yaşamaq. Lakin zillət bizdən uzaqdır. Allah, peyğəmbər, möminlər, pak nəsildən olan şəxslər bizə icazə vermirlər ki, şərəflə ölməkdən imtina edib alçaqlara baş əyək. Tərəfdarlarımın sayı az olsa da, mən sizinlə vuruşacağam. Vallahi, məni öldürəndən sonra çox yaşamayacaqsınız, bir piyadanın ata süvar olması üçün lazım olan qədər vaxtınız qalıb. Dövran dəyirman kimi başınıza fırlanır və sizi öz girdabına salacaq. Bu xəbəri atam babamdan (yəni Peyğəmbərdən) eşidib mənə çatdırmışdı. Bu sözləri dedim ki, həqiqət gizli qalmasın. İndi fikirləşin, məsləhətləşin, sonra da heç möhlət vermədən məni qətlə yetirin! Mən Allaha təvəkkül etmişəm; o, mənim də, sizin də Allahımızdır, hər şeyin ixtiyarı onun əlindədir!..»


İmam Hüseyn (ə) bir daha düşmən əsgərlərinin başçılarını adbaad çağırıb, yazdıqları dəvət məktublarını onların yadına saldı. Lakin daş qəlbli insanlar bu sözlərə nəinki etinasız qaldılar, hətta İmama elan etdilər ki, əgər Yezidə beyət etməsə, onu həlak etməyə hazırdırlar. İmam bu insanları hidayət etməyin qeyri-mümkün olduğunu görüb, öz silahdaşlarına tərəf geri döndü və döyüş üçün son hazırlıq görmələrini tapşırdı.


Düşmən ordusunun sərkərdəsi Ömər ibn Səd İmam Hüseynlə (ə) döyüşə başlamaq «şərəfini» heç kəsə verməmək üçün özü kamana bir ox qoyub Imamın dəstəsinə tərəf atdı və ucadan söylədi: «Ey əsgərlər! Əmirin (Ibn Ziyadın) hüzurunda təsdiq edərsiniz ki, Hüseynə tərəf ilk oxu mən atdım». Bundan sonra İmamın tərəfinə oxlar yağış kimi tökülməyə başladı. Düşmənin süvari və piyadaları da ilk hücuma keçdilər.


Məlum olduğu kimi, Aşura günündə Ömər ibn Sədin qoşunu bir neçə dəfə hücuma keçmişdir. İlk hücumda səhabələrin hamısı kollektiv surətdə müdafiəyə qalxdılar. Birinci hücum dəf olunandan sonra təkbətək döyüşlər başlandı. Yəni İmam Hüseyn (ə) səhabələri o dövr ərəblərinin döyüş qanunları əsasında bir-bir meydana çıxıb şücaətlə vuruşdular və şəhid oldular. Hər səhabənin şəhadətindən sonra başqası onun əvəzinə meydana çıxırdı. Günorta namazından əvvəl təkbətək döyüşlərin birinci hissəsi başa çatdı. Yezidçilər əvvəlcə sol cinahdan, sonra isə sağ cinahdan həmlə etdilər. Haqq qoşunu şücaətlə bu həmlələri dəf edib düşməni geri oturtdu. İmam (ə) öz səhabələri ilə zöhr namazını (xövf namazı şəklində) qıldıqdan sonra yenə təkbətək çarpışmalar şiddətləndi. Səhabələrin hamısı növbə ilə vuruşub şəhadətə yetdikdən sonra növbə Əhli-beyt üzvlərinə çatdı. Nəhayət, onların da şəhadətindən sonra behişt cavanlarının sərvəri İmam Hüseyn (ə) şəxsən savaş meydanına çıxdı.

(Natiq Rəhimov. "Aşura şəhidləri", 2004-cü il)