22 Noyabr 2024 - 22
Əlbəttə ki, düşmənin 30 minlik qoşunu bir dəfəyə vuruşa qatıla bilməzdi. Onlardan bir hissəsi Fərata gedən yolları qoruyurdu. 3500-ə yaxın oxçu onların keşiyini çəkirdi. Sırf meydanda vuruşa qatılan düşmən əsgərlərinin sayı 2-3 min nəfər olardı. Xüsusi ilə savaşın əvvəlində üzbəüz döyüş getdiyindən döyüşdə çox az adam iştirak edirdi. Salim Movla Ziyad ibn Süfyan və Yəssar Movla ibn Ziyad meydanda mübariz tələb etdilər. Büreyr və Həbib ayağa qalxıb meydana çıxmaq istədi.İmam buyurdu: "Siz əyləşin. Onlar sizinlə meydana çıxmaq qabiliyyətinə malik deyillər.Bəni-Kəlab tayfasından olan Abdullah ibn Əmir dedi: "Onlarla savaş üçün mənə icazə ver." Həzrət buyurdu: "Get." Bu pak şiə meydana çıxdı. Onlar soruşdular: "Sən kimsən?" O dedi: "Abdullah ibn Əmir." Dedilər: "Səndə bizimlə vuruşmaq ləyaqəti yoxdur." Bu böyük insan dedi: "Ey haramzadələr, iş o yerə çatıb ki, özünüzə tay axtarırsınız?! Ərəblərin ən alçağı sizdən ləyaqətlidir." O, düşmənlərdən birinə hücum etdi. Qarşı tərəf yerindən tərpənməmiş onu öldürdü. İkinci düşmən qılıncın bir zərbəsi ilə imamın fədakar yoldaşının bir neçə barmağını kəsdi. Sol əlinin barmaqları kəsilmiş Abdullah qılıncını sağ əlinə alıb, bir zərbə ilə düşməni ikiyə böldü! O rəcəz oxuya-oxuya imamın yanına qayıtdı. İbn Ziyad qoşununun sərkərdələri çoxluqlarına baxmayaraq öz adamlarına üz tutub dedilər: "Bilirsinizmi kiminlə vuruşursunuz? Bunlar ərəb savaşının şirləridir. Əgər siz onların qarşısına bir-bir, iki-iki getsəniz, hamınız öldürüləcəksiniz. Ona görə də əvvəlcə onların atını əllərindən alın." Bəli, savaş sübh vaxtından namərdliklə başladı. Atları oxa tutdular. Nəticədə imamın yoldaşlarının əksəriyyəti piyada qaldı. Sonra mübarizlərin başına daş və ox yağdırdılar. Bu yolla savaşın əvvəlində imamın 30-a yaxın səhabəsi şəhadətə çatdı.