21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) on bir il imamlıq dövrünü (49-60) Müaviyənin yaşadığı zamana təsadüf edir. Amma belə demək olmaz ki, imam onun yaşadığı dövürdə tam sakit qalmış və Müaviyənin bütün cinayətlərinə göz yummuşdur. Əksinə İmam Hüseynin (ə) Müaviyənin cinayətləri qarşısında susmamasına və onun bütün cinayətlərinə etiraz etməsinə ən böyük dəlilərimizdən biri imamın Müaviyyəyə yazdığı etiraz məktublarıdır. İmam öz məktublarında Müaviyyənin hökümətini müsəlmanlar üçün böyük fitnə ocağı olduğunu qeyd edərək onu doğru yola hidayət olmasını tələb edir və həmçinin İslamın böyük şəxsiyyətlərini qətlə yetirməkdə ittiham edir.
İmam Müaviyənin hakimiyyətinə çoxlu etirazlar etməklə onun xilafətinin ilahi olmadığını şübhə altına aparır və bunu tərk etməməyi özünə İlahi vəzifə bilirdi.
Amma "İmam (ə) niyə Müaviyə ilə müharibə etmir?" Sualına gəldikdə isə belə cavab verə bilərik ki," baxmayaraq ki, bu sualın cavabını İmamın (ə) söylədiklərində görmək mümkündür. Amma bunun köklü surətdə tarixi təhlillərə ehtiyacı var. biz burada o təhlillərin bir neçəsini nəzərinizə çatdıraraq mövzumuzu yekunlaşdırırıq:
A) İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülhnamə.
İmam Hüseyn (ə) Müaviyəyə yazdığı cavab məktublarının birində ona "İmam Həsənin (ə) sülhnaməsinə əməl edəcəyini və onu heç vaxt sındırmayacağını yazır.6
Amma bu sualda nəzərdən yayınmır ki, məgər Müaviyə sülhnamənin mürəkkəbi qurumamış Kufədə ona əməl etməyəcəyini elan etmədimi?Belə olan halda İmam niyə sülhnaməyə axıra kimi sadiq qalacağını söyləyir?
Bu sualı bir neçə cavabla, cavablandırmaq olar:
1)- Əgər Müaviyənin sülhnamə barəsində dediklərinə daha diqqətlə yanaşsaq, Müaviyənin sülhnaməni tamamilə etibarsız saymadığının şahidi olarıq. Müaviyə deyir:
«إنی کنت منیت الحسن أشیاء و اعطیته أشیاء»
"Mən Həsənə bir neçə şeylər vədə verdim" mümkündür Müaviyənin vədə verdiyi şeylər sülhnamənin mətninə uyğun olsun. Və ya tam əksinə olsun. Yəni bunu Maüaviyənin sülhnamə barəsində dediyi sözdən nəticə çıxarmaq olmaz. Bunu da qeyd edək ki, Müaviyə sülhnamənin mətnini batil və qeyri qanuni saymayıb.(baxmayaraq ki, tam onun əksinə əməl edib).
2) Gərəkdir ki, Müaviyə ilə həzrət Əlinin (ə) siyasətləri arasında qoyduğumuz fərqin, İmam Hüseynlə Müaviyə arasında olduğunu bilək.
Müaviyənin hakimiyyətində olan siyasəti, elə bir yoldur ki, ona hakimiyyət uğrunda hər bir çirkinliyə əl atmağa icazə verir. Tarixin səhifələrində buna olduqca çox rast gəlmək olur. Məsələn: Osmanın qətlindən öz xeyrinə istifadə etməsi, Təlhə ilə Zübeyri həzrət Əliyə qarşı çıxarması, Siffeyn döyüşündəki hiylələri, Quranın qələbəyə xatir nizələrə vurması və sair. Amma imam Hüseynin (ə) qəlbində elə bir qiymətli üsul məktəb (İslam qanunları və şiə məktəbi) var idi ki, heç vaxt onu zahiri qələbəsi üçün ayaq altına qoymazdı.
Necə ki, həzrət Əli (ə) Müaviyənin hiylələri qarşısında demişdir:
«و لن اطلب النصر بالجور»
"Mən heç vaxt hiylə və zülm yolu ilə qələbə əldə etməyə hazır deyiləm."
Bu səbəbdən İmam Hüseyn (ə) heç vaxt qardaşı İmam Həsənin (ə) Müaviyə ilə bağladığı sülhnaməyə göz yumaraq qiyam etməzdi.
3) Əgər o dövrə hakim olan şəraiti nəzərə alsaq, İmamın niyə qiyam etmədiyi daha da yaxşı aydınlaşar. Çünki, Müaviyənin hakimiyyət dairəsi olduqca geniş idi (Hicaz, Yəmən, İraq Şam və...) Bununla yanaşı başda Şam şəhəri olmaqla bütün şəhərlərdə və məntəqələrdə Müaviyənin siyasəti, dəyanəti və bir çox ona yaraşmayan fəziləti barəsində təbliğlər aparılırdı. Bundan əlavə əhli- beyt tərəfdarlarından başqa demək olar ki, müsəlmanların çoxu onun siyasətinin tərəfdarı idilər. Müaviyənin hiyləsi və bacaracağı bir həddə çatmışdır ki, o hətta həzrət Əlinin (ə) zamanında Osmanın müdafiəsinə qalxmamaqla yanaşı özünü asanlıqla xalqın arasında "mərhum xəlifənin intiqamını alan yeganə şəxs" kimi tanıtdırdı. İşi o yerə çatdırdı ki, bütün Şam xalqı onunla bərabər xəlifənin intiqamını almaq üçün səfərbər oldular. Aydın məsələdir ki, İmam Həsəni (ə) tənha qoyan və xilafətin əlindən alan bu qüdrət asanlıqla İmam Hüseyni (ə) məğlub edər və onu bütün İslam dünyasına əhdinə əməl etməyən, dindən xaric olan əqidəsində süst olan şəxs kimi tanıtdırardı. Həmçinin bütün müsəlmanların niyyətini peyğəmbər (s) ailəsinə qarşı mənfi cəhətə yönəldərdi. Bu zaman nə İmamın, nə də onun tərəfdarlarının haqq olan fəryadı müsəlmanların qulağına yetişərdi.
B) Müaviyənin şəxsiyyəti
İmamın qiyamına mane olan ikinci səbəb Müaviyənin müsəlmanlar arasında olan məqamı idi. Başda Şam əhalisi olmaqla yanaşı müsəlmanların çoxusu onu, peyğəmbər səhabəsi, "kitab vəhy" (peyğəmbərin vəhyin yazan) peyğəmbərin xanımının qardaşı, mömin bir şəxs kimi tanıyırdılar. Müsəlmanların nəzərinə əsasən Müaviyənin İslam dünyasına böyük xidmətləri olmuşdur. Bundan əlavə onun yaş baxımından İmam Həsən (ə) və İmam Hüseyndən (ə) böyük olması xalq arasında daha layiqli olmasını bildirirdi. Hətta imam Hüseyn (ə) bu barədə yazdığı məktublarda xatırlatmışdır.
V) Müaviyənin siyasətcil və hiyləgər olması
İmam Həsənlə (ə) Müaviyənin arasında sülh müqaviləsi bağlanandan sonra Müaviyə peyğəmbər (s) ailəsini aradan aparmağa çalışırdı. Hətta imam Həsəni (ə) zəhərləyib şəhadətə çatdırmağa belə nail olmuşdur.10 Amma buna baxmayaraq ilk baxışda məsələnin bu yerdə olmasını başa düşmək çox çətin idi. O peyğəmbər (s) ailəsinə qarşı olan kin- küdurətini nəinki nümayiş etdirərək biruzə vermir, əksinə zahirdə onlara məhəbbəti olduğunu əks etdirirdi. Onun İmam Həsənə (ə) və İmam Hüseynə (ə) göndərdiyi hədiyyələri buna misal vurmaq olar.
Müaviyənin bu hiyləgərliyi o, ölənə kimi davam etdi. Hətta ölüm zamanında Yezidə olan sifarişlərindən biri də bu idi ki, İmam Hüseynlə (ə) müharibə edərsə, onu qətlə yetirməsin.
Müaviyənin belə bir siyasət nümayiş etdirməsinin əsas səbəbləri bu idi ki, xalqı özünə cəlb etsin və öz xilafətinə şəri don geyindirsin. Həmçinin hədiyyə göndərməsi də bu qəbildəndir. Hətta İmamlara hədiyyə göndərərkən onlara belə yazmışdır: Mən Hindin oğluyam. Bu hədiyyələri məndən qəbul edin və bilin ki, nə məndən qabaq nə də məndən sonra belə bir hədiyyələri sizə ərməğan edən olacaq" Müaviyə bu sözü deməklə məsum İmamlara minnət qoymaq istəmişdir.
İmam Hüseyn (ə) onun cavabında minnətin yersiz olduğunu yazmış və demişdir: And olsun Allaha nə səndən qabaq nə də səndən sonra heç kəs bizdən fəzilətli cavan tapmayacaq ki, bu hədiyyələri ona versin.
Müaviyə yaxşı bilidri ki, peyğəmbər (s) ailəsi ilə açıq- aşkar düşmənçilik etmək heç vaxt nəticə verməyəcək. Əksinə o, bu əməllə xalqı özündən çiyrindirib onlara tərəf hidayət edəcək. Bundan əlavə Müaviyə, hal- hazırkı dövründə İmam Hüseyni (ə) onun hakimiyyəti, üçün ciddi xətər hesab etmirdi. Amma mövcud olan şəraitdən olduqca düzgün istifadə etmək, bu xətəri birdəfəlik və ya uzunmüddətli zərərləşdirmək istəyirdi.
Amma bunun müqabilində İmam (ə) da Müaviyənin nüfuzunun və qüdrətinin aradan getməsi və azalması üçün fürsəti əldən vermirdi. Onun bütün cinayətlərini və bidətlərini və olmayan əməlləri) müsəlmanlar arasında faş edir, ona bu barədə məktublar yazmaqla tutduğu cinayətlərdən xəbərdar edirdi.14 Həmçinin Müaviyənin ölümündən sonra Yezidə qarşı açıq- aşkar mübarizəyə qalxır. Bundan əlavə İmam (ə) yaxşı bilirdi ki, Müaviyənin və siyasəti qarşısında mübarizəyə qalxarsa, hökümətin güclü təbliği nəticəsində Müaviyə müsəlmanların nəzərində qalib çıxacaq və Müaviyənin haqq olduğunu deyəcəklər.
Q) Qiyamın şərait baxımından real olmamağı.
Baxmayaraq ki, İmam Həsənin (ə) şəhadət xəbəri yayılan kimi bəzi Kufəlilər İmama (ə) beyət etdiklərini15 və onun qiyam əmrini gözlədiklərini yazmışdılar, amma İmam (ə) onların sözlərinə məhəl qoymamışdır. Çünki, İmam (ə) Müaviyənin hakimiyyətinin qüdrət dairəsini yaxşı bilirdi. Bundan əlavə də Siffeyn döyüşündə və imam Həsənə yardımçı olmaq məsələsində Kufəlilərin vəfasızlıqlarından da xəbərdar idi. Bu səbəbdən Müaviyə ilə müharibə etməsi qalib gəlməsi mövcud olan reallıqla uyğun gəlmirdi. İmam yaxşı bilirdi ki, bu döyüşdə özünü və səhabələrini mənfi nəticə olaraq şəhid edəcəkdir. Amma Yezidlə mübarizəyə qalxan zaman- şərait bütün bu yazdıqlarımızın tam şəkildə əksinə idi.
Ələddin Məlikov