22 Noyabr 2024 - 22
Kərbəlada qeyri-bərabər döyüşdə İmam Hüseyn (ə) qarşısında dayanmış kəslərdən biri də Şimr ibn Zilcövşəndir.
Şimr vaxtilə Siffeyn döyüşündə əmirəlmöminin Əlinin (ə) ordusunda komandir olmuş və bir sıra qəhrəmanlıqlar göstərmişdir. Şimr on altı dəfə Həccə piyada getmişdir.
16 dəfə piyada Həccə getməyin nə olduğunu başa düşürsünüzmü?! Sizə desələr ki, bütün xərcini veririk piyada Həccə get, ola bilsin bir ya iki dəfə gedə bilərsiniz. Çünki həm vaxtınız böyük bir hissəsi gedəcəkdir, həm yol yorğunluğu və sair.
Amma belə bir insan Kərbəlada qaniçən, rəhmsiz, eləcə də sonuncu peyğəmbər həzrət Muhəmmədin (s) nəslinin qanını halal elan edərək İmam Hüseynin (ə) başını kəsir. Əhli-beyt qadınlarının çadralarını cırır ...
Görəsən necə oldu ki, Şimr mənfi və mənfur bir adama çevrildi?!
Bu məsələni bilmək bizlər üçün çox mühümdür. 16 dəfə Həccdə olmuş, əmirəlmöminin Əli əleyhissalamın döyüşçüsü olmuş və Siffeyn döyüşündə yaralanmış Şimr necə oldu ki, Peyğəmbər(s) övladının qatili oldu? Peyğəmbər və İmamı qətlə yetirmək küfrün axırıncı mərhələsidir.
Tarixdə belə insanlar az olmamışlar və indi də vardırlar, bundan sonra da olacaqlar. Bu bizim bu günümüz və sabahımız üçün xəbərdarlıqdır.
Şimri şümrə çevirən amillər:
1. Qarınqulu və yeyimcil olmaq, dadlı yeməklərin fikri ilə yaşamaq.
Şimr özü deyir: "Qarın mənim üçün hər şeydən əhəmiyyətlidir"
Dadlı və ləzzətli yeməkləri yemək onun üçün çox mühüm idi və belə bir yeməyi əldə etmək üçün hər şeyə əl atırdı. Hətta tarixi sənədlərə əsasən Siffeyn döyüşündə vaxtilə Peyğəmbərin (s) səhabəsi olmuş lakin bu döyüşdə özlərini bitərəf göstərən şəxslər namazlarını Əli əleyhissalamın yanında qılırdılar amma nahar vaxtı xörək yeməyə Müaviyə tərəfə gedirdilər, onlar deyirdilər: "Müaviyənin yeməkləri çox dadlı və ləzzətlidir."
Ümumiyyətlə yemək və xörəklər sizin üçün nə qədər əhəmiyyətlidir? Bu gün dadlı və ləzzətli xörək yeyəndə sabah hansı dadlı xörəyi və harada yeməyi fikirləşirsinizmi? Dadlı və ləzzətli xörək yemək üçün kilometrlərlə, bəzən on, bəzən yüz kilometrlə yol getməyə məmnuniyyətlə razısınızmı? Filan şəhərdə filan xörəyi daha dadlı bişirirlər deyə həmin şəhərə getməyə sevinclə razı olursunuzmu?
Dadlı və ləzzətli xörəklər sizin gündəlik həyatınızın birinci dərəcəli məsələsidirmi? Dostlar, qarının fikrini çəkmək, dadlı və ləzzətli xörəklərin fikri ilə yaşamaq sizə adi və kiçik gəlməsin. Bu barədə yaxşı düşünək. Xörək və yeməklərdə əsas onların böğazdan keçənə qədərdir, mədəyə çatanda heç bir fərq etmir.
Əmirəlmöminin Əli əleyhissalam bir dəfə qoyun ciyəri yemək istədi, buyurdu: "Bu ciyəri verin başqasına, mən gələn həftə yeyərəm." Gələn həftə yenə o cümləni təkrar etdi, beləcə bir il vaxt uzandı. Bir ildə sonra ciyər kabab etdi, ciyərin iyinə qonşular gəldilər ki, xoş halınıza kabab yeyəcəksiniz. Həzrət Əli əleyhissalam buyurdu: "Ciyərin hamısını Allaha xatir verin yesinlər."
Bəli, İmam Əli (ə) özü üçün qarın məsələsini həll etmişdi, buna görə də çox rahatlıqla öz yeməyindən keçə bilirdi.
Lakin Şimr xörək məsələsini həll edə bilmədi, "qarnının qulu" olaraq qaldı. Dadlı və ləzzətli xörək əsirliyi Şimri çarəsiz və aciz etdi, onun əbədi cəhənnəmlik olmasına səbəb oldu.
2. Başqasının irəli getməsinə dözümsüzlük.
Şimrin şəxsiyyyətinin tənəzzülünün ikinci səbəbi bu idi ki, Şimr heç kimin irəli getməsini, inkişafını və yüksəlməsini görməyə gözü yox idi. Kərbəlada da özünü ən böyük zənn edirdi.
Tarixi sənədlər yazırlar: "Şimr Kufədə İbn Ziyadın yanında oturmuşdu. Bu vaxt qasid Ömər Sədin məktubunu gətirdi. Məktubda yazılmışdı ki, imam Hüseyn Məkkə-Mədiyəyə və ya tam başqa bir yerə getməyə razı ola bilər. Bu zaman Şimr əli ilə kufənin valisi İbn Ziyadın yanından vurub dedi: Hüseyni buraxmaq olmaz, bizim 70 kilometrliyimizdədir, belə bir fürsət əlimizə düşüb. Buraxsaq hansı şəhərə gedəcəksə oranın başçısı olacaq...
Şimrin bu mənfi xasiyyəti Abdullah ibn Zübeyrdə də vardı. İbn Zübeyr Məkkədə İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi: Ey Peyğəmbərin (s) övladı! 12 min nəfər sizə məktub yazaraq sizi Kufəyə çağırırlar, siz isə fikirləşirsiniz. Bu qədər məktubu mənə yazsaydılar, mən çoxdan Məkkədən getmişdim.
Tarixi araşdırdıqda görürük ki, Şimr daima nüfuz sahibi olan adamların əleyhinə danışır, onları başqalarına bədnam etmək istəyir. O bədbəxtlik ruhuna malik olmuşdur.
3. Başqalarından öz xeyirinə istifadə etmək.
Şimrin üçüncü mənfi xüsusiyyəti bu idi ki, o öz gizli hədəf və məqsədləri üçün başqalarını din adı ilə aldadaraq onlardan öz xeyrinə istifadə etməyə çalışırdı. Özünün ucalması və arzularına çatması üçün başqa insanlara din dərsi keçir, onlara təkidlə tapşırırdı ki, mənə kömək etmək sizin boynunuzda bir İlahi vacibat kimidir. Şimr ona kömək etməyənləri xain, qərəzli və münafiq adlandırırdı.
Bu məsələ də tarix boyu həmişə çox mühüm bir məsələ olaraq qalmaqdadır. Bəzi insanlar, xüsusilə də siyasi yollarla öz hədəf və məqsədlərinə çatmaq istəyənlər bir çox hallardan başqa insanlardan, daha doğrusu "öz tərəfdarlarından" onları müdafiə etmələrini istəyirlər.
Vay o günə ki, öz gizli hədəf və məqsədlərinə çatmaq istəyən şəxslər namaz əhli olalar. Onlar qeyri-rəsmi şəkildə bütün insanlardan, xüsusilə də möminlərdən tələb edirlər ki, onları müdafiə etsinlər və onlardan köməklərini əsirgəməsinlər. Onları müdafiə etməyən möminlərə isə xain, satqın və münafiq damğası vururlar.
Elə Müaviyə də, Yezid də, eləcə də Mərvan və onların ardınca xəlifələlik edənlərin hamısı onlara kömək etməyi və onları müdafiə etməyi camaatın boynunda olan vacibi haqqlardan olduğunu deyiblər.
Halbuki belə rəftar tərzi həzrət Peyğəmbərin (s) və məsum imamların həyat yolu ilə tam ziddir. Kərbəlada aşura günü İmam Hüseynin dostlarının hamısı şəhid edildikdən sonra Con adlı qara qulam İmamın yanına gələrək dedi: "Ağam! İcazə verin mən də meydana çıxım, şəhid olum."
Baxın görün imam bu qara qulama nə dedi. İmam Hüseyn əleyhissalam Con adlı bu qulamın gözlərinə baxaraq buyurdu: "Ey Con, sən qayıt, bizə görə öz dünyanı təhlükəyə atma..."
Tarixin bu sətirlərinə nəzər saldıqda göz yaşlarını saxlamaq mümkün deyil. Hüseynçi bax belə olmalıdr... Yoxsa, möminlərə hədə-qorxu gəlməməlidir ki, mənim səsimə səs verməsəniz, məni müdafiə etməsəniz, mənə kömək etməsəniz xainsiniz, zalım qarşısında susursunuz, qorxaq və münafiqsiniz.
4. Başqalarını günahkar çıxartmaq, insanları təndiq edib danlamağı xoşlamaq.
Qurani-kərim pis iş görən insanların cəzalarını müəyyən etmişdir. Onların içində ən pis cəza o kəslər üçündür ki, onlar başqalarını incitməkdən, qəlb sındırmaqdan, başqalarını ittiham etməkdən, başqalarına qarşı cəsarət etməkdən qorxmurlar. Rahatlıqla insanların abırlarını aparırlar, qəlblərinə yara vururlar.
Bu pis və mənfi adət və xüsusiyyət Şimri tənəzzülə aparıb cəhənnəmlik edən dörüdüncü xasiyyətdir. O həyatı boyu qarşısında özünə maneə hesab etdiyi hər kəsə bu qəlb və abır yaraları vurub...
Şimr bu mənfi xasiyyətindən Kərbəlada dəfələrlə istifadə etmişdir. İmam Hüseyn əleyhissalamı bir neçə dəfə təhqir etmiş, söyüşlər söymüşdür. İnsanların gözü qarşısında İmama(ə) töhmət və iftiralar yaxşımışdır.
Bu dörd ən pis xasiyyətlər Şimri qəhrəman döyüşçü və dəfələrlə Həccdə olmuş şəxs məqamından endirərək cəhənnəmin dibinə sürüklədi.
Kərbəlada öz daşürəkliyi ilə imam Hüseyn əleyhissalamın sinəsinə çıxdı, imama 12 dəfə ağır zərbə vurdu, sonra imamın başını kəsərək özü ilə apardı...