22 Noyabr 2024 - 22
Bismilləhir-Rahmənir-Rahim!
Həmd olsun Allaha ki, bizlərə Məhərrəm-Səfər əyyamını dərk edib, yaşatmaq tofiqatını nəsib edib. Bunun şükürünü həyata keçirmək üçün bir ömür çalışmaq belə yetməz.
Ötən bəhsimizdə Aşuranı, Kərbəla çölündə baş verənləri anlamaq üçün Əhli-beyt (ə) məktəbinin 3 mühüm sütununu dəqiq anlamaq lazım olduğunu vurğuladıq. Ayrı-ayrılıqda Aşuranı, Kərbəlada baş verənləri götürdükdə, bu 3 sütunun arasından çıxartdıqda mənzərə tam olaraq yaranmır. Aşuranı anlamaq üçün Qədir-Xumu, Kərbəlada baş verənlərin mahiyyətini və Zühuru anlamaq lazımdır. Əhli-beyt (ə) davamçısının imanı və etiqadı bu 3 sütunla bağlıdır, ruhiyyəsi bu 3 sütundan irəli gələn məsələlərlə yoğrulub.
Aşuranı və Qədir-Xumu dərk etmək üçün nübuvvəti anlamaq lazımdır
Sözsüz ki, Qədir-Xumu anlamaq və başa düşmək üçün də öz növbəsində nübuvvəti anlamalıyıq. Çünki, Qədir-Xum baş verməsəydi, Qədir-Xumda həzrət Əlinin (ə) vilayəti, rəhbərliyi elan olunmasaydı, Qədir-Xumda Peyğəmbərdən (s) sonra da İlahi imamətin, İlahi rəhbərliyin davam etdirilməsi çatdırılmasaydı, nübuvvət (peyğəmbərlik missiyası) həyata keçməmiş qalırdı. Bu, Qurani-Kərimin öz ayəsidir. "Maidə" surəsinin 67-ci ayəsində buyurulur: "Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən..".
Allah Təala Rəsulallaha (s) xüsusi tapşırıq verir. Hətta vəziyyət bu qədər ciddi olur ki, əgər bu, baş verməsə, nübuvvət həyata keçməmiş olacaq. Bu baş verəndən sonra, Uca Allah artıq dinin kamil hala gəldiyini, İslamı din olaraq bəyəndiyini çatdırır. Bu haqda "Maidə" surəsinin 3-cü ayəsi nazil olur: "...Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun.
Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim ...". Vilayətin elanı ilə din kamala çatır və nemətlər tamamlanır. Ona görə də, Qədir-Xum günü baş verənləri anlamaq üçün gərək nübuvvət dərkimiz olsun. Nübuvvətsiz təbii ki, vilayəti anlamaq mümkün deyil. Vilayətin kökündə Besətin başlanğıcı, Məkkə dövrü, hicrət, Mədinə dövrü, təbliğatın yeni mərhələyə keçməsi və İslamın yayılma çoğrafiyası dayanır. Hətta Rəsulallahın (s) son peyğəmbər kimi gəlişini anlamaq üçün bütün öncəki peyğəmbərlərin (ə) gəlişlərindəki hədəfi, məqsədi anlamaq lazımdır. Sözsüz ki, bunları anlamağın da bünövrəsində Tövhidi (tək olan Allaha etiqad sistemini) anlamaq dayanır. Bu etiqaddan irəli gələrək biz qəbul edirik ki, Rəbbimiz elçilərini, nəbilərini bəşəriyyətə, insanlığa necə yaşamağı öyrətmək üçün göndərib.
Nəbilər (ə) niyə gəlib?
Nəbilər (ə) - İlahi peyğəmbərlər gəlməsə, bizim yaradılışımız, mövcudiyyətimiz, iradəli olmağımız, seçimli yaşamağımız mənasız olur. Çünki, bizi yaradan Allah, bizə necə yaşamağın yollarını göstərməyə bilməz. Buna görə də, nəbilər gələrək insana seçimli həyatında hansı seçimlər etməsi ilə bağlı bilgi və məlumat verir. Hədislərdən məlum olur ki, cəmi 124000 peyğəmbər (ə) gəlmişdir. Yüz iyirmi dörd min peyğəmbərin (ə) sonuncusu olan Rəsulallaha (s) Qədir-Xum günündə göylə yerin bağlantısının davam edəcəyi barədə mesaj verilir. Rəsuli-Əkrəmə (s) deyilir ki, ondan sonra yerlə göyün bağlantısı İmam Əlinin (ə) mübarək şəxsiyyəti ilə davam edəcək. Rəsuli-Əkrəm (s) vəzifələndirilir ki, insanlara, müsəlmanlara, iman əhlinə vilayətə - İlahi rəhbərliyə ehtiyaclılığın mahiyyəti çatdırılsın və vilayətə bağlantının zəruriliyi çatdırılsın. İnsanlar Rəsulallahdan (s) sonra İlahi tövsiyəsiz, köməksiz qala bilməzlər. Buna görə də, Rəbbimiz ayədə bildirir ki, əgər bu məqam insanlara çatdırılmasa, din tamamlanmamış qalacaq.
Deməli, Qədir-Xum günü olmasa, həzrət Əlinin (ə), Əhli-beytin (ə) vilayəti elan olunmasaydı, bütün yüz iyirmi dörd min peyğəmbərlərin (ə) gətirdikləri, çatdırdıqları natamam qalacaqdı. Qədir-Xumun bu dərəcədə əhəmiyyəti var. Qədir-Xum da yalnızca həzrət Əmirəlmöminin Əli (ə) ilə bağlı məsələ deyil. Qədir-Xum o deməkdir ki, vilayət, imamət və İlahi rəhbərlik davam edir. Necə ki, Rəsulallah (s) dövründə insanlar, müsəlmanlar onu İlahi imam kimi qəbul edirdi, elə də Peyğəmbərdən (s) sonra İlahi vilayət var və insanlar onu qəbul etməlidir. Belə olmasa, İslam kamil halda və nemətlər tamamlanmış halda ixtiyarımızda olmayacaq.
Hər gün vilayətin elanı günü, hər yer Qədir-Xumdur
Necə ki, hər gün Aşuradır və hər yer Kərbəladır, elə də hər gün vilayətin elanı günü, hər yer Qədir-Xumdur. Necə ki, həyatımızın hər səhnəsində "Hər gün Aşuradır, hər yer Kərbəladır" şüarına yer etmişik, elə də "Hər gün vilayətin elanı günü, hər yer Qədir-Xumdur" şüarı həyatımızda öz əksini tapmalıdır. Biz hər gün yerlə göyün bağlantısına beyət etməliyik. Həm nəzəri, həm də praktiki olaraq hər günümüzdə Qədir-Xum yer almalıdır.
Axırıncı İmamın - həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f) zühurunun intizarında olanın - Zühur müntəzirinin mükəlləfiyyətlərinin bünövrəsində iki mühüm rəng var. Biri Qədir-Xumda vilayətə mərifət, o biri isə Aşurada vilayətə əməli şəkildə sahib çıxmaqdır. Qədir-Xum - vilayətə mərifətin olması, vilayətin dərki, vilayətin təsdiqidirsə, Aşura - vilayətə əməli şəkildə bağlantıdır. Müntəzir üçün bunun əhəmiyyəti ondan ibarətdir ki, Mövla (ə.f) zühur edəndə Allahın razı olduğu təlim, Allahın razı olduğu durum yer üzərində bərqərar olacaq. Mövlanın (ə.f) zühuru ilə Qədir-Xumda elan olunmuş din - nemətləri tamamlanmış, kamala çatmış və Allahın razı olduğu din yer üzərində bərqərar olacaq.
Aşura ilə Qədir-Xumun ciddi fərqi
Aşura ilə Qədir-Xumun oxşarlığı çoxdur. Hər ikisinin mahiyyətində İlahi vilayət dayanır. Amma, bunların arasında fərq də çox ciddidir. Birində İlahi vilayətə beyət edənlərin kəmiyyəti çox olur, keyfiyyəti az olur. Qədir-Xumda çox adam vilayətə beyətini iqrar edir, amma az adam bu əhdə vəfalı qalır. Aşurada isə kim gəlirsə, sona qədər qalır. Kərbəla qəhrəmanlarından, İmam Hüseynin (ə) ardıcıllarından kim o həzrətin dəstəsində olursa, axıra qədər qalır. Qədir-Xumda gələnlər elə bilirdilər padşahlıq olacaq və onlar da padşahlıqdan bəhrə aparacaqlar, burada imtiyazlar, məqam olacaq və onlar də adlarını indidən həmin dəftərə yazdırmaq istədilər. İkincidə - Aşurada isə dəqiq bilirlər ki, Yezid (lən) hakimiyyətə necə gəlib, gözəl bilirdilər ki, məlun Yezid kimdir, nəkarədir, onun zülmü hamıya məlum idi. Atası Müaviyyəni (lən) də hamı yaxşı tanıyırdı. Oğlu atasından da bərbad vəziyyətdə idi. Müaviyyə (lən) heç olmasa vilayi ruhiyyənin yaşaması üçün zahirdə kiçik nəfəslik qoymuşdu. Yezid (lən) isə heç nəfəslik də qoymur, hamını qılıncının altından keçirtmək istəyir.
Bu yerdə İmam Hüseyn (ə) bunun mümkünsüzlüyünü elan edir. İmam Hüseynin (ə) o məluna beyət etməsi, Yezidin (lən) qılıncın altından keçməsi - İslamın "fatihə"sinin verilməsi demək olacaqdı. Əba Əbdillaha (ə) qoşulanlar da bunu bilirlər. Bilirlər ki, Əba Əbdillah (ə) elə bir yola çıxıb ki, bu yolun sonu şəhadətə gedir. Onlar yola çıxarkən öz qanları ilə Rəbblərinə bəndə olmaqlarına imza atmağa çıxmışdılar. İslamı Qiyamət gününə qədər sığortalamaq üçün onlar yola çıxmışdılar. Qədir-Xumla Aşuranın ən ciddi fərqi məhz budur.
Böyük İslam alimlərindən birinin təbiriycə desək, əslində Qədir-Xumun müsibəti bu mənada Aşura müsibətindən daha da çoxdur. Həzrət Əlini (ə) evində xanənişin (evdən bayıra çıxmayan) etdilər, haqqını qəsb etdilər. Amma əvvəl çoxluq onun yanında idi. Amma Əba Əbdillahın (ə) yanında şəhadət yoluna çıxan zaman kimlər var idisə, sonadək o Həzrətlə oldular.
İmamını tanımadan ölən cahiliyyət ölümü ilə ölər
Zühurun da Qədir-Xumla bağlantısına toxunduq. Bu bağlantı - mərifəti bağlantıdır, dərketmə bağlantısıdır. Zühur dönəmində bərqərar olacaq Allahın razı olduğu din - vilayi bünövrəli din olmalıdır. Çünki, İslam məhz o zaman Allahın razı olduğu hala gəlib çatıb.
Aşura ilə Zühurun əlaqəsinə dair isə dedik ki, Aşura günündə Həzrət İmam Huseynin (ə) ardıcıllarının İmamlarını (ə) tanıdığı, müdafiə etdiyi, vəlilərinin yolunda qanlarını tökməyə qədər getdiyi kimi, Zühur dönəminin müntəzirləri də Həzrət Mehdi Sahibəz-Zaman (ə.f) ilə bağlı bu həddə çatmalıdırlar. Əgər müntəzirlər o həddə çatsa, artıq hər şey qaydasında olar.
Əziz İslam Peyğəmbəri (s) buyurur: "Kim İmamını tanımamış ölsə, cahiliyyət ölümü ilə ölüb". Digər yerdə Rəsulallah (s) buyurur: "Kim İmamı olmasa ölsə, cahiliyyət ilə ölüb".
Həzrət Əmirəlmöminin (ə) buyurur: "İmamət - ümmətin işlərinin nizamıdır". İmamət olmasa, ümmətin işləri qaydaya düşməz. İmamı (ə) tanımasaq, bu dünyadan cahiliyyət dönəminin insanı kimi gedərik. Bu, hər zamana birbaşa aid olan məsələdir. Namaz qıl, oruc tut, amma vilayət ruhiyyən olmasın - bu vəziyyət insanı cahiliyyət durumundan çıxartmayacaqdır. Birinci cahiliyyəti Rəsulallah (s) aradan apardı. İkinci cahiliyyəti isə əziz Zəmanə Sahibi (ə.f) aradan aparacaq. Birinci cahiliyyət dövrünün bütləri canlı deyildi və təhlükələri özlərindən birbaşa gəlmirdi. Zamanın bütləri, modern bütləri isə özləri canlıdırlar, özləri təşkilatlanıblar, təsisatlanıblar.
İmam Huseyn (ə) Kərbəlanı belə tanıdır
Məhərrəm-Səfər əyyamının önəmli günlərini geridə qoyduq. Məhərrəmin əvvəl günlərinin əsas nöqtələrindən biri budur ki, Əba Əbdillah (ə) öz eşq karvanı ilə Kərbəlaya çatır. Buyuruşlarda var ki, Əba Əbdillah Kərbəla torpağına məhərrəm ayının 2-də çatır. Buyurulur ki, İmam Huseyn (ə) öz səhabələri ilə yol gedirdilər ki, bir məntəqəyə çatdılar. Orada yaşayan bir dəstə insandan bu məntəqənin adını soruşdular. Onlar "Şəttun-fərat" cavabını verdilər. Həzrət (ə) buyurdu: "Bu məntəqənin bu addan başqa adı da varmı?" Cavab verdilər: "Kərbəladır". İmam Huseyn (ə) buyurdu: "Allaha and olsun ki, bu torpaq kərb və bəla torpağıdır". Sonra buyurdu: "Bu yerin torpağından mənə bir ovuc verin". Sonra torpağı alıb iylədi və yaxasından bir qədər torpaq çıxararaq buyurdu: "Bu, həmin torpaqdır ki, cənab Cəbrayıl (ə) Allahın tərəfindən cəddim Rəsulallah (s) üçün gətirərək deyib ki, bu torpaq - Hüseynin (ə) torpağındandır". Sonra o torpağı yığaraq buyurdu: "Hər iki torpağın eyni ətri var".
Həzrət Peyğəmbərin (s) səhabəsi cənab Salmanın (r.ə) Kərbəlaya gəlişi
Çox nurani nöqtələrdən biri budur ki, Həzrət Peyğəmbərin (s) səhabələri də Kərbəlanı tanıyardılar. Cənab Salman (r.ə) Əmirəlmöminin (ə) tərəfindən məmuriyyət alaraq Mədainə yollanmışdı. Salmanın (r.ə) xüsusi bir cəhəti var idi ki, miniyə bütün yolu minməzdi. Bir miqdar gedərdi, sonra həmin miqdarda piyada gedərdi. Növbəti yerə çatdılar ki, miniyə mindi və yoluna davam etmək istədi. Elə bir miqdar hərəkət etmişdilər, yol yoldaşları gördülər ki, Salman (r.ə) aşağı enir. Tam özünü itirmiş, heyrət halında torpağın üstünə özünü atdı və yeri qucaqladı. Göz yaşları sel kimi axırdı. Salmanla gedən müsəlmanlardan biri nəql edir: "Kərbəla adlnan yerə çatdığımız vaxt Salman həmin yerin adını soruşdu. Bildirdik ki, bu yer Kərbəla adlanır. O dedi: "Bəli, bu yer mənim qardaşlarımın qətlə yetiriləcəyi məkandır. Bax bura xeymələrin qurulacağı, bura isə dəvələrin duracağı yerdir. Bax, burada isə onların qanları axıdılacaq", - deyə ayrı-ayrı məhəllələri göstərdi və sözünə davam etdi: "Keçmişin görkəmləri insanları bu yerdə qətlə yetirilmişdir. Gələcəkdə də bir çox görkəmli insanlar bu yerdə qətlə yetiriləcək". Kufəyə çatdığımız vaxt soruşdu ki, bu yer necə adlanır. Cavab verdik ki, Hərura. Buyurdu: "Keçmiş ümmətlərin ən pisləri bu yerdən çıxıb. İndi də ümmətin ən pisləri bu yerdən çıxasıdır". O, Nəhrivan şeyxlərini, xəvaricləri, təkfirçiləri nəzərdə tuturdu.
Allahım, bizlərə tövhidi, nübuvvəti və imaməti kamil şəkildə dərk etməyi nəsib et!
Allahım, bizləri həqiqi müntəzirlərdən qərar ver!
Allahım, aqibətlərimizi Əhli-beytə (ə) layiq et!
Allahım, torpaqlarımızın işğaldan azad olunmasını nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu