22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Bənzərsiz örnək və həmişəyaşar nümunə
28.05.2018

Böyüklərə bənzəmək və övliayalara mənsub olmaq zirəklərin işidir. Hər kəs bir örnək istəyir, bir nümunəni və idealı izləyir. Lakin örnək tapmaqda hamı düzgün yolu seçmir. Xalqlar üçün örnək çox əhəmiyyətli məsələdir. Siz baxın, müxtəlif xalqların hansısa bir şəxsiyyətində bir əzəmət damlası mövcud olsa, onu mütləqləşdirirlər, böyüdürlər, adını əbədiləşdirirlər; ona görə ki, nəsillərinin ümumi hərəkətini istədikləri istiqamətə yönəltsinlər. Bəzən həqiqi şəxsiyyətləri olmur, amma dastanlarda, şeirlərdə, müxtəlif milli əfsanə və miflərdə olanları ortaya qoyurlar. Bunların hamısı ondan irəli gəlir ki, xalqlar öz daxilindən böyük nümunələr görməyə ehtiyaclıdırlar.

Dünyada bəzi adamlardan "hansı şəxsiyyət sizi özünə cəlb edir" - deyə soruşsanız, ömürlərini nəfsə itaətdə keçirən və yeganə hünərləri yalnız qafillərin xoşuna gələn, kiçik və qafil insanları bir neçə anlıq əyləndirən kiçik, dəyərsiz və əskik insanları göstərəcəklər.

Allah övliyalarının ən böyük xüsusiyyəti budur: onlar o qədər şücaətli, güclü və qüdrətlidirlər ki, öz nəfslərinin hakimi ola bilirlər, nəfslərinə əsir olmurlar. Qədim filosof və həkimlərdən biri barəsində deyilənə görə, Makedoniyalı İsgəndərə dedi ki, sən mənim qullarımın qulusan. İsgəndər təəccübləndi və qəzəbləndi. Dedi ki, qəzəblənmə, sən öz şəhvətinin və qəzəbinin qulusan; bir şeyi istəyəndə dözmürsən, bir şeyə əsəbiləşəndə dözmürsən; bu, şəhvət və qəzəb qarşısında köləlikdir. Halbuki şəhvət və qəzəb mənim köləmdirlər. Bu əhvalat doğru, yaxud həqiqətdən uzaq ola bilər. Lakin Allah övliyalarına, peyğəmbərlər və bəşərin ilahi hidayət yolunun bələdçiləri barəsində doğrudur. Onun nümunələri Yusif, İbrahim və Musadır. Allah övliyaları arasında da çoxlu nümunələr vardır. Ən zirək insanlar bu böyük, şücaətli və qüdrətli insanları örnək seçən və bu yolla özlərinə mənəvi iqtidar və əzəmət qazanan şəxslərdir.

Əbu Abdullahın (ə) qiyamı tarix boyu bütün xalqlar qarşısında işıqlı məşəldir; ondan bəhrələnməklə kamal və səadət yolunu tapmalıdırlar. Belə əzəmətli və parlaq bir iş yalnız böyük və nurlu bir varlıqdan baş verə bilər. Əbu Abdullahın (ə) və onun yoldaşlarının Aşura hadisəsindəki rəftarı, sözü, onların şəxsi xüsusiyyətləri bütün əsrlərdə və nəsillərdə zirək və fərasətli insanlar üçün əbədi örnəkdir. Belə parlaq və bənzərsiz örnək bəzi diqqətəlayiq xüsusiyyətlərə malikdir. Bunlara Aşura hadisəsi daxilində diqqət yetirilməlidir.

Ayətullah Xamenei