22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşuradan öncəki dönəm və İmam Hüseynin güclü iradəsi
01.06.2018

Hüseyn ibn Əli (ə) tarixin ən pak insanlarına mənsub olması ilə bütün kainat önündə fəxr edə bilərdi, lakin heç zaman bu fəzilətlərlə qane olmadı. İlahi fəzilətləri qorumaq və artırmaq, eləcə də öz vücudunun inkişafı və yüksəlişi üçün daim çalışdı.

Diqqət yetirin, İmam Hüseyn (ə) Peyğəmbər (s) övladı idi, Əli ibn Əbu Talibin (ə) və Fatimeyi-Zəhranın (ə) övladı idi. Bunların hamısı bir insanı çox ucaldan dəyərlərdir. O, həmin evdə, həmin qucaqda, həmin tərbiyədə, mənəvi mühitdə və ruhani cənnətdə böyümüşdü. Amma bunlarla qane olmadı. Əziz Peyğəmbər (s) dünyadan köçəndə o 8-9 yaşlı bir yeniyetmə, Əmirəl-mömininin (ə) şəhadəti zamanı isə 37-38 yaşlı bir gənc idi. Əmirəl-mömininin (ə) sınaq və fəaliyyətdən ibarət olan imamlığı dövründə bu istedadlı şəxs onun əli altında mahirləşmiş, güclü, işıqlı və pak olmuşdu.

Əgər bizim kimi bir insanın iradəsi olsa, deyər ki, bu qədər bəsdir, bu yaxşıdır və bununla Allahın görüşünə gedərəm. Hüseyn (ə) iradəsi isə belə deyil. Qardaşının mübarək həyatı dövründə onun tabeliyində, İmam Həsən (ə) isə imam olarkən həmin əzəmətli hərəkəti davam etdirdi. Yenə inkişaf, qardaşının yanında, dövrünün imamının mütləq itaətində durub vəzifələrini yerinə yetirmək... Bunların hamısı dərəcə və ucalıqdır. Bütün anlarını hesablayın. Qardaşı şəhid edildikdən sonra bu həzrətin mübarək həyatı on il davam etdi. İmam Həsənin (ə) şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər 10 ildən bir qədər artıq sürmüşdür. Siz görün İmam Hüseyn (ə) Aşuradan öncəki bu on ildə nə edirdi.

Belə böyük bir insanın güclü iradəsi bir an da dayanmamaq üçün örnəkdir. Həmişə inkişaf halında olmaq lazımdır. Çünki düşmən – istər zahiri və maddi düşmən, istər gizli və nəfs düşməni yumşaq torpaq təpəsi arxasında pusqu qurmuşdur və hücum etmək üçün insanın dayanmasını gözləyir. Şəhidlər ağası özünün bütün həyatında göstərdi ki, düşmənin hücumunu saxlamaq və onun sıralarını pozmaq üçün ən yaxşı yol hücum etmək, yəni davamlı inkişaf və ilahi dəyərləri əldə etməkdir.

Ayətullah Xamenei