22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İnsan nəfsi iki yönə ayrılır: ağlı və hədsiz-hududsuz meyl və istəkləri
02.06.2018

Nəfs insanın hüviyyəti, kimliyi və şəxsiyyətidir. Buna əsasən, nəfs insanın şəxsiyyətindən ayrı bir nəsnə kimi təsəvvür edilməməlidir.

İnsan nəfsi fitri olaraq kamilliyə meyllidir. Bu kamilliyin isə bəlli bir yolu var. Deməli insan bu yolda addımlamadıqda, səhv etdikdə və bunu başa düşdükdə, peşman olub, özünü danlayır. Bu özünüdanlama nəfsdə yaranan yeni bir haldır. Qurani-Kərimdə adı keçən "ləvvamə nəfsin"də məqsəd elə budur. Lakin insan ağılın səsinə fikir verməyib, səhv etməyə israr etdikdə, nəfs pisliklərə əmr etməyə başlayır ki, Qurani-Kərimdə bu hal "əmmarə nəfsi" adlanır. "Mutməinnə" halı isə insnaın öz ağlının təşxislərini görməzdən gəlməməsi, eyni zamanda istək və meyllərini kontrol edə bilməsidir.

Ramazan ayı bizə ilk növbədə etməməyi, çəkinməyi-imsakı öyrədir. Yəni oruc tutan şəxs gün boyu digər vaxtlarda ona halal olan şeyləri belə etməməlidir. Hətta fikrini belə kontrol etməyi bacarmalıdır. Təbii ki, bu hal əmmarə nəfsinin islah olmasında, təzkiyəsində böyük rol oynaya bilir. Necə ki, Qurani-Kərimdə də oruc tutmanın nəticəsi təqva-çəkinmə, pəhrizetmə göstərilir (2: 183).

Kərbəlada İmam Hüseynin (ə) qarşısında sədd çəkənlər əslində imsak etməyi bacarmayanlar idi. Düzdür, İmamla müharibəyə gələnlər zahirən müsəlmanlar idilər, onlar Ramazan ayında oruc da tuturdular. Amma tarix göstərir ki, oruc onlar üçün adətdən başqa bir şey deyilmiş, bu ilahi fərizə onların həyat tərzinə çevrilə bilməyibmiş. Buna görə də Ömər ibn Səd İmam Hüseyni Rey mülkünə dəyişir. Əgər o, oruc fərizəsindən həqiqətən də imsak etməyi öyrənə bilsəydi, adı tarixə qara ləkə kimi düşməzdi. Amma Hürr ibn Yəzid Riyahidə isə bunun əksini görürük. O, oruc tutandan aldığı dərsi Kərbəlada ləyaqətlə tətbiq etməyi bacarır. O, özünü cənnətlə cəhənnəm arasında gördükdə nəfsinə qətiyyətlə yox deyib, İmamına, cənnətinə sarı yön alır.

Niyam Aqil