22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn (ə) tutduğu haqq yolda sona qədər mübarizə apardı
04.06.2018

İmam Hüseynin (ə) Yezid rejiminə və İslam cəmiyyətinin dönüşü olmayan sapqınlığına qarşı mübarizə qərarı verdiyi zamandan problem və təhdidlər biri o birindən sonra özünü göstərdi. Əvvəlcə Yezidə beyət etmədiyi üçün Peyğəmbər (s) şəhərində təzyiqə məruz qaldı, həcc məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Məkkədə tərəfdarlarının hazırlığını duyduqda qiyam və cihada hazırlaşdı. Lakin ehram paltarlarında gizlədilmiş xəncərlər və düşmənlərin Allahın təhlükəsiz evinə təcavüz qəsdi onu həclə vidalaşmağa və Məkkəni tərk etməyə məcbur etdi. Lakin bu mərhələlərin və ondan sonrakı hadisələrin heç birində Əbu Abdullahın (ə) niyyətində zərrə qədər də tərəddüd yaranmadı.

Böyük işlərdə insanın qarşısına sədd çəkən amillərin biri şəriətdə qəbul olunan üzrlərdir. İnsan vacib işi və boynuna düşən vəzifələri yerinə yetirməlidir. Lakin bu iş böyük bir problemə səbəb olduqda, misal üçün, çoxlu insanlar öldürüləcəksə, daha vəzifəsinin götürüldüyünü düşünür. Siz görün İmam Hüseynin (ə) qarşısında yalnız zahiri görən hər bir insanı daşındıra biləcək nə qədər şəriət üzrləri vardı. Bunlar biri o birisindən sonra qarşıya çıxırdı. Əvvəl Kufə xalqının üz çevirməsi və Müslimin öldürülməsi baş verdi. Fərz edin burada İmam Hüseyn (ə) deməli idi ki, daha bu, şəriət tərəfindən qəbul olunan üzrdür və vəzifə götürülür; istəyirdik Yezidlə beyət etməyək, lakin belə vəziyyətdə mümkün deyil, xalq da dözmür, deməli, vəzifə üzərimizdən götürülür, məcbur qaldığımızdan və çarəsizlikdən beyət edəcəyik.

İkinci mərhələ Kərbəla hadisəsi və Aşuranın baş verməsidir. Burada İmam Hüseyn (ə) bu məsələyə böyük problemləri bu məntiqlə həll etmək istəyən bir insan kimi yanaşsaydı, deyə bilərdi ki, bu yandırıcı səhrada arvad-uşaqların taqəti çatmaz, deməli, vəzifə götürülür. Yəni təslim olsun və o zamana qədər qəbul etmədiyini qəbul etsin. Yaxud Aşura günü düşmənin hücumu başlayanda və İmam Hüseynin (ə) tərəfdarlarının çoxu şəhid olanda – yəni problemlər özünü daha artıq göstərəndə o həzrət "daha mübarizənin mümkün olmadığı aydın oldu" – deyib, bununla özünü geri çəkə bilərdi. Yəni İmam Hüseynin (ə) şəhid olacağı və onun şəhadətindən sonra Əmirəl-mömininin (ə) və Peyğəmbərin (s) ailəsinin səhrada naməhrəm kişilərin əlində yalqız qalacağı bəlli olduqda daha namus məsələsi qarşıya çıxır. O, qeyrətli bir insan kimi deyə bilərdi ki, daha vəzifə götürüldü; bəs qadınlar nə olacaq; əgər bu yolu davam etdirsək və öldürülsək, Peyğəmbər (s) ailəsinin qadınları, Əmirəl-mömininin (ə) qızları və İslam dünyasının ən pak, ən təmiz qadınları düşmənlərin - şərəf və namusdan bir şey anlamayan veyl kişilərin əlinə düşəcək. Deməli, vəzifə götürüldü...

Bir zaman insana deyirlər ki, bu yolla getmə, işgəncə olunman mümkündür. Bəli, güclü insan deyir ki, işgəncə olunum, eybi yoxdur, bu yolla gedəcəyəm. Yaxud deyirlər getmə, öldürülmən mümkündür. Böyük insan deyir ki, eybi yox, qoy öldürülüm, bunun əhəmiyyəti yoxdur. Lakin bəzən öldürülməkdən, işgəncə olunmaqdan və çətinlik çəkməkdən söhbət getmir. Deyirlər ki, getmə, sənin bu hərəkətinə görə bəzi insanların öldürülməsi mümkündür. Burada artıq digərlərinin canından söhbət gedir: "Getmə, sənin getməyinə görə çoxlu qadınlar, kişilər və uşaqlar çətinlik çəkə bilərlər". Burada canları özləri üçün əhəmiyyət kəsb etməyən şəxslər də dayanırlar.

Doğrudan da maraqlıdır ki, Allah-Taala Hüseyn (ə) Aşurasının bu meydanını necə də böyük müsibətlərin məcmusu etmişdir. Böyük insanlar və birinci növbədə həzrət Əbu Abdullah Hüseyn (ə) şərəflə, əzəmətlə, dözümlə və şükürlə bu böyük müsibətlərə tab gətirə bildilər. Hadisənin hər iki tərəfi bəşər tarixində bənzərsizdir. Həm o müsibətlər, o sərtlikdə, o çeşidlikdə və hamının səhərdən axşamüstünə qədər öldürüldüyü müsibətlər dünyada bənzərsizdir, həm də bu müsibətlərin qarşısındakı dözüm tarixdə misilsizdir. O şəhadətlər, o məzlumluqlar, o qürbət hissi, o susuzluq, bir nəfərə ailəsinə görə verilən əzablar, gələcəkdən nigaranlıq, sonra da varlıq aləminin ən əzizinin - yəni Hüseyn ibn Əlinin (ə) yoxluğu, ailəsinin, övladlarının, səhabələrinin yoxluğu və sonra da əsirlik; özü də bir qrup şərəfli insanın əlində əsir olmaq yox. Çünki şərəfli insana əsir düşmək yenə dözüləsidir. O insanlar isə şərəfli insanlar deyildilər, heç insan deyildilər, heyvan xislətli idilər. İmam Hüseynin (ə) ailəsi Aşura səhərindən axşamüstünə qədərki bütün müsibətlərdən sonra bu şəkildə əsir düşdü.

Ayətullah Xamenei