22 Noyabr 2024 - 22
Hər yeri zülmün və fəsadın bürüdüyü belə bir çirkin dünyada Hüseyn ibn Əli (ə) İslamı xilas etmək, İslam hökumətini və cəmiyyətini diriltmək üçün qiyam etdi. Amma o böyük dünyada İslamı və həqiqəti müdafiə iddiaçılarının heç biri ona kömək etmədi.
Kərbəla hadisəsində isə hadisələrin mehvəri və İslamın hamının qəbul etdiyi əsas məğzi - yəni Hüseyn ibn Əlinin (ə) özü hadisənin içindədir və şəhid olmalıdır. Bunu onun özü də bilir, yaxın səhabələri də. Bu böyük dünyada və bu geniş İslam ölkəsində onların heç bir yerə heç bir ümidləri yoxdur, əsl qəribdirlər. Ozamankı İslam dünyasının bəzi böyükləri Hüseyn ibn Əlinin (ə) öldürülməsinə narahat olmurdular, çünki onu öz dünyalarına təhlükə sayırdılar. Bəziləri isə narahat olur, amma bu işə o qədər də əhəmiyyətli yanaşmırdılar; misal üçün, Abdullah ibn Cəfər və Abdullah ibn Abbas. Yəni bu qəmli və əzab dolu meydanın xaricindən heç bir ümid gözlənilmirdi. Nə vardısa, bu Kərbəla meydanında idi. Bütün ümidlər bu bir qrupa dikilmişdi, bu qrup da şəhidliyə könül vermişdi. Öldürüldükdən sonra da zahiri meyarlara görə kimsə onlar üçün yas tutmadı. Yezid hər yerə hakim idi. Hətta onların qadınlarını əsir apardılar, uşaqlarına da rəhm etmədilər. Bu meydanda fədakarlıq göstərmək çox çətindir: "Ey Əbu Abdullah! Sənin müsibətli günün kimi bir gün yoxdur".
Məkkədən İmam Hüseynlə (ə) birgə yola çıxan, yaxud yolda o həzrətə qoşulan mindən artıq insandan Aşura gecəsi az bir hissə qaldı; Aşura günü özlərini həzrətə çatdıranlarla birgə 72 nəfər oldular.
Ayətullah Xamenei