21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“72 ŞƏHİD” ifadəsi nə qədər doğrudur? - II hissə
22.11.2017

Qədim və yeni mənbələr

Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə araşdırmalarda qədim ziyarətnamələrin mətni də əvəzsiz rol oynaya bilər. Bu mənada iki qədim mənbə – "Ziyarəti-Nahiyeyi-müqəddəsə" və "Ziyarəti-rəcəbiyyə" daha əhəmiyyətlidir. Hicri 252-ci ildə İmam Mehdi (ə) tərəfindən Şeyx Mühəmməd ibn Qalib İsfahani adlı şəxsə göndərildiyi iddia olunan "Ziyarəti-Nahiyeyi-müqəddəsə"də 80 nəfər Kərbəla şəhidinin adı çəkilir və onların hər birinin ruhuna salam göndərilir. Bu 80 nəfərdən 17-si Bəni-Haşimdəndir. Seyyid ibn Tavusun "İqbal" kitabında nəql olunmuş "Ziyarəti-rəcəbiyyə"də isə 88 nəfərin adı çəkilir ki, bunların 13-ü Bəni-Haşimdəndir. Bu iki ziyarətnamədəki adlar arasında ciddi fərqlər vardır. Onların birində olan adların bəzisi digərində yoxdur; müştərək adların da bir neçəsində fərqlər görünür.


Kərbəlada şəhid olmuş Bəni-Haşim cavanlarının sayı barədə də mənbələrdə ziddiyyət nəzərə çarpır. Müxtəlif kitablarda onların sayının 13-lə 23 arası, 27, 30 və hətta 50 olduğu barədə məlumatlar verilir. Bunların arasında 17 və 18 ədədləri daha çox nəzərə çarpır.

Daha yeni dövrün məhsulu olan kitablarda da Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə fikir ayrılıqları həll olunmamış vəziyyətdə qalmaqdadır. Məsələn, İmadzadə İsfahani "İmam Hüseynin (ə) həyatı" kitabında şəhidlərin sayı barədə bir neçə cədvəl-siyahı təqdim edir. Lakin bu cədvəllərin nəticələri fərqlidir: 111 nəfər, 130 nəfər və 139 nəfər. Müəllif elə həmin kitabdaca əlifba sırası ilə şəhidlərin hər biri barədə ayrı-ayrılıqda qısa məlumat verərkən, 114 nəfərdən söhbət açır.

Əli Nəzəri Münfərəd "Qisseyi-Kərbəla" kitabında ümumilikdə Kərbəla şəhidlərinin sayı barədə 6, Əhli-beyt şəhidlərinin sayı barədə 11 cür nəzəriyyəni siyahı şəklində təqdim edir. Çox dəyərli məlumatları özündə əks etdirən, Cavad Mühəddisi tərəfindən qələmə alınmış "Fərhənge-aşura" kitabında da bir neçə siyahı verilir. Kitabın mətnini araşdırarkən, üst-üstə cəmi 128 nəfər şəhidin (Bəni-Haşimdən olanlar da bura daxildir) barəsində məlumatı görürük.

İmam Baqir və İmam Sadiqin (ə) səhabəsi olmuş mühəddis Füzeyl ibn Zübeyr Kufi Əsədiyə aid edilən "Hüseynlə (ə) birlikdə qətlə yetirilənlərin adı" risaləsində 107 nəfər şəhidin adı verilir ki, bunların 20-si Bəni-Haşimdəndir. Lakin bu siyahıda yalnız Kərbəlada deyil, Kufədə də şəhid olmuş bir neçə adamın adına rast gəlirik.

Seyyid İbrahim Musəvi Zəncani "Vəsilətüd-dareyn" kitabında İmam Hüseynin (ə) şəhid dostlarının adının ən geniş siyahısını təqdim edir. Həmin kitabda Bəni-Haşimə mənsub 50 nəfərin vəBəni-Haşimdən olmayan 184 nəfərin adı yer tutur. Lakin burada da Kufə şəhidlərinin adları Kərbəla şəhidlərinin adlarına qarışıb. Həmçinin, bu kitabda Kərbəlada şəhadətə çatması zəif mənbələrdə vurğulanan xeyli adlar da mövcuddur.

Kərbəlada, şəhidlərin ümumi məqbərəsinin zərihi (məhəccəri) üzərindəki böyük lövhədə bu ədalət qurbanlarının sıyahısı həkk olunub. Həmin siyahıda 120 nəfərin adı nəfis xətlə yazılıb. Bunların 16-sı Bəni-Haşimdəndir. Amma lövhədə Həzrət Abbasın və Həbib ibn Müzahirin adları yoxdur. Onlar da siyahıya əlavə olunsa, 122 alınar.


Bu sətirlərin müəllifi aşura şəhidlərinin sayı və şəxsiyyəti barədə müstəqil araşdırma apararaq, müəyyən nəticələrə gəlmiş və bunları 2004-cü ildə nəşr olunmuş "Aşura şəhidləri" kitabında təqdim etmişdir. Alınan nəticələr bundan ibarətdir:
Aşura günündə Kərbəla səhrasında Bəni-Haşimdən olmayan 88 NƏFƏRIN ŞƏHID OLMASI ŞÜBHƏSIZDIR. Bunlardan əlavə, daha 9 nəfərin də şəhid olması ehtimal edilir. Bəni-Haşim şəhidlərinin sayına gəlincə, onların ən azı 17 nəfər olduğu qəti məlumdur. Bu 17 nəfərdən əlavə, daha 10 nəfər Haşimi şəhidinin adlarına mənbələrdə rast gəlirik. Beləliklə, ümumilikdə aşura şəhidlərinin sayı 105-lə 124 arasındadır.

NƏTİCƏ

Aşura şəhidlərinin sayı 72 deyil, bundan çoxdur. Həm Əhli-beyt şəhidləri ilə birlikdə, həm də ayrı hesablasaq, onların sayı mütləq 72-dən çox alınacaq. 72 ədədi böyük ehtimalla Şama göndərilmiş kəsik başların sayını ifadə edir.