22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn (ə) zamanını tanıyıb hərəkət etdi
11.06.2018

Əbu Abdullah (ə) mövqeyi dərk etməkdə səhvə düşmədi. Kərbəla hadisəsindən öncəki onillik imamət və məsuliyyət dövründə Mədinədə digər işlərlə məşğul idi, Kərbəla işini görmürdü. Lakin şərait münasib olan kimi mövqeyi tanıdı və onu əldən vermədi; digər işləri buraxıb əsas vəzifəsini yerinə yetirməyə başladı.

İmam Hüseynin (ə) yanında olan insanların hər birində bu xüsusiyyət vardı. Onlar zamanı və əsas vəzifəni tanımaqda səhv etmədilər; dostlarından və köməkçilərindən tutmuş Bəni-Haşimə və Əli (ə) ailəsinə, qardaşı Abbasa və bacısı Zeynəbə qədər.

İmam Hüseyn (ə) müqəddəs babası həzrət Məhəmməd ibn Abdullah (s) kimi cəhalət və fəsad dolu bir dünya ilə təkbaşına qarşılaşdı, o həzrətin qorxmayıb dayandığı və irəlilədiyi kimi, Şəhidlər ağası da qorxmadı, dayandı və irəlilədi. Peyğəmbər (s) hərəkəti və Hüseyn (ə) hərəkəti vahid mərkəzdə birləşən iki dairə kimidir və bir səmtə yönəlmişdir. “Hüseyn məndəndir” sözünün mənası da budur.

Hadisənin məğzi budur ki, İmam Hüseyn (ə) bu macərada bir qoşunla üz-üzə dayanmadı, insanların bir toplumu ilə - hətta bir neçə yüz dəfə artıq olsa da - tərəf deyildi. İmam Hüseyn (ə) azğınlıq və zülmətlər dünyası ilə qarşı-qarşıya dayanmışdı. Bu mühüm məqamdır. O bir dünya əyrilik, zülmət və zülmlə qarşılaşmışdı. O dünyanın da hər şeyi vardı: pulu, qızılı, gücü, şeiri, kitabı, rəvayətçisi və axundu. Dəhşətli idi. Adi və hətta qeyri-adi bir insanın bədəni o zülmət dünyasının puç əzəməti qarşısında titrəyirdi. Lakin İmam Hüseynin (ə) ayağı və qəlbi bu dünya qarşısında titrəmədi, zəiflik və tərəddüd hiss eləmədi və təkbaşına meydana atıldı.

İmam Hüseyn (ə) Aşura gecəsi buyurdu ki, gedin, burada qalmayın, mənim uşaqlarımın əlindən də tutun aparın, bunlar məni istəyirlər. O, zarafat etmirdi. Fərz edin onlar qəbul edib getsəydilər, İmam Hüseyn (ə) tək-tənha, yaxud on nəfərlə qalacaqdı. Elə bilirsiniz İmam Hüseynin (ə) işinin əzəməti kiçilərdi?! Xeyr, elə həmin əzəmətdə qalardı. Əgər İmam Hüseynin (ə) ətrafında bu 72 nəfərin yerinə 72 min nəfər olsaydı, işin əzəməti kiçilərdi? Xeyr.

İşin əzəməti bu idi ki, İmam Hüseyn (ə) təcavüzkar və iddialı bir dünya qarşısında qorxuya düşmədi. Halbuki adi insanlar qorxurlar; adi olmayan insanlar da qorxurlar. Dəfələrlə dediyim kimi, böyük şəxsiyyət olan Abdullah ibn Abbas və Qüreyşin bütün böyüklərinin övladları o vəziyyətdən narazı idilər. Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkr, böyük səhabələrin övladları və bəzi səhabələr bu qəbildəndirlər. Mədinədə çoxlu səhabələr vardı, qeyrətli insanlar vardı. Elə bilməyin ki, onların qeyrəti yox idi. Onlar sonrakı ildə Hərrə hadisəsində Mədinəyə hücum edib hamını qətlə yetirən Müslim ibn Üqbənin hücumu qarşısında dayandılar, vuruşdular, mübarizə apardılar. Elə bilməyin ki, qorxaq idilər. Xeyr, döyüşkən və qorxmaz idilər. Amma müharibə meydanına girmək şücaəti bir şeydir, bir dünya ilə qarşı-qarşıya gəlmək şücaəti başqa bir şeydir. İmam Hüseyn (ə) ikincisini etdi.

Ayətullah Xamenei