09 May 2024 - 9

09 May 2024 - 9

İmamın Mədinədən çıxarkən buyurduqları
01.09.2018

Qeyd etdiyimiz kimi, Vəlidin göndərdiyi sifarişdən sonra imam onunla görüşərək öz mövqeyini açıq-aşkar bildirdi. Lakin Əbdullah ibn Zübeyr imamın əksinə olaraq Vəlidlə görüşməyə razı olmayıb gecə yarısı məxfi yolla gizli surətdə Mədinəni tərk edərək Məkkəyə tərəf hərəkət etdi. Hüseyn ibn Əli (ə) isə rəcəb ayının axırına iki gün qalmış bazar günü ailə üzvləri ilə birgə Məkkəyə tərəf üz tutdu. Mədinə şəhəri arxada qalan zaman o həzrət Musa ibn İmranın Misirdən çıxması və fironçularla mübarizəyə hazır olması barədə nazil olan bu ayəni oxumağa başladı. Musa Misirdən nigaran, qorxu içində, nəsə gözlədiyi halda çıxarkən belə deyirdi: İlahi! Bu azğın və zalım camaatdan məni xilas et! İmam Hüseyn(ə) hərəkət edərkən (Əbdullah ibn Zübeyrin əksinə olaraq) bütün müsafirlərin və karvanların istifadə etdikləri məşhur və ümumi yolu seçdi. O həzrətin dostlarından biri təklif etdi ki, yaxşı olar siz də Əbdullah ibn Zübeyr kimi dağarası cığırlardan istifadə edəsiniz. Bu halda Yezidin mə’murları tə’qib edərək sizə zərbə vurmaq istəsələr, öz məqsədlərinə çata bilməzlər. İmam bu təklifin cavabında belə buyurdu: “Yox, Vallahi! Bu tanınmış və ümumi yoldan davam edəcəyəm. Dağdan, səhradan keçən gizli cığırlara dönməyəcəyəm. Nəticədə o mərhələyə çatacağam ki, onu Allah istəyir.”

NƏTİCƏ:

Bu cavabdan belə məlum olur ki, imam qorxusundan və yaxud qaçmaq niyyəti ilə Mədinədən çıxmamışdı. Əgər belə olsaydı necə ki, ona təklif olundu Əbdullah ibn Zübeyr kimi böyük və tanınmış yoldan deyil, dağlıq yollardan istifadə edərdi. Halbuki o həzrət hamının gözü qabağında olan bir yolu seçir. O istəyir Bəni-Üməyyə küfrünə qarşı cihad etmək kimi böyük və İlahi bir hökmü reallaşdırmaq üçün sərbəst və tam təmkinlə seçdiyi yola davam etsin. “Allahın istədiyi baş verənə qədər.”

Məhəmmədsadiq Nəcmi