21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla qiyamının bizə təqdim etdiyi 4 dəstə insan
13.06.2018

Kərbəla hadisəsi yalnız tarixi bir hadisə deyil. Bu məktəbdən bəşər qiyamətə qədər hər bir zamanda, hər bir dövrdə insanlar o dövrə uyğun bu hadisədən istifadə edirlər. Bu gün biz görürük ki, dünyanın hər bir yerində müsəlmanlar 10 gün 15 gün, imamın üçü, yeddisi qırxı, bəzən də daha çox yəni 2 aya qadər bu hadisəni yad edirlər. Deməli bu bir hadisə yox, bir məktəbdir. Bu məktəbi yaşatmaq bizim hər birimizin borcudur.


Tarix boyu biz görürük ki, hadisələr qarşısında insanlar 4 qrupa bölünürlər. Birinci qrup insanlar onlardır ki, hadisəni törədirlər. Misal olaraq Aşura hadisəsini, Kərbəla hadisəsini törədən və ərsəyə gətirən Yezid idi. Bunu hamımız bilirik.

İkinci növ insanlar onlardır ki, bu hadisəni törədənlərə kömək edirlər. Yəni bunlar da onların cinayətində şərikdirlər. İbn Ziyadlar, Ömər ibn Sədlər Yezidə kömək etdilər.

Üçüncü dəstə insanlar o kəslərdir ki, bu hadisə qarşısında sükut edirlər. Məsələn İmam Hüseyn (ə) inqilabının başlanğıcı olaraq, Aşura qiyamının başlanğıcı olaraq Mədinədən Məkkəyə tərəf hərəkət edəndə yolda Əbdullah ibn Müti ilə rastlaşır. Əbdullah ibn Müti əkinçi idi. Quyusu qurumuşdu suyu yox idi. Bu şəxs gəlir İmam Hüseynin əlindən öpür, üzündən öpür, ziyarət edir salam verir və soruşur hara gedirsən? İmam öz məqsədini yol boyu insanlar üçün açıqlayırdı. Və buna da açıqlayır ki, mən bu məqsədlə hərəkət etmişəm. Əbdullah ibn Müti imama qoşulmaq əvəzinə imamdan istəyir bir dua etsin. İmam Hüseyn o quyunun suyundan ağzına alır zəm-zəmə edir tökür quyuya. Və o quyunun suyu artır o da əkinçilikdə ondan istifadə edir. Baxın Əbdullah ibn Müti bir şəxsdir ki, bu hadisənin yanından laqeyd ötüb keçir. İmamı sevir, imamı istəyir, imamın əlindən öpür lakin bu hadisəyə sükut edir.


Dördüncü dəstə isə onlardır ki, bu faciənin, bu zülmün, bu sitəmin, bu ədalətsizliyin qarşısında durur və mübarizə aparır. Belə hadisələrin qarşısında durub mübarizə aparmaq, zülmün kökünü kəsmək, bəşəriyyətin səadəti üçün, insaniyyət üçün, ilahiyyat üçün, insani və ilahi dəyərlər üçün öz canını qurban verən insanlar özündən sonra bu hadisəni yaşatdırır. Və bu hadisə həmin şəxsin adıyla ki, bu gün İmam Hüseynin adıyla həzrət Əbəlfəzin adıyla, Əhli-beytin adıyla yaşayır.


Mahir Bəylərzadə