03 Dekabr 2024 - 3
Bismillahir rəhmanir-rəhim
Təbii ki, İmam Hüseynin (ə) qiyamının hədəfi və qayəsi barəsində ən yaxşı İmamın özündən eşitmək daha yaxşı olardı. İmamın öz sözlərindən bunu anlamaq daha yaxşı olardı ki, İmam özü bəyan etsin nəyə görə qiyam edib və nəyə görə bu Kərbəla hadisəsi baş verib. İmam Hüseynin (ə) kəlamlarında xüsusən qardaşı Məhəmməd ibn Hənəfiyyəyə vəsiyyətində İmam bunu qeyd edir. Qardaşına yazdığı vəsiyyətdə buyurur ki, mənim Mədinədən çıxmağım, hansısa zülm uğrunda fəsad törətmək uğrunda deyildi. Mənim etirazımın, çıxışımın əsas hədəfi cəddimin ümmətini islah etməkdir. İmam buyurur mən istəyirəm insanları yaxşılığa dəvət edim və pislikdən çəkindirim. Və İmam bir başqa kəlamda da bu vəziyyətdən şikayətlənir ki, siz görmürsünüzmü ki, yaxşılığa dəvət olunmur və pislikdən çəkindirilmir.
İmamın bu sözləri həm imamın hədəfini bizlərə çatdırır, həm də onu göstərir ki, İmamın dövründə artıq vəziyyət elə bir hala gəlmişdi ki, yaxşılıqlar tərk olunmuşdu və insanlar pisliklərə əməl edirdilər. Bir növ cəmiyyətdə bunu islah edəcək bir şəxs yox idi, cəmiyyətdə bu məsuliyyəti öz öhdəsinə alacaq bir şəxs yox idi. Cəmiyyət sanki duyarsızlaşmışdı, cəmiyyət bu pisliklərə qarşı bir növ məsuliyyət hissini unutmuşdu. İmam buyurur ki, belə bir vəziyyətdə bunun qarşısını almaq ilk növbədə mənim borcumdur. İmamın əsas hədəfi yaxşılığa dəvət və insanları pislikdən çəkindirmək və bununla da bir növ cəmiyyətdə baş verən zülmün, haqsızlığın qarşısını almaq idi. Bu İmam Hüseynin (ə) əsas hədəfidir, İmam Hüseynin (ə) hərəkatının başlıca qayəsidir.
Bizim də bu qiyamdan, bu hərəkatdan alacağımız bir sıra dərslər var. Burada bir mətləbə işarə etmək istəyirəm. Biz həqiqətən İmam Hüseyn (ə) aşiqiyik, İmam Hüseyn (ə) ardıcılıyıq, İmam Hüseyni (ə) sevirik. Bunlar hamısı öz yerində, amma burada iki məfhumu bir-birindən ayırd etmək lazımdır. Hüseyni (ə) sevmək, Hüseyn (ə) aşiqi olmaq bir şeydir, Hüseynçi (ə) olmaq isə başqa bir şeydir. Biz Hüseyni (ə) sevə bilərik, Hüseyn (ə) aşiqi ola bilərik, amma bu o demək deyil ki, biz Hüseynçiyik. Hüseyn (ə) aşiqi olmaq məhəbbətdir, biz bir insanı sevə bilərik bir insana məhəbbətimiz ola bilər və məhəbbətdən dolayı onun hüznünə göz yaşı tökə bilərik və onun sevincli günlərinə şadlana bilərik. Bu bizim eşqimizin göstəricisidir. Amma bu hələ də bizim Hüseynçi (ə) olmağımız demək deyil. Hüseynçi (ə) olmaq daha yüksək bir mərhələ daha yüksək bir məqam istəyir. O, budur ki, biz Hüseynçi olmaq üçün Hüseynin (ə) missiyasını davam etdirməliyik. Biz Hüseynçi o zaman ola bilərik ki, İmamın buyurduğu missiyanı davam etdirə bilək. Ona görə də, Hüseyn (ə) aşiqi olmaqla, Hüseynçi (ə) olmaq bir-birinə qarışdırılmamalıdır.
Hər bir insan ola bilər İmam Hüseyni (ə) sevsin ona məhəbbəti olsun, necə ki, Kərbəlada İmam Hüseyni (ə) sevənlər var idi, amma Hüseynin (ə) köməyinə gəlməmişdilər, onlar dünya həyatından, malından keçə bilməmişdilər amma Hüseyni (ə) sevirdilər Hüseynə (ə) məhəbbətləri var idi. Amma Hüseynçi olmaq məhəbbətdən də o yana, bir növ fədakarlıq istəyir. Hüseynçi (ə) olmaq nələrdənsə keçməyi tələb edir. Deməli biz bu iki məfhumu ayırmalıyıq. Məsələn bir insan özünü tərəzinin gözünə qoyub, özünü tanımaq istəsə ki, mən nə qədər Hüseyn (ə) aşiqiyəm, nə qədər Hüseynçiyəm (ə) gərək bu meyarlar əsasında özünü dəyərləndirsin. Əgər Hüseynə (ə) ağlayırsa, Hüseynin (ə) şad günündə sevinirsə, Hüseynə (ə) qəlbində məhəbbəti varsa, Hüseynin adı gələndə gözündən yaş tökülürsə, bəli bu Hüseyn (ə) aşiqidir, amma sırf bununla Hüseynçi (ə) olmağı isbat edə bilməz və bunlar Hüseynçi olmağın meyarı deyil.
Hüseynçi olmaq üçün ictimai ədalət şüurunda olmaq lazımdır. Bir insan əgər ictimai ədalət şüurundadırsa, bir insan əgər cəmiyyətin islah edilməsi şüurundadırsa və bunun fərqindədirsə və bir insan həyatını bu yolda fəda edirsə, bu yolda xərcliyirsə bu həqiqətəndə Hüseynçidir. Deməli İmam Hüseyn (ə) aşiqi olmaq və İmam Hüseynçi (ə) olmaq bir-birindən ayırd edilməlidir. Təbii ki, Hüseynçi (ə) olmaq və ictimai əxlaq və ictimai ədalət şüurunda olmaq heç də bu demək deyil ki, insan qeyri-adi işlər görsün, xeyir! Sadə formada insan bunu hər mühitdə o mühitin şərtlərinə, o mühitin müəyyən prinsiplərinə uyğun olaraq həyata keçirə bilər. Məsələn ilk öncə özümüzü düzəltməklə, ətrafımızı düzəltməklə hər yerdə rüşvət görsək, hər yerdə əli əyrilik görsək, hər yerdə haqsızlıq görsək buna etiraz etməklə cəmiyyəti yavaş-yavaş islah edə bilərik və cəmiyyəti islah etməklə Hüseynin (ə) missiyasını, Hüseynin (ə) kimliyini, Hüseynin (ə) adını yaşada bilərik. Buna görə bu məna, bu məfhum, bu həqiqət çox önəmlidir.
Hüseynçi (ə) olmaq üçün hər zaman cəmiyyəti islah, ədalətsizliyin qarşısında durmaq, zülmün qarşısında durmaq və haqqı bərpa etmək şüurunda olmalıyıq. Çünki Qurani-Kərimdə buyurur ki, biz peyğəmbərləri ona görə göndərdik ki, insanlar özləri ədaləti bərpa etsinlər. Peyğəmbərlərin təlimləri, imamların təlimləri onlar hamısı bizlərə göstərişdir. Onlar hər şeyi tək başına edəsi deyillər. Onlar bir növ bizə göstəriş verirlər ki, biz neyniyək, bu vəzifənin öhdəsindən gələk. Bizə təlimləri başa salırlar, öyrədirlər ki, biz bunu həyata keçirək. Onlar gəlməyiblər ki bizdən kənarda nə isə bir ədalətli cəmiyyət qursunlar. Onlar gəliblər ki, bizim aramızda ədalətli cəmiyyət qursunlar. Hüseynçi olmağın özünün meyarı, Hüseynə aşiq olmağın öz meyarı var. Yəni aşiq olmaq üçün məhəbbət meyardır, amma Hüseynçi olmaq üçün ictimai ədalətin şüurunda olmaq, islahın tərəfdarı, fəsadın qarşısını almağın fərqində olmaq və bu şüurla yaşamaq önəmlidir. Biz əgər həqiqətən cəmiyyətin islah olunması şüurundayıqsa bunun tələbini ediriksə və zülmün qarşısını almağın tələbini ediriksə biz həqiqətən o zaman Hüseynçiyik. Amma əgər cəmiyyətin düşdüyü bu fəsad bizi heç maraqlandırmırsa, cəmiyyətdə olan zülm və haqsızlıq bizi heç maraqlandırmırsa və biz sadəcə o göz yaşlarına aldanıb özümüzü Hüseynçi hesab ediriksə biz həqiqətən yanılmışıq. Bəli biz Hüseyni sevmişik, amma Hüseynçi hələ olmamışıq. Bayaq da dedim, Hüseynçi olmaq məhəbbətin fövqündə, yəni bir növ fədakarlıq istəyir. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh.
Təbriz Nəcəfi