22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Dində “it” təhlükəsi
23.06.2018

Bir Əhli-beyt məddahının özünü Zeynəbin iti adlandırması ilə başlayan müzakirələr bir vaxtlar həm sosial şəbəkələrdə, həm də dini saytlarda davam etdi. Bir çox ilahiyyatçı və yazarlar bu əmələ qarşı çıxsalar da, onu təqdir edənlər və ya onda eyib görməyənlər də az olmadı. Əslində, bu, dindarlar arasında hər hansı ciddi narazılığa səbəb olacaq mövzu deyil. Hər halda, mən də bu haqda şəxsi mülahizələrimizi bölüşmək istəyirəm.

Qeyd edim ki, həm bu məddahın, həm də onu müdafiə edənlərin səmimiliyinə inanır və onlarda olan Əhli-beyt sevgisini alqışlayıram. Ancaq razılaşarsınız ki, bu sevgi hər bir hərəkətə haqq qazandıra bilməz.

Konkret olaraq, bir insanın özünü Peyğəmbərin, Əhli-beytin iti adlandırması öz-özlüyündə poetik bir ifadə kimi başadüşüləndir, amma cəmiyyət önündə həyata keçərsə, onu üç yönümdən tənqid etmək olar: biri cəmiyyətin reaksiyası baxımından, biri İslamda insan kəraməti, insan və müsəlman hörməti baxımından, biri isə dini xurafatçılıq baxımından.

Birinci baxımdan deyə bilərik ki, bu, əvvəla, cəmiyyətdə ikrah doğuran hərəkətdir. Bunu sosial şəbəkələrdəki qeyri-dindarların mülahizələri də sübut etdi. İkincisi isə, bəzi bədxahlar bundan sui-istifadə edərək Əhli-beyt məzhəbini aşağılamağa, ələ salmağa başladılar.

İkinci baxımdan yanaşsaq, bu əməl insan və müsəlman hörmətinə ziddir. Allah bir möminin özünü alçaltmasına izin vermir. Bəzi sufilər nəfslərini sındırmaqdan ötrü ehtiyacları olmaya-olmaya küçə-bazarda dilənçiliklə məşğul olurdular. Bu növ işlər İslamda məqbul sayılmır.

Üçüncü və ən təhlükəlisi isə budur ki, bu növ əməllər xurafatçılığa rəvac verir. Bir Əhli-beyt aşiqinin “mən Zeynəbin itiyəm” deməsində eyib yoxdursa, eyni məntiqlə onun dördayaq yeriyib hərdənbir hürməsində də eyib olmamalıdır.

Bir neçə il qabaq Qumun "Hüseyn divanələri" heyəti məhz belə də edirdi. Onlar əməlli-başlı dördayaq yeriyib hürürdülər ki, biz Əhli-beytin itiyik. Sırf simvolik, şairanə məna baxımından yanaşsaq, bunu da qəbul etməliyik. Amma təsəvvür edin bu səhnələri yayıb deyirlər ki, Şiəlik budur. Kimsə buna razı olarmı?!
Həmin heyət belə mərsiyələr də oxuyurdu: “La ilahə illa Zeynəb”. Ayətullah Məkarim Şirazi fətva verdi ki, bu adam – yəni azəri balası mərhum Seyid Zakir nə dediyini bilirsə, normal halda belə oxuyursa, su içdiyi stəkanı suya çəkmək lazımdır. Onlar məclislərinin ortasında Ayətullah Məkarimin sözlərini oxudular, sonra da tullayıb dedilər: “Bu söz ağıllılara aiddir, biz isə Hüseyn divanələriyik”.

Mövzu bu kontekstdən olduqca təhlükəlidir. Adətən xurafat və bidətlər belə kiçik məsələlərlə başlayıb get-gedə böyüyür. Əlavə edim ki, Ayətullah Məkarim nəinki “it”, hətta “divanə” – “dəli” sözünü də məqbul saymırdı, “Hüseyn aşiqləri”, “Hüseyn xadimləri” kimi adlar təklif edirdi. Ayətullah Xamenei isə başqa bir oxşar əməli - sürünə-sürünə ziyarətə getməyi bidət adlandırıb deyir:

“Son zamanlar ziyarət məsələsində qəribə və yeni bir bidət ortaya çıxıb. İmamların pak qəbirlərini ziyarət etmək üçün məqbərənin həyət qapısından girən kimi üzü üstə uzanır və sürünə-sürünə qəbrə sarı gedirlər... Nə zamansa eşitmisinizmi imamların, yaxud alimlərin hansısa biri məqbərənin qapısından girən kimi sürünməyə başlasın?!”

Qasım Ramazan