22 Noyabr 2024 - 22
Bütün dünyada olduğu kimi, Azərbaycanda da tarixin ən faciəvi və şərəfli təqviminin ildönümü hər il qeyd edilir. Hicrətin 61-ci ilində (miladi 680-ci il) İraqın Kərbəla çölündə xəlifə Yezidin əsgərlərinin amansızcasına qətlə yetirdiyi İmam Hüseyn (ə) və tərəfdarları üçün 100 illərdir davam edən əzadarlıq mərasimləri keçirilir.
Əlbəttə, illər boyu formalaşmış Aşura adətləri arasında ifratlar, təhriflər, din adına təqdim olunan əməllər də yox deyil. Ancaq bütövlükdə böyük bir tarixi dönəmdə davam edən bu mərasimlər çox geniş bir coğrafiyada bir çox xalqların adətlərində, mədəniyyət, ədəbiyyat kimi sahələrdə öz təsirini göstərib. Şəbih tamaşaları, mərsiyə, növhə, qəsidə ədəbiyyatı birbaşa Aşura hadisəsindən təsirlənərək yaranmış mədəniyyət nümunələridir. Ancaq eyni zamanda Aşura hadisəsinin ən mühüm tərəfi onun insan azadlığını və İslamın doğru dərk olunmasındakı rolu idi. İmam Hüseyn (ə) hərəkatı müsəlmanlar üçün haqq uğrunda dünyasından (canı, malı, ailəsi) imtinanın parlaq nümunəsi idi. Tarixi baxımdan Aşura hadisəsi İslamın yaşanması, din daxilində zərərli vərdişlərə, dindən dünya üçün faydalanmağa qarşı cəhdin iflasa uğraması və buna qarşı din daxilində ideoloji müqavimətin formalaşması idi.
Dünyanın başqa ölkələrində fərqli dərk olunsa belə, Azərbaycanda Aşura mərasimlərinin İslam dininin ayaqda saxlanmasındakı rolu inkar oluna bilməz. Hətta dinin rəsmən qadağan olunduğu sovet dönəmində belə, Aşura mərasimi qorunub saxlanıb. Doğrudur, bu proses ağrılı olub, ötən dövrdə dini dəyərlərə xurafat, mərasimçilik, yanlış inanclar da pərçim olunub. Ancaq bütün bunlarla yanaşı, Aşura mərasimləri dinin qadağan olunduğu ölkədə İslam adına olan dəyərlərin qorunub saxlanılması vasitəsi olub.
Aşura mərasimləri Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkədə açıq şəkildə qeyd olunmağa başladı. Ötən 22 ildə Azərbaycanda dinə, o cümlədən şiəliyə münasibət hamar olmayıb. Dövlətin dinlə bağlı vahid konsepsiyası formalaşmadığından ötən illərdə siyasi vəziyyətə uyğun olaraq dini mərasimlərə də münasibət fərqli olub. Ancaq bir fakt var ki, dini mərasimlərə, xüsusən də Aşuraya diqqət artan istiqamətdə olub. Bunu ildən ilə Aşura mərasimlərini qeyd etməyə toplaşan insanlarının saylarının artdığını göstərən müşahidələr də təsdiqləyir. Əlbəttə söhbət, Aşuranın mükəmməl şəkildə qeyd olunmasından, layiq olduğu şəkildə dərk olunmasından getmir. İndiki şəraitdə Azərbaycanda (eləcə də digər müsəlman ölkələrində) bunu tələb etmək real deyil.
Hər il Aşura mərasimlərində bir sıra maraqlı tendensiyalar qeydə alınır. Aşura mərasiminə qatılanların sayı əvvəlki illərlə müqayisədə artır. Son illərdə din əleyhinə fəaliyyətlərin güclənməsi fonunda bu artımın özü də xeyli dərəcədə diqqətləri cəlb edir. Xüsusən də gənclər və orta yaş qrupunda insanlar arasında dinə axın artıb.
Daha bir maraqlı məqam insanların Aşura mərasimlərinə hansısa dini icma və ya camaat, eləcə də ruhaninin arxasınca deyil, sırf bu mərasimlərdə iştirak xatirinə getməsidir. Demək olar ki, yeganə hadisədir ki, Aşurada insanlar məscid və ya ruhani fərqi olmadan mərasimlərə qatılmağa çalışır. Bu da Aşuranın planlı təbliğatın nəticəsindən daha çox insanların qan yaddaşında qalmış, dini maarifin artması ilə möhkəmlənən inanclarına sadiqlik nümunəsi kimi etmələridir.
İnsanların günü-gündən öz dəyərlərinə, İslama geri dönməsi prosesi müsbət hadisə olmaqla yanaşı, ölkə üçün yeni situasiya yaradır. İnsanların dini dəyərlərə qayıdışı məhz seçim imkanları deməkdir. İndi artıq daha aktual olan sual vardır: İslama meyillənən kütlələrə əsl İslam dəyərlərini aşılamaq mümkün olacaqmı? Tarixdən süzülüb gələn içindəki imanın təşviqi ilə primitiv şəkildə dini dəyərləri yaşatmağa çalışan, öz dininə geri dönən insanların getdikcə artan dini bilikləri artırmaq tələbatlarını mövcud şərtlərdə qarşılamaq mümkün olacaqmı? Günün əsas sualı məhz budur. Sövq-təbii, şüurunda qalan və ata-babalarından eşidərək qeyd etdiyi mərasimləri din kimi qəbul edən insanların həqiqi din tələbatlarını sağlam şəkildə qarşılamaq lazımdır. Əks-halda artan inanclı kəsim çox tezliklə bir qismi cəhalətə, bir qismi isə onların ehtiyac duyduğunu verə bilməyən dindən uzaqlaşması təhlükəsi var. Əslində, İmam Hüseynə (ə) olan sevgisi naminə piyada yollara düşən, Aşura günü imkanları daxilində ehsan süfrələri açan, ehtiyaclılara yardım etməyə çalışan insanların bir çoxu dindar olmasalar da, namaz qılıb, oruc tutmasalar da, “dinin bir addımlığında”dırlar. Onları növbəti mərhələyə keçirmək lazımdır.
/Birlik.az/