22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Məhərrəmlik mərasiminə sosial baxış
05.08.2018

Xalqımız yüz illərdir hicri-qəməri təqvimi ilə məhərrəm ayının daxil olması ilə peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid edilməsinin ildönümünü, yəni “məhərrəmlik” adlanan əzadarlıq məclislərini keçirdir. Lakin son illər bu mərasimlər başlanan kimi kütləvi informasiya vasitələri bununla bağlı birmənalı qarşılanmayan xəbərlər yaymaqla bu tədbirin məna və məfhumunu şübhə altına alan fikirlər formalaşdırmağa səy edirlər.

Guya, bu mərasimin qonşu İrandan ölkəmizə transfer edildiyi, insanların qəmlənməsi ilə müşayiət olunan mərsiyə, sinəzən və rövzələrin və öz bədəninə xəsarət yetirməklə icra olunan bəzi əməllərin kökündə fars mədəniyyətinin dayandığı iddia edilir. Lakin bir məqamı unudurlar ki, İran imperiyasının xalqları türklər bu əraziyə daxil olana qədər 90 faiz civarında sünnilik məzhəbinə etiqad etmiş və təsadüfi deyil ki, bu məzhəbin 4 imamı, 6 məşhur hədis kitabının da müəllifi irandilli xlaqların nümayəndələridirlər. Şiəliyin İranda geniş yayılması Türküstandan İrana köçən türkdilli etnosların gəlişindən sonra baş vermişdir. Ağqoyunlu türkmən tayfaları sünnilik, qaraqoyunlu türkmən tayfaları isə şiəlik məzhəbinə etiqad etmiş və öz dini kimliklərini İranda qorumağa və lazım gəlsə, yaymağa cəhd etmişlər. Bu tayfaların mübarizəsinin məntiqi nəticəsi olaraq Səfəvilər İranda hakimiyyəti ələ alaraq şiəliyi rəsmi məzhəb formasına gətirirlər. Səfəvilərin hakimiyyətə gəlməsində rolu olan tayfalar türkdilli olmuş və bu mübarizədə talışlar istisna olmaqla digər irandilli xalqların nümayəndələri iştirak etməmişlər. Səfəvilərin hakimiyyəti dövründə İran öz etnik mənzərəsini dəyişdiyi kimi dini-məzhəbi mənzərəsini də tam olaraq əksinə dəyişmiş və nəticədə ölkənin 90 faizi şiəlik məzhəbinə etiqad etmişdir. Şiəliyin yayılmasını heç bir etnosa bağlamaq düzgün addım olmasa belə, bu mənada bunu farslardan çox türklərə aid etmək daha doğru olardı.

İmam Hüseynin şəhid edilməsindən sonra onun həlak olmasının ildönümləri zaman-zaman şiələr tərəfindən evlərdə gizli şəkildə yığışmaqla əzadarlıq formasında qeyd edilmişdir. 935-1055-ci illərdə İraqda hakimiyyətdə olmuş İran mənşəli Büveyhilər sülaləsi dövründə ilk dəfə olaraq əzadarlıq məclisləri leqal surətdə təşkil olunmağa başlanmışdır. Lakin onların hakimiyyətindən sonra yenidən bu məclislər gizli keçirilmişdir. İsmaililər və Fatimilər Misirdə hakimiyyəti ələ alandan sonra əzadarlıq məclisləri yenidən leqallaşmağa başladı. Sonralar yenə də gizli şəkildə bu məclislər təşkil olundu və bu Səfəvilərin bölgəmizdə hakim olmasına qədər davam etdi. Əzadarlığın həmin dövrdə gizli keçirilməsinə səbəb şiəliyin ümumən təqib olunması idi. Lakin Səfəvilərin hakimiyyəti dövründə şiəlik leqallaşandan sonra əzadarlıq məclisləri yeni keyfiyyət və kəmiyyətdə özünü göstərməyə başladı. Təsadüfi deyil ki, indinin özündə belə mərsiyəxanlıq, rövzəxanlıq, teşt qoymaq, ələm gəzdirmək, zəncir, sinə və qəmə vurmağın ən geniş yayıldığı yer Səfəvilərin hakimiyyəti zamanı mərkəzi şəhər olan Ərdəbildir.

Bir sıra informasiya vasitələri əzadarlıq məclislərində oxunan matəm şeirlərini və bunun nəticəsində təsirlənən dindarların görüntülərini yaymaqla bu insanların geridə qaldığını və mövhumatçı olduğunu diktə etməyə cəhd edirlər. Əzadarlıq məclislərində oxunan mərsiyə, sinəzən və sair poeziya nümunələri, əslində, ədəbi janrlardır. Əgər kimsə bu nəzmdən təsirlənib qəmgin olursa və ya ağlayırsa, bunu şiəliyin xüsusi bir xüsusiyyəti və mənfi bir hal kimi qələmə vermək olmaz. Demək olar ki, bütün dahi şairlərin əsərlərində bu janra müraciət edilib. Təkcə dindar olan Məhəmməd Füzuli kimi şairlər deyil, Abbasqulu ağa Bakıxanov kimi dövlət məmuru olan şairdən tutmuş, Seyid Əzim Şirvani kimi şairə qədər bütün klassiklər matəm ədəbiyyatına öz yaradıcılığında müraciət etmişlər. Ümumiyyətlə, görkəmli insanların həlak olmasını şairlərin nəzmə çəkməsi dinindən və dilindən asılı olmayaraq bütün xalqlarda mövcud olmuş və buna bəzilərinin hansısa bir mənfi çalar verməsi anlaşılan deyil.

Onu da qeyd edək ki, bəzi dini ədəbiyyatın və ya bu janrın ifaçılarının Kərbəla hadisəsində özünə yer almayan məqamları həqiqət kimi dindarlara aşılanması faktı da kifayət qədərdir. Dini təhsili olmayan, lakin xoş səsi olan, hətta bəzən özünü ruhani sayan bu cür insanlar, əsasən, İmam Hüseyn qiyamının səbəbini məişət zəmninə endirir və bu qiyamın məqsəd və məramını təhrif edərək şiəliyin gözdən salınmasına şərait yaradırlar. Bu cür adamlar insanların hisslərinə hakim olmaq üçün müxtəlif üsullardan istifadə edir, onları bərkdən və təbii olmayan ağlaşmalara sövq edir və beləliklə, dindarları İmam Hüseyn qiyamının mahiyyətindən uzaqlaşdırırlar.

Matəm məclislərində sinə vurmaq sırf ərəb adətidir və sonradan bu matəm məclislərində istifadə olunaraq digər müsəlman xalqlara keçmişdir. Belə ki, ərəblər yaxın insanlarını itirdikdə sinələrinə döyməklə reaksiya vermişlər. Lakin hazırda əzadarlıqda sinə vurmaq və bunun “sinəzən” adlanan şeir növü ilə müşayiət olunması sırf bədii təsir bağışlayır və heç də bəzilərinin dediyi kimi özünə əziyyət vermək hesab oluna bilməz. Sinə vurmağın cəm halda icra olunması və indiki hala gəlməsi Səfəvilər dövründə baş vermişdir.

Dəmir zəncirlə öz bədəninə zərbə vurmaq Hindistan və Pakistandan hazırda şiələr yaşayan məntəqələrə keçmişdir. İlk əvvəl bəzi fəqihlər özünə zəncir vurmaqla verilən işgəncəyə görə bu əməli haram saymışlar. Hindistan və Pakistan şiələri eyni dövlətdə yaşadıqları digər dinlərin ardıcılları ilə hətta yaxın dövrümüzə qədər daim münaqişə şəraitində yaşamışlar. Məhərrəmlik mərasimlərində onların öz bədənlərinə zəncirlə zərbə vurmaqları bir növ özünümüdafiə məqsədi daşımış və digər dinin ardıcıllarında onlarla münaqişəyə girməyin təhlükəli olması fikrini yaratmışdır. Əvvəllər zəncirlərin ucuna insan bədəninə ciddi xəsarət yetirən kəsici və deşici dəmir parçalar bərkidilərdi. Lakin hazırda, əsasən, zəncirlər xüsusi şəkildə düzəldilir və heç də bəzilərinin dediyi kimi bədənə xəsarət yetirmir. Zəncir vuranlar bu əməli qrupla və “sinəzən” deyilən ritmik matəm şeiri ilə həmahəng icra edirlər. Bu amillərə görə fəqihlərin bir çoxu bu işi təşviq etməsələr də, “zəncir vurmağın eybi yoxdur” deməklə bir növ məqbul sayırlar.

“Qəmə vurmaq” adlanan mərasim, əsasən, Məhərrəm ayının kuliminasiya nöqtəsi olan Aşura günü icra olunur. Yəni qılınc və xəncərə bənzəyən “qəmə” adlanan kəsici alətlə bəzi insanlar öz başlarına kiçik zərbələr endirməklə onu yarırlar. Hazırda bu mərasim nadir hallarda icra olunur. Fəqihlər bu əməlin haram olması barəsində göstərişlər vermişlər. Bu mərasimin icrası zamanı insanın öz həyat əhəmiyyətli nahiyəsinə ciddi xəsarət yetirməsi ilə müşayiət olunması bir yana qalsın, həm də bunun ətrafdakı insanlarda vəhşət və psixi sarsıntılar yaratması diqqəti çəkir. Müqəddəs yerlərin qanla murdarlanması və bunu edən əzadarların timsalında dindarlığın vəhşiliklə eyniləşdirilməsinə gətirib çıxarılmasına isə söz tapmaq çətindir. Bu mərasimin bəzi xristinan sektalarından qaylaqlandığı məlumdur. Belə ki xristianlığın bəzi sektaları İsa peyğəmbərin xristianlara görə çarmıxa çəkilib əzab verilməsinə cavab olaraq özlərinə kəsici-deşici alətlərlə zərbə endirərərək işgəncə vermiş və bədənlərinə ciddi xəsarət yetirmişlər. Xristian sektantlarının bu əməli bəzilərində İmam Hüseynin də dinə və İslama görə şəhid edilməsi analoji hissi yaratmış və onlar da eyni əməli təkrarlamışlar.

Ucuna insanın əl hissəsinin modeli keçirilmiş dirək və ona bağlanmış parçadan ibarət olan bayrağa oxşar əşya “ələm” adlanır. Ələmə əsasən, qara rəngli parça bağlanır və bəzən üzərinə hansısa şüar yazılır. Bu əşya məscid, ziyarətgah və hüseyniyyə adlanan əza yerlərində yerləşdirilir və lazım gəlsə, əzadar qrupların önündə aparılır. Ələm bir növ məhərrəm ayının başlanmasını göstərən əzadarlıq nişanəsi və Kərbəla faciəsinin simvoludur. Fəqihlər bu əşyanın istifadəsinə də “ələm gəzdirməyin eybi yoxdur” cavabı verməklə kifayətlənirlər. Ələm Qacarlar dövründə Avropa ölkələri ilə əlaqələr zəmində meydana çıxmış və xristian ayinlərindən iqtibas edilmişdir. Belə ki xristianlar da dini rituallar zamanı üzərində xaç olan ələmə bənzər əşyadan istifadə edirlər.

Lakin bəzilərinin iddiasına görə ələm Kərbəlada baş verən döyüşdə İmam Hüseyn tərəfindən döyüşən qoşunun döyüş bayrağıdır. Hətta bəzən daha irəli gedib bayrağın tutacağının ucuna bərkidilmiş əl şəkilli başlığa əsaslanıb onu İmam Hüseynin qardaşı və Kərbəla vaqiəsində qoşunun ələmdarı olan Həzrət Abbasın kəsilmiş qolunun timsalı olduğunu iddia edirlər. Lakin ölkəmizdə, əsasən, bu ələm modelinə parça yox, qadın yaylıqları, əl dəsmalları bağlanır. Məhərrəmlik mərasimlərində məscidlərdə, pirlərdə dindarlar arasında gəzdirilir. Dindarlar da ələmə bağlanmış yaylıqların ucuna pul və sair qiymətli əşyalar bağlayır və ya ona bərkidilmiş torbaya bunları qoyurlar. Bəziləri ələmin başlığını öpür və onun altından keçir, hətta ondan şəfa diləyən də olur, yəni bir sözlə o müqəddəsləşdirilir. Belə əməllər də özü-özlüyündə məzhəbin aşağılanmasına səbəb olan halların yaranmasına gətirib çıxardır.

Adətən, ələm məscidin və hüseyniyyənin bir tərəfində divara dayanmış halda qoyulur. Həmin yerdə “teşt” adlanan qab qoyulur və ona su doldurulur. Buna “teşt qoymaq” deyilir. Teştdəki su müqəddəs və şəfaverici hesab olunaraq bəzi əzadarlar tərəfindən içilir və hətta üzünə sürtülür. Teşt qoymağın məna və mənşəyi məlum olmasa da, eyni su qabından yüzlərlə adamın, xüsusən immuniteti zəif olan uşaqların belə istifadə etməsi hava-damcı yolu ilə yayılan bir çox infeksion xəstəliklərin yayılmasına rəvac verən antisanitariya və neqativ hal hesab olunmalıdır.

Əzadarlıq məclislərində keçirilən tədbirlərdən biri də “şəbih” adlanan və Kərbəla faciəsinin səhnələşdirilməsindən ibarət olan xüsusi tamaşa növü keçmişdə geniş yayılmışdı. Kərbala faciəsinin əzadarlıq məclislərində səhnələşdirilməsi savadsız insanlara daha əyani olaraq həqiqətin çatdırılmasına kömək etmişdir. Televiziyanın meydana gəlməsindən sonra bu tamaşanın təşkil olunması, demək olar ki, sıradan çıxmışdır. Şəbih Kərim xan Zənd dövründə yaranmış, Səfəvilər dövründə formalaşmış və Nəsrəddin şah dövründə geniş yayılmışdı. Buna səbəb şahın Avropa ölkələrinə səfərləri zamanı teatrın təsir imkanlarının genişliyini müşahidə etməsi idi. Xüsusən Fransa teatrının təsiri ilə İranda geniş yayılan şəbih Hindistan və Pakistanda əzadarların diqqətini cəlb etmiş və geniş tətbiq olunmuşdur.

Məhərrəmlik mərasimlərinin bir sıra ritual və ayinləri Kərbəla qiyamının hədəflərinin daim gündəmdə qalmasında müsbət rola malik olması şübhəsizdir. Bu, xüsusən həmin dönəmdə insanların dini maariflənməsi üçün münbit şəraitin yaranmasında özünü göstərir. Hətta insanların əzadarlıq məclislərinin təşkili zamanı bir sıra ictimai işlərə yardım etməsi və bəzi sosial problemlərin həllində göstərdiyi fəallıq təqdirəlayiqdir. Lakin, eyni zamanda bu mərasimlərdə bəzi əməllərin cəmiyyətdə dinin və məzhəbin təhrif edilərək gözdən salınmasında rolu heç də az deyil. Bunlardan ən dəhşətlisi əzadarlığın bir sıra əməllərini şiəlik məzhəbinin təməl prisnsipləri kimi dindarlara aşılanmasıdır.

Rabil Abdinov (araşdırmaçı-yazar)

Birlik.az