22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşurada gözəllik məfhumu
11.07.2018

“Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki,

onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı”

Lev Tolstoy

Yenə əsdi qara ələmlər!

Artıq 1378-ci məhərrəmdir əsir bu qarə ələmlər, 1378 ildir şövqlə tutulur bu matəm. Səbəbi nədir bu eşqin? Tarixdə varmı ikinci belə sərkərdə, belə soltan? Qitədən-qitəyə ölkələr fəth edən, böyük kəşflərə imza atan hansı fateh, hansı alim, hansı hadisə belə bir ürəkdağlayan yanğı ilə hər il xatırlanır və yandıqca da, ona olan eşqi alovlandırır?

O, necə bir şamdır ki, ətrafında dolanan pərvanələrin sayı il-ildən artır?! O, necə bir cəng meydanıdır ki, bağrı dağlanan bacı orada yalnız gözəllik görür?

Nədir o gözəllik?

Neynəvanı Kərbü-bəlaya çevirən, Aşuranı matəmə bürüyən hansı gözəllikləri, hansı özəllikləridir?

Nədir Şəhidlər Şahını peyğəmbərlərdən də üstün məqama çatdıran?

Tarix boyu peyğəmbərlər Allah Təalanın əmrlərini insanlara çatdırmağa çalışdılar, bu yolda hər cür məşəqqətə dözdülər. Buna səbəb sitayiş etdikləri Allahı tanıyıb, Ona sidq ürəklə inanmaları və Ona yaxın olmağa çalışmalarıdır. Bu yolda çəkilən əziyyətlər də, verilən qurbanlar da xoşdur. Bu baxımdan Aşura səhnəsi əvəzolunmaz nümunədir!

Düşmənlə əhatə olunmuş susuz, quru səhrada hamıyla halallaşıb, bütün dünyəvi bəhanələrə bağlı olanları buraxıb, əsil qurbanları ilə qalan imam!

Əsil qurbanlar dedim, çünki Allah yolunda əsil, qənirsiz olanları seçərlər. Üstəlik bu qurbanlar özləri tam şüurla, azad iradə ilə cəngavərcəsinə seçmişdilər bu aqibəti. Həzrət Əlinin (ə) sözləri ilə desək: “Nə cənnət ola, nə cəhənnəm, nə cəza ola, nə mükafat, mən yenə də bu yolu seçərəm!”.

Onlar da Aşura günü nə dünyanın fani bəzəklərini, nə də cənnətin daimi gözəlliklərini seçdilər, onlar Haqqı və Haqq yolunda bütün varlığından keçən əsil Aşiqi seçdilər! Onlardır Cənnətə zorla sürüklənənlər! İnsanı yalnız maddədən, mənfəətdən ibarət hesab edən dünya, belə bir səhnə görməmişdi!

Həzrət İbrahim (ə) idi İmam Hüseyn (ə), cavan Əli Əkbərini, Əbülfəzlini, Qasimini qurbangaha göndərəndə! Qurban verən razı, gedən razı! Həzrət Yaqub (ə) idi İmam Hüseyn (ə,) körpə Əli Əsgərinin qolları üstündə çırpınan cismini görəndə! Həzrət İsa (ə) idi İmam Hüseyn (ə), bütün bu vurulan yaralara rəğmən, azmış düşməni şəfqətlə hidayətə çağıranda!

Allahın aslanı Əli (ə) idi o həzrət (ə), “Allahın dini mənim ölümümlə yaşayacaqsa, ey qılınclar, doğrayın məni!” deyib, cəng meydanında qəhrəmancasına vuruşanda!

Və bütün bunlara və bundan sonra baş verəcək əzablara Allaha xatir mətanətlə, vüqarla sinə gərən, “Allahım, bu kiçik qurbanı bizdən qəbul et!” deyib, özündən sonra gələn bütün bəhanələri əbədiyyən susduran, Aşura həqiqətlərini dünyaya çatdıran, şücaəti, bəlağəti ilə zalım saraylarını titrədən Xanım Zeynəbin (s) əzəməti;

Uşaqlara su gətirə bilmədiyi üçün çay kənarında sudan imtina edən həzrət Əbülfəzlin (ə) qeyrəti;

Çəkdikləri bütün məşəqqətlərə rəgmən son nəfəslərinədək sədaqətli qalan səhabələrin vəfadarlığı;

Haqqın tərəfinə keçməkdən qorxmayan Hürrün tövbəsi və cəsarəti;

– hərəsi ayrılıqda bir məktəb, hərəsi əvəzolunmaz, misilsiz bir gözəllikdir!

Və bu gözəlliklər Allaha olan İlahi Eşqin sönməyən parlaq təcəssümü, Yaradana bəndəliyin zirvəsidir!

Aşura – vüqarın, fədakarlığın, vəfadarlığın, səbrin, vicdanın, izzətin simvolu, Haqqın gurlayan səsidir! Dilindən, irqindən, millətindən asılı olmayaraq Allah yolunda həmrəyliyin, qəhrəmanlığın, sədaqətin, azadlığın dərsidir!

Kərbəla vaqiəsi – Uca Allahın mələklər qarşısında fəxr etdiyi Şah əsəridir!

Gülzar Şadlı