22 Noyabr 2024 - 22
İnsаnlаrа әbәdi dәrs vеrәcәk misilsiz bir hәrәkаt kimi tarixə düşən Kərbəla vaqiəsini digər hadisələrdən ayıran əsas fərqlərdən biri onun baş vermə səbəbi – İmam Hüseynin (ə) hədəfi, məqsədi idi. Onu 13 əsrdən çox vaxt keçməsinə baxmayaraq, indiyə kimi insanların ürəyində, yaddaşında yaşadan əsas səbəb – İmam Hüseynin (ə) bu qiyamdakı hədəfi olmuşdur. Görəsən qısa zaman müddətində baş vermiş bu hadisəni illərcə davam edən müharibələrdən daha əzəmətli edən səbəb – İmam Hüseynin (ə) məqsədi nə idi? Həzrətin (ə) Qiyamətə kimi təsirli olacaq bu qiyamdakı hədəfi nə idi?
Bütün bu suallara daha dolğun cavab tapmaq üçün Quran və hədislərə müraciət etməyimiz doğru olar.
Allah Təala Qurani-Kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr-be-məruf və nəhy-əz-münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir”. (“Ali-İmran” surəsi, ayə 104)
Rəsulallah (s) belə buyurub: “Əgər bir şəxs əmr-be-məruf və nəhy-əz-münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və Kitabının yer üzərində xəlifəsidir”. (“Məcməul-bəyan”, 2-ci cild, səh. 807)
İmam Hüseyn (ə) Məhəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr-be-məruf və nəhy-əz-münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim».
“Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir”. (“Əhzab” surəsi, ayə 21)
İmam Hüseyn (ə) buyurmuşdur: “Mənim məktəbim sizin üçün bir ülgüdür”. (“Mosuətu kəlimati-l-imamil Hüseyn (ə)”, səh. 361)
İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz”. (“Məqtəli Xarəzmi”, səh. 184)
“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır”. (“Səf” surəsi, ayə 8)
Allahın Rəsulu (s) buyurub: “Mən Hüseyndən, Hüseyn də məndəndir”. (“Bihar”, 43-cü cild, səh. 295)
Allahın Rəsulu (s) buyurub: “… O, (Hüseyn (ə)) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri – mənim əmrimdir, Ona itaət etmək – mənə itaət etməkdir. Hər kəs onun yolu ilə getsə - məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə - məndən deyil”. (“Əmali-Səduq” səh. 101)
Allahın Rəsulu (s) buyurub: “Hüseynin (ə) vasitəsi ilə insanlar (onun yolu ilə gedənlər) xoşbəxt və (ona qarşı çıxanlar) bədbəxt olurlar. Agah olun və bilin ki, həqiqətən Hüseyn – cənnət qapılarından biridir, hər kəs onunla düşmənçilik etsə, Allah cənnətin ətrini ona haram edər”. (“Miətu mənqəbə”, (İbni Şazan), səh. 47)
“İzzət yalnız Allaha, Onun Peyğəmbərinə (s) və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, ayə 8)
Allahın Rəsulu (s) buyurubdur: “Qeyrət – imandandır”. (“Mən la yəhzuruhul-fəqih”, cild 3, səh. 444)
“Həqiqətən Allah Təala Öz bəndələrindən qeyrətlisini çox istəyir”. (“Mizanul-hikmət”, cild 7, səh. 357)
Düşmən qoşunundan bəzisi İmam Hüseynin (ə) şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə İmam (ə) fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa dünyada qeyrətiniz olsun”. (“Bihar”, cild 45, səh. 49)
Aşura günü İmam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: “Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram”. (“Əl-irşad”, səh. 235)
Aşura günü İmam Hüseyn (ə) buyurdu: “Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb: ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!” (“Əl-Lühuf”, səh. 97)
İmam Hüseyn (ə) buyurubdur: “İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır”. (“Mənaqibi İbni Şəhri Aşub”, cild 4, səh. 68)
“Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm”. (“Mənaqibi İbni Şəhri Aşub”, cild 4, səh. 68)
İmam Hüseyn (ə) buyurub: “Mənim şənim, ölümdən qorxan adamın şəni kimi deyil”. (“Əhqaqul-həqq”, cild 11, səh. 601)
Allahın Rəsulu (s) buyurubdur: “Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: “Ey müsəlmanlar, yetişin mənim dadıma!”. Əgər ona cavab verməzsə, müsəlman deyildir”. (“Bihar”, cild 71, səh. 339)
İmam Hüseyn (ə) buyurub: «Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə - Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın”. (“Mosuətu-kəlimatil-İmamil-Hüseyn (ə)”, səh. 369)
Aşura günü İmam Hüseyn (ə) buyurub: “Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin (s) itərtini (Əhli-Beytini) müdafiə edəcək bir müdafiəçi varmı?” (“Bihar”, 45-ci cild, səh. 46)
“Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız”. (“Ali-İmran” surəsi, ayə 92)
Aşura günü İmam Hüseyn (ə) buyurub: “Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən”.
“Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öyrəndi”. (“Bəqərə” surəsi, ayə 37)
Müfəssirlərdən bəziləri bu ayəni təfsir edərkən, belə bir rəvayət nəql edirlər ki, Həzrət Adəm (ə) ərşdə həmin kəlmələri gördü, Həzrət Cəbrail (ə) də nazil olub, bu kəlmələri ona öyrətdi: “Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ihsan bihəqqi-l-Hüseyn”.
Sonra Həzrət Adəm (ə) Həzrət Cəbraildən (ə) soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrət Cəbrail (ə) İmam Hüseynin (ə) Kərbəladakı müsibətini ona xəbər verdi. (“Nəfəsü-l-məhmum”, səh. 22)
“Məryəm” surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, “kaf” Kərbəlaya, “ha” həlakətə, “ya” Yəzidə, “əyn” Hüseynin ətəşinə (susuzluğuna), “sad” Hüseyn ibn Əlinin (ə) səbrinə işarədir.
Kazım Əlibəyli