23 Noyabr 2024 - 23
Nəsuh tövbəsi
Qayıdaq tövbə mövzusuna. Biz bir dünyada yaşayırıq ki, onun tərbiyə sistemində, təhsilində, universitetlərində, məktəblərində, teleməkanında və sairədə insanın qurtuluşunun ən mühüm amili olan tövbə adına demək olar ki, heç nə yoxdur. Aşuranın öyrətdiyi ən böyük dərs budur ki, insan büdrəyir: Quran oxuyan da, namaz qılanlar da, hətta gecələr səcdələrdən qalxmayanlar da büdrəyə bilir. Aşura bizə öyrədir ki, əgər tövbə olmasa, ən inkişaf etmiş cəmiyyət belə tənəzzülə məhkumdur. Necə ki, biz bunu Aşurada gördük: Həzrət Peyğəmbərin (s) qurduğu cəmiyyət tövbədən uzaqlaşdığı üçün, hətta öz İmamlarına (ə) qarşı çıxdılar.
Söhbət elə-belə tövbədən getmir, söhbət Nəsuh tövbəsindən gedir. Nəsuh tövbəsinin mühüm bir xüsusiyyəti də budur ki, onda bir daha günaha dönməmək prinsipi vardır. Tövbə etmək möminin, bir müsəlmanın, bir inanc əhlinin əsas mənəvi vəzifələrindən biridir. Tövbə gərək yalnız dillə deyilməsin, içdən gəlməli, qəlbdən gəlməlidir. Sözgəlişi tövbəyə heç nə düşmür. Bəzən toplumda da tez-tez işlənir ki, "əstəğifirullah". Bu kəlməni tez-tez toplumda eşidirik, hətta bəzən ateistlər belə fərqinə varmadan bu sözü işlədir. Bu sözü anlayaraq, dərk edərək, fərqinə vararaq dilə gətirməli və qəlblə ona reaksiya verməliyik. İmam Baqir (ə) buyurur: "İnsanın batini zahiri kimi gözəl olmalıdır. Hətta batini zahirindən gözəl olmalıdır". Zahirdə təmiz geyinmək, səliqəli olmaq yaxşıdır, amma batin bundan daha gözəl durumda olmalıdır.Bəli, Kərbəla məktəbinin altıncı dərsi – tövbə mədəniyyətidir.
Tövbə olmasa, insan namaz qıla-qıla, oruc tuta-tuta, Quran oxuya-oxuya bir gün gələr İmamının (ə) qarşısında dayanar. Kərbəlada biz bunu gördük. Ona görə də Kərbəlanın ən böyük dərslərindən biri də tövbədir. Hamımız səhv edə bilərik. Mömin və möminə öz həddində səhvlər edə, xətaya yol verə bilər, mömin və möminə də xətadan sığortalanmayıb. Quran bizə deyir ki, tövbə Allah dərgahında olar və bir də o əməllər xatırlanmaz, yada salınmaz
Necə namaz qılmaq, oruc tutmaq kimi vacibatalarımız var, eləcə də vaxtaşırı daxilimizə baxıb əməllərimizi təftiş etməliyik, tənzimləməliyik. O əməlləri ki, Allah bəyənmir, onları tərk etməli və tövbə etməliyik.
Allahın bizdən istədiyi Nəsuh tövbəsidir. İçdən, daxildən gələn, peşmançılığa səbəb olan, dillə iqrar edilən, ona qayıdılmayan, iradəvi edilən və bir daha o gunaha qayıtmamaq əzmiylə səciyyələnən tövbədir Nəsuh tövbəsi. Bizdən istənilən tövbə budur. Onu da qeyd edək ki, tövbənin xüsusi şəraiti, xüsusi vaxtı, zamanı, xüsusi məqamı yoxdur. Nə zaman ki, anladın xəta edibsən, büdrəmisən – elə o an heç nəyi gözləmədən tövbə edilməlidir.
Tövbənin mahiyyəti
Tövbənin mahiyyətinə varmaq üçün, Müqəddəs Kitabımızın "Təhrim" surəsinin 8-ci ayəsinə doiqqət edək. Burada həqiqi tövbənin əsas xüsusiyyətlərinə işarə edilir: "Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab məkanına qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»". ("Təhrim" sürəsi 8-ci ayə).
Ayənin təfsiri çalarlarına diqqət edək:
1. Möminlər tövbəni doğuran amillərdən sığortalanmayıb.
2. Tövbə elə-belə tövbə deyil, xalis, Nəsuh tövbəsi olmalıdır.
3. Tövbə Allah dərgahında olmalıdır.
4. Tövbə namaz və oruc kimi mömin və möminlərin üzərində olan mükəlləfiyyət mövzusudur.
5. Tövbə yalnız dildə olmalı deyil. O, içdən gəlməli və həqiqətən Allaha tərəf yönəlməlidir.
6. Xətanı anladığımız an dərhal Allaha tərəf yönələrək, tövbə etməliyik.
7. Nəsuh tövbəsi budur ki, insan tövbə edə və bir daha o günaha doğru geri dönməyə. Bu haqda da İmam Sadiq (ə) və İmam Hadidən (ə) hədislər nəql edilir ki, iç zahirdən pis olmamalı, müsəlmanın batini zahirinə müvafiq, uyğun olmalıdır, hətta batin gözəllikdə zahiri üstələmədir.
8. İnsan öz durumundan narazı olaraq, etdiyi tövbə Allahın razılığı üçün olan tövbə kimi qəbul olunur.
Tövbənin daha 4 xüsusiyyətinə, təfsiri çalarına diqqət edək.
1. Tövbə bəndə ilə Allah arasında olan əməldir.
2. Tövbənin 2-ci xüsusiyyəti budur ki, əgər bu, baş veribsə, həm ozünü və həm də ətrafını hərəkətə gətirər.
3. Həqiqi tövbə möminin dağılmış halını, cəhətlərini cəmləyər, müsbət xüsusiyyətlərini bərpa edər, onları gücləndirər.
4. Tövbə gələr və günahın təsirini aradan aparar. Günah insana həm fiziki, həm mənəvi, həm də psixoloji təsirlər qoyar. Tövbə bunları da aradan aparar. Ümumilikdə
Nəsuh tövbəsinin 20-dən çox xüsusiyyəti var ki, onların 4 əsas cəhəti var:
1. Qəlbi peşmançılıq olmasa, tövbə yoxdur.
2. İnsan qəlbən peşmandırsa, bunu dillə Rəbbinə bəyan edir, dillə izhar edir.
3. Dili ilə dediyini digər tərəfdən əməllə davam etməyə çalışır. Günahın tərkinə əzm edir.
4. Əzmi olur ki, bir də o günahı təkrar etməsin.
Bu 4-ü birləşsə, xoş o insanın halına.
Allahım! Bizləri Kərbəla məktəbini dərk edənlərdən qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof