21 Noyabr 2024 - 21
Həzrət İmam Zeynalabidini hər vaxt ağlayan görürdülər. Mənbələrdə bildirilir ki, İmam Səccad (ə) atası İmam Hüseyn (ə) üçün 20 il ağlayıb. İmamın xidmətçisindən belə nəql olunur: "Nə vaxt İmamın qarşısına yemək qoyardıq, görərdik ki, ağlayır. Bir gün soruşdum ki, atam-anam sizə fəda olsun, ey Peyğəmbərin övladı, bu hüznə nə vaxt son qoyacaqsınız? İmam Səccad (ə) belə buyurdu: "Heç bilirsənmi ki, Həzrət Yəqubun (ə) 12 oğlu olub?" Dedim, bəli, bilirəm. İmam buyurdu: "Allah onun bir oğlunu gözündən ayrı salaraq uzaqlaşdırdı. Heç kəs Yusifin hara getdiyini bilmədi. Yəqub təkcə Yusifin ayrılığına görə o qədər ağladı ki, nəticədə gözlərinin qarasını itirdi, heç kəsi görmürdü".
İmam Səccad (ə) sonra əlavə etdi: "O qədər övlad dərdi çəkdi ki, qəm-qüssədən beli büküldü. Amma Yəqubun qəlbində bir təsəlliverici məqam var idi ki, bilirdi oğlu sağdır və sadəcə ona yetişmək istəyirdi. Bu cəhətdən ürəyi rahat idi, oğlu yer üzündə idi. Nə yerin altına, nə səmaya getməmişdi, yer üzündə rahatlıqla gəzirdi".
İmam belə davam etdi: "Amma mən Kərbəlada atama baxdım, gördüm ki, yerdə uzanıb. Qardaşlarıma baxdım, əmimə baxdım, biz Əhli-beytdən olan 17 nəfərin cəsədlərini gördüm. Onların hamısı mənim yanımda, gözümün qarşısında şəhadətə çatdılar. Mən bunları necə unudub yaddan çıxarım?!".
Mirnemət Mirzəyev