21 Noyabr 2024 - 21
İslami dəyərlərin arasında Aşura gününün qeyd edilməsi özünəməxsus bir yer tutur. Əsrlər ötməsinə baxmayaraq Kərbəla müsibəti sanki yaddaşlarda həkk olaraq nəsildən nəsilə ötürülən bir faciəyə çevrilmişdir ki, bu da haqqın batil, məzlumiyyətin zülm üzərindəki qələbəsinin təzahürüdür. Dünyanın hər bir bucağında haqq, ədalət, zülmə son və. s məzmunlu şüarlar altında keçirilən yürüşlər, nümayişlər, piketlərin çox doğru və bəyənilən bir əməl olduğu düşünüldüyü halda, zülmün kökünü kəsmək üçün sinəsini sipər edən İmam Hüseyn (ə) və silahdaşlarını yad etmək məqsədilə keçirilən əza mərasimləri bəzi insanları görəsən nə səbəbə narahat edir? Belə bir fikir ortaya atılır ki, azyaşlı və orta yaşlı uşaqların belə mərasimlərdə iştirakı onların təlim-tərbiyəsinə mənfi təsir göstərə və onları təhsildən yayındıra bilər. Əslində fərdin şəxsiyyət kimi formalaşması üçün onda ən yüksək mənəvi və əxlaqi dəyərləri aşılamaq lazımdır. İmam Hüseyn (ə) şəxsiyyətini araşdıran hər bir kəs onun (ə) bütün bu dəyərləri özündə cəm etdiyini görər və nəticə etibarilə həm özünün, həm də övladlarının məhz belə bir şəxsiyyətin əxlaqından və mənəviyyatından bəhrələnməsini qarşısına məqsəd qoyar. Belə olduğu təqdirdə İmam Hüseyni (ə) özünə ideal rəhbər qərar verən insan onun faciəsini ən yaxınının, ən doğmasının müsibəti kimi qəbul edib ona yas saxlayar.
Vətən uğrunda şəhid olan Azərbaycan oğullarının əksəriyyəti İmam Hüseyn qəhrəmanlığını özünə örnək almış və almaqdadır. Seyid Camal Əzimbəyli yazır: "Aprel şəhidlərindən biri Mahir Mirzəyevin atası oğlunun öz mənəvi dərsini Aşura məktəbindən aldığını dilə gətirmiş, cümə günləri məsciddən evə gəldikdən sonra isə ailə üzlərinə həqiqi din və vətən sevgisini israrla təbliğ etdiyini söyləmişdir."
Ey Qərb mədəniyyətini ülgü hesab edən simalar! Məlumdur ki, Avropa insanı ən yaxın adamını, doğmasını itirərkən yas içində olduğunu bildirmək üçün qara libas və qara eynək geyinir və hətta azyaşlı uşaqları belə eyni tərzdəki geyimləri ilə valideynlərini müşaiyət edirlər. Bəs nəyə görə ailəsi tərəfindən islami dəyərlərə ehtiram ruhunda yetişdirilən azərbaycanlı balasının Kərbəla şəhidlərinə ehtiram əlaməti olaraq qara libas geyinərək və başına üzərində "Ya Hüseyn" yazılmış lenti taxaraq böyükləri ilə məscidə yollanması, və (hətta təqlid xarakteri daşısa belə) sinə döyərək ən yaxın adamına əza saxlaması mənfi hal hesab edilir?! Ətrafımızda övladlarımızın əxlaqına və tərbiyəsinə dərin zərbə vuran bu qədər səbəblər olduğu halda nəyə görə əsassız bəhanələrlə ittiham olunuruq?! Valideynləri ilə birlikdə gurultulu toy şənliklərində iştirak edən azyaşlıların və yeniyetmələrin əldən düşənədək oynayıb əylənməsi, diskotekalarda, konsertlərdə hər cür musiqi altında rəqs etməsi deyil, ən yüksək insanı keyfiyyətlərin təlqin olunduğu dini mərasimlərdə iştirak etməkmi uşaqları təhsildən yayındırır?! Yaxud bir neçə həftə öncə büllur sarayda konsert verən xalq artisti Aygün Kazımovanın açıq-saçıq və milli əxlaqımıza zidd rəqslərimi orada iştirak edən və ya televizor qarşısında bunun şahidi olan uşaqlara nümunəvi təsir göstərir?! Uşaqların təlim-tərbiyəsinə dağıdıcı təsir qoyan və hər cür əxlaqi rəzillikləri təbliğ edən klip və filmlərə veto qoymaq əvəzinə insanların dini inanclarını hədəf seçmək nə qədər cəfəngiyyatdır! Bu sirr deyildir ki, hətta dini məsələlərə məhdudiyyət qoyulduğu sovet hakimiyyəti dövründə belə bölgələrimizdə Aşura mərasimləri çox geniş şəkildə keçirilirdi. Kiçik yaşlarımda belə mərasimlərdə iştirak etməyim məni nəinki təhsildən yayındırmış, hətta ən gözəl mənəvi və dini dəyərləri aşılamışdır. Heç şübhəsiz ki, bu işdə övladlarının əllərindən tutaraq onları əza məclislərinə aparan böyüklərin rolu əvəzsizdir. Məlumdur ki, bütün müsbət keyfiyyətlər uşaqlara elə kiçik yaşlarında təlqin edilərsə, daha səmərəli və uğurlu olar. Onu da unutmayaq ki, dini dəyərlərə sahib olan fərd həm mənəvi, həm də əxlaqi dəyərlərə yiyələnə biləcəkdir. Odur ki, övladlarımızın islam ruhunda yetişməsini istəyiriksə, onları islam təqviminin bütün əlamətdar hadisələrində iştiraka cəlb etməliyik. Bilərəkdən və bilməyərəkdən danışanlar, tənqid edənlər həmişə olub və olacaqdır. Önəmli olan üstün əqlimiz və məntiqimiz ilə faktları düzgün qiymətləndirməyi və doğru bildiyimiz yolda sabit qədəmlərlə addımlamağı bacarmağımızdır.
Ən nəhayət, aşura mərasimlərinin təntənəli şəkildə keçirilməsi və uşaqların da belə mərasimlərə cəlb olunmasına irad tutan filankəslər! Əgər narahatçılığınız uşaqların təhsili ilə bağlıdırsa, agahınız olsun ki, bütün bəşəriyyət tərəfindən qəbul olunan müqəddəs Qurani-Kərimin ilk ayəsi "Oxu" əmri ilə başlanır. Elə Quran kəlməsinin bir anlamı da "oxumaq" deməkdir. Müqəddəs kitabımızda elm, bilik, təhsil, təlim-tərbiyə ilə bağlı yüzlərlə ayəyə rast gəlmək olar, eləcə də Hz. Peyğəmbər (s) və Əhli-beytindən (ə) nəql olunan kəlam və hədislərdə də bu mövzuya dəfələrlə toxunulur. Əgər həqiqətən də şəhidlərin yas mərasimlərində uşaqların iştirakı onların təhsilinə və dünya görüşünə mənfi təsir göstərirsə, o zaman 20 yanvar faciəsinin ildönümündə soyuq hava şəraitində nə məktəblilər, nə də ailələrinə qoşularaq gələn yeniyetmələr Şəhidlər Xiyabanına buraxılmamalıdır. Aşura mərasimlərində sinə vurmaq ənənəsinə etirazlarını bildirənlərə onu xatırlatmaq istəyirəm ki, bizlər hər nə ediriksə, Peyğəmbər (s) və məsum imamların (ə) əmr və göstərişlərinə əsasən yerinə yetirirk. Buna da dəlil olaraq məzhəbimizin rəisi İmam Cəfəri Sadiqdən (ə) səhih hədisimiz də vardır. Belə ki, İmam Sadiqd (ə) Hənnan ibn Sudeyirin suallarını cavablandırarkən Kərbəla hadisəsindən toxunaraq bildirir ki, Kərbəla hadisəsində Əhli-Beyt xanımları şəriətin icazə verdiyi və miqdarı aradan getməmək şərti ilə üst paltarlarını cırdılar. Sonra İmam Sadiq (ə) buyurdu: "Hüseyn (ə) kimisinə üzlər döyülsün, köynəklər cırılsın." (Vəsail-Şiə, c. 22, səh. 402, bab 31.) Bu sözlər İmamın əmridir və həmin xanımların hərəkətində özünü biruzə verir. İmam (ə) onu da buyurur ki, matəm mərasimini əl ilə üzə, başa və sinəyə vuraraq qeyd etmək olar və caizdir.
Müşfiq Mehdibəyli