03 Dekabr 2024 - 3
Həzrət Əlinin Nəhcul-Bəlağədə tarix barəsində gözəl bir sözü var. Həzrət buyurur: "Mən tarixdə yaşayanların əməllərinə baxdım, onların bizə çatan xəbərləri haqqında fikirləşdim, onlardan qalan əsərləri müşahidə etdim, ora qədər vardım ki, sanki onlardan birinə çevrildim". Biz həzrət Əlinin bu hədisini əsas götürərək, istəyirik bu baxış bucağından Kərbəlaya baxaq. Bilirsiniz, tarix çoxlu sayda Kərbəlaya nisbətdə aşağı ölçüdə qiyamların şahidi olub. Yəni Kərbəla qədər də olmasa ölənlərin bəzən sayı Kərbəladan daha çox olub. Hətta Əlinin Siffeyn müharibəsinə baxsaq tarix yazır ki, 90 min nəfər insan bu döyüşdə iki tərəfdən dünyasını dəyişib. Əlbəttə biz haqq tərəfində dünyasını dəyişənlərə şəhid, batil tərəfində dünyasını dəyişənlərə həlak oldu deyirik.
İmam Hüseyn (ə) Kərbəlası ilə bizə bir şeyi öyrətdi ki, mümkündür haqqın tərəfi çox az ola, mümkündür haqqın tərəfində xanımlar ola, mümkündür batilin tərəfi çox zəngin ola və batil mümkündür ki, müəyyən müasir silahlarla, silahlanmış ola, istər silah baxımından istərsə də say baxımından çox mütəşəkkil olalar. İmam Hüseynin bizə öyrətdiyi ən böyük dərs budur ki, insan heç bir zaman ruhdan düşməməlidir. Biz tarixdə ilahi şəxslərin İmam Hüseynin Kərbəlasını örnək alıb necə inqilablar etdiklərinin şahidi olmuşuq. Böyük alimlərdən biri buyurub ki, “mənim dünyada torpaqdan ayağımı üzsəniz, mən dənizdə bir taxtanın üzərində dayanacam amma mübarizəmə davam edəcəyəm.” Bizim üçün həzrət İmam Hüseynin Kərbəlası mübarizə üsulunu öyrədir. Mübarizə deyəndə bəzən belə başa düşülür ki, bu böyük bir kontekstdə olmalıdır. Yəni mütləq bir insan durmalıdır və millətin qabağına düşməlidir, yaxud hansısa bir dövlətlə mübarizə aparmalıdır. Əslində isə mübarizənin forması kiçik kontekstdən başlayaraq böyüyə doğru getməlidir.
Bir zaman həzrət Peyğəmbər “Təbuk”dan qayıdarkən buyurdu: "Şükürlər olsun ki, kiçik cihadı başa vurduq. Səhabələr dedilər: Ya Rəsulullah necə yəni kiçik cihadı başa vurduq? Təbuk döyüşü aclıqla, susuzluqla müşahidə olunan çox çətin döyüş oldu. Bəs böyük cihad nədir? Həzrət buyurdu: "Böyük cihad insanın nəfsi ilə olan mücadiləsidir".
Həzrət İmam Hüseynin Kərbəlasında ən önəmli tərəf, ən önəmli cəhət oradakı müharibələr deyildi. Bəzən biz səhv olaraq həzrət Əbəlfəzli daha böyük şücaətdə qəhrəmanlıqlar göstərdiyi haqqında məlumatlar veririk, amma tarix bunu göstərir ki, həzrət Əbəlfəzl Kərbəlada o (şişirdildiyi) qədər də böyük qəhrəmanlıqlar göstərmədi. Çünki müharibənin müddəti 4-5 saat ərzində sona çatdı. Həzrət Əbəlfəzlin burada işi tamamilə fərqli idi. Və axırda ki, döyüşə getmişdi, məqsədi suyu gətirmək idi, İmam Hüseyn (ə) ona buyurdu ki, qardaş edə bilirsənsə su gətir. Yəni müharibə əmri, cihad əmri verməmişdi. Əslində bizim buradan öyrənə biləcəyimiz bu insanların Allah qarşısında nə qədər təslim olmasıdır. Kərbəlaya biz bu tərəfdən yanaşmalıyıq.
Kərbəlanın ən böyük önəmi bu idi ki, orada 72 nəfər (məşhur rəqəmə görə) insan cəmləşmişdi. 72 nəfər insan Qurani-Kərimin ifadəsi ilə desək “istəkləri bir olmuşdu”. 72 insanın istəyinin bir olmağı demək olar tarixdə mümkün olmayan bir haldır. Ona görə də, Hüseynin inqilabı, Hüseynin Kərbəlası dünyada özünəməxsusdu, ikinci təkrarı yoxdur. Hansı baxımdan? Fəlakət baxımındanmı, faciə baxımındanmı? Yox! Faciə baxımından bilirik ki, bizim Xocalımız faciəsi Kərbəla qədər də olmasa Kərbəlaya bərabər faciə idi. Amma niyə Kərbəla? Kərbəlanı Kərbəla edən oradakı insanların dəyanəti, oradakı insanların özləri ilə necə mübarizə etməkləri, oradakı insanların necə Hüseynin iradəsi qarşısında iradəsiz olmaları idi. Bir ümmətin müfəvvəqqiyəti ondadır ki, o öz imamının əmrləri qarşısında ikinci əmr özlərindən sadir (qərar) etmirlər.
Kimsə Kərbəla məktəbindən faydalanmaq istəyirsə, bu hadisənin görünməyən tərəflərinə müraciət edə bilər. Döyüş prosesi, qətllər, göstərilən şücaətlər, qılınc müharibəsi, əzmlə müqavimət və sair bu kimi məqamlar, əslində Aysberqin görünən tərəfləridir. Əslində Kərbəla olayının görünməyən tərəfləri daha maraqlı və əhəmiyyətlidir.
Məsələn Həzrət Əbəlfəzlin (ə) Əbəlfəzl olmaq səbəbi onun döyüşməsidirmi? Qətiyyən yox! Nədir bəs? Həzrət Hüseynin (ə) yolunda göstərdiyi sədaqət və itaətkarlığıdır. Əgər ikinci bir şəxs çıxsa ki, öz imamına bu qədər itaətkar və sadiq olsun, o elə Əbəlfəzl kimi olacaq. Ona görə İmam Hüseynin (ə) Kərbəlası barədə deyirlər ki, "Hər yer Kərbəladır, hər gün Aşura". Yəni Kərbəla hadisəsi bitməyib. Nə qədər öz nəfsləri qarşısında, Allah qarşısında, Peyğəmbər qarşısında, şəriət qarşısında itaətkar olan insanlarımız varsa və nə qədər batilə qarşı mübarizə aparan mücahidlər varsa, o qədər Kərbəlamız olacaq, o qədər Aşuralarımız yaşayacaq.
Səid Abbasov