23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Şəhadət məktəbi – İslam düşmənlərinin əsas qorxusu
11.08.2018

Öz ali kimliyi, qanı və şəhadəti ilə İslamı yenidən əhya edən, məzlumu və zalımı anladan İmam Hüseynin (ə) Aşurası yüz illərdir qəlblərə hakim kəsilib. Hər il dünya müsəlmanları Məhərrəm ayında, xüsusən də Aşura və Ərbəin günündə anma mərasimi keçirir, Kərbəla şəhidlərini yad edirlər.

“Kərbəlanı olduğu kimi anlamaq və anlatmaq lazımdır”

"Ölkəmizdə Aşura mərasimlərinin ilbəil möhtəşəm xarakter alması bir çox aspektdən izah oluna bilər. Aşura hərəkatı haqla batilin üz-üzə gəlməsinin təcəllisi, şücaət, dirəniş, şəhidlik məktəbi, vətənə sevgi, vətənpərvərlik ruhiyyəsi, haqq-ədalət rəmzidir. Bu baxımdan Kərbəla faciəsi tarixdə yeganə bəşəri cinayətdir ki, hər il anılıb kütləvi şəkildə qeyd olunur. İmam Hüseynin şəhadətə yetişdiyi Aşura hadisəsini möhtəşəm edən, əsrlərdir diri saxlayan haqqın batilə, zülmə qarşı mübarizəsidir. Yer üzündə nə qədər ki, haqla batil çarpışır, Aşura da yaşayacaq və yaşadılacaq. Haqqın tərəfində olub, batilə, zülmə qarşı çıxmaq hər bir sağlam düşüncəli insanın fitrətindədir. Kərbəla hadisəsi haqqın batil üzərində mübarizəsinin şəffaf aynasıdır. Bütün bəşəriyyətə haqq uğrunda ölümün, dönməzliyin, sevginin və qüdrətin gücünü sübut edən Aşuranın közü bu baxımdan heç vaxt sönməyəcək”.

Azərbaycan xalqının ən böyük problemi 25 ildən artıq müddətdə Qarabağ münaqişəsinin öz həllini tapmaması, torpaqlarımızın işğal altında qalmasıdır. Bəs Kərbəla hadisəsinin artan möhtəşəmliyi fonunda konfliktin həlli mümkündürmü?

Torpaqlarımızın azad edilməsi istiqamətində Kərbəla hərəkatı əvəzsiz və olduqca mühüm təsirlərə malikdir: “Kərbəlanın kökündə nə dayanır? Zalımlara, haqsızlığa, qəsbkarlığa etiraz, böyük güclərə qarşı dik durmaq, müqəddəs amallar uğrunda şəhid olmaq. Cəmiyyətə bu ideologiya aşılanmalıdır. Bu mənada torpaqlarımızı yalnız şəhadət ruhiyyəsi azad edə bilər. Vətən, torpaq uğrunda candan keçmək ölmək demək deyil, əbədi səadət, həqiqi həyat deməkdir. Aşuradan faydalanmaq, dərs almaq budur! Qarabağı uzun illərdir davam edən danışıqlar, müzakirələr deyil, şəhadət məktəbi geri qaytaracaq. Buna görə Kərbəlanı olduğu kimi anlamaq və anlatmaq gərəkdir”.

“Aşura və İmam Hüseyn (ə) fəlsəfəsi açılmalı, onlardan örnək götürülməlidir”

Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələri münaqişələrdən, terror hadisələrindən əziyyət çəkirlər. İslam aləmini zəiflətmək məqsədi daşıyan bu planın arxasında heç şübhəsiz xarici faktor dayanır. Hansı ki, həmin güc mərkəzləri İslamı təhdid, təhlükə bilirlər.

İslamdan qorxunun mahiyyətində məhz şəhidlik məktəbi dayanır: “Azadlığı, istiqlaliyyəti, vətəni üçün ölümü gözə alan cəmiyyət əbədi səadətə qovuşmağı dərk edən cəmiyyətdir. Belə bir toplumu heç bir terrorla, işğalla, hədə-qorxu ilə məğlub etmək mümkün deyil. Tarixə nəzər salsaq, görərik ki, xarici qüvvələr şəhidpərvər xalqları nə sanksiyalarla, nə iqtisadi-siyasi blokadalarla, nə də güc zoruna ram edə biliblər. Çünki bu xalqlar ən böyük qorxu və təhlükə hesab olunan ölümü özlərinə şərəf biliblər. Məhz buna görə bəzi qüvvələr həqiqi İslamı özləri üçün təhlükə bilir, ondan qorxurlar. Bu səbəbdən cəmiyyətə Aşura və İmam Hüseyn (ə) fəlsəfəsi açılmalı, onlardan örnək götürülməlidir”.

İlham Əliyev