21 Noyabr 2024 - 21
“Əgər xanım Zeynəb (s) olmasa idi, o zaman İmam Hüseynin (ə) bütün hədəfləri mübarək cəsədi ilə bərabər Kərbəla çölündə torpağa basdırılardı”
“İmam Hüseyn Kərbəlada (ə) bir neçə saat ərzində İslamı bəşəriyyətə əməli surətdə elə göstərdi ki, üzərindən 14 əsr keçməsinə baxmayaraq dünya, Aşura faciəsini hələ də hüznlə anır, Aşura məktəbindən dərs alır və bu qiyamət gününə qədər davam edəcək”
Xanım Zeynəb (s) Aşura məktəbində əvəzsiz rol ifa edir: “ Əgər Kərbəla məktəbi bizə gəlib çatıbsa, bu, zahirən xilqətdə xanım kimi xəlq olunan, dünyaya gələn, lakin həqiqətdə tarixin ən böyük kişilərinin belə qüdrəti çata bilməyən hərəkətlərə imza atan Xanım Zeynəb (s) şəxsiyyətinin sayəsində mümkünləşib. Bir ana kimi baxanda Xanım Fatimeyi Zəhradan (s) sonra ikinci pillədə Xanım Zeynəb (s) obrazı gözlərimizin önündə canlanır. Eyni zamanda Xanım Zeynəbin (s) Kərbəla hadisəsində qardaşı İmam Hüseynin (ə) hədəf və məqsədlərini dünyaya çatdırdığını, bu məqsədlərin Kərbəla çölündə basdırılmasına əsla izn vermədiyini görürük. Xanım Zeynəb (s) qardaşı İmam Hüseynin (ə) bütün hədəflərini, amal və məqsədlərini Yezidin sarayına, oradan da bütün dünyaya çatdırmağı bacardı. Əgər Xanım Zeynəb (s) olmasa idi, o zaman İmam Hüseynin (ə) bütün hədəfləri mübarək cəsədi ilə bərabər Kərbəla çölündə torpağa basdırılardı. Amma Xanım Zeynəb (s) düşmənin mənfur niyyətinin gerçəkləşməsinə izn vermədi. Ona görə də, bugünki dünya qadınları ilk növbədə Xanım Zeynəbdən (s) şücaət dərsi almalıdır”.
Bəzən elə fikir irəli sürülür ki, xanımın vəzifəsi təkcə evdə oturub, ailəsinə və uşağına baxmaq, məişət işləri ilə məşğul olmaqdır. Lakin xanımın vəzifəsi bununla bitmir: “ Xanım Zeynəb (s) sübut etdi ki, qadın lazım olduqda evdə gözəl bir ana olmalı və ailəsinə qarşı vəzifəsini xanım kimi yerinə yetirməlidir. Lakin bununla yanaşı Allah hökmlərinin müdafiəsində, zəmanə İmamının özünün və hədəflərinin qorunmasında kişilərlə çiyin-çiyinə meydana atılmalıdır. Bu yolda döyüşməlidir, lazım gələrsə öz canı bahasına belə yorulmadan çalışmalıdır. Bu yolda ilk olaraq Xanım Fatimeyi Zəhra (s) Vilayətin və imamətin qorunmasında şəhid oldu. Hətta öz övladını belə fəda etdi. Təbii ki, Xanım Zeynəb (s) də anasının yolu ilə gedərək, onun kimi həyat yaşadı. Yəni dünyada olan müsəlman qadınlar unutmamalıdırlar ki, onların işi təkcə ev və məişət qayğıları ilə bitmir. Lazım gəldikdə cəmiyyətin hər bir məsələsinə müdaxilə etməli və dinin qorunmasında kişilərlə çiyin-çiyinə vuruşmağı bacarmalıdırlar. Məhz bu dərsləri Aşura məktəbi dünya qadınlarına bəxş edir”.
Vasif Nəftullayev