21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Azərbaycan gənci İmam Hüseyndən necə örnək götürə bilər?
24.08.2018

İmam Hüseynin və səhabələrinin həyatı təkcə Kərbəladan ibarət deyildi. Onlar uzun illər özlərini hazırlamışdılar. Yəni onlar üçün hər vaxt Kərbəla baş versəydi Kərbəlada göstərdikləri şücaəti, qəhrəmanlığı göstərə bilərdilər. Sual olur niyə? Burada ruhiyyə məsələsi var. Yəni onların ruhiyyələri daim Allahın hər bir əmrinə hazır idi. Bu insanlar özlərini elə tərbiyə etmişdilər ki, Allah tərəfindən gələn hər bir əmrdə bunlar üçün asanlıq var idi. Allah tərəfindən gələn hər bir əmri bunlar cani-dildən qəbul edirdilər. Burada insanda əsas inam və iman məsələsidir. Axirətə yəqinlik məsələsidir. Əgər bir insanın axirətə yəqinliyi olsa və bu yəqinlik üzərində çalışsa istər əxlaqi, istərsə qeyri-əxlaqi formada üzərində çalışsa Allahın əmrlərinə hər vaxt tabe ola bilər. Və bu şücaət sifətini özündə yetişdirə bilər.

Məsələn biz şəhid Mübarizin məktubuna baxanda görürük deyir, mən seyid nəvəsi olaraq bu addımı atmalıyam. Seyid nəvəsi olaraq. Yəni seyid nəvəsindən məqsəd kimdir? Həmin İmam Hüseyndir. Və valideynlərinə deyir ki, cənnətdə görüşərik. Yəni bu insanın məad haqqında, yəni axirət haqqında yəqinliyi o qədərdir vədə verir kiməsə ki, gələrsən behiştə görüşərik. Bu ruhiyyəni Şəhid Mübarizə kim aşılamışdır? Təbii ki, İmam Hüseyn aşılamışdır.

Mahatma Qandini misal vura bilərik ki, hətta müsəlman belə deyildi. O, deyir ki, mən atamdan soruşdum nə üçün ingilislərə qarşı vuruşmursunuz? Dedi ki, axı onlar bizi öldürər. Amma Qandi deyir mən İmam Hüseynin həyatını oxudum və İmam Hüseyndən aldığım dərsə əsasən bu nəticəyə gəldim ki, mən dirilmək üçün ölməliyəm. Əgər mən ölümdən qorxsam heç vaxt dirilməyəcəm.

Və qayıdırıq özümüzə. Bu gün Azərbaycan gənci İmam Hüseyndən nə öyrənə bilər? Bu gün Azərbaycan gənci İmam Hüseyndən əxlaq öyrənə bilər, necə ailəçilik etmək lazımdır, necə valideyn xidmətində durmaq lazımdır, bacı-qardaş münasibəti və necə sədiq olmaq lazımdır onu öyrənə bilər.

Kərbəla məktəbində həzrət Əbəlfəzlin sədaqəti kimi dünyada sədaqətli şəxsiyyət yoxdur. Həzrət Əbəlfəzl su içsəydi heç kəs onu qınamayacaqdı. Amma bu sədaqət ona icazə vermir ki, o işi görsün. Və yaxud İmam Hüseynin səhabələri görün nə qədər sadiq qaldılar imam və ailəsinə. O, insanlar birdən-birə tövbə edib başlamamışdılar. Onların həyatında imamət öz izin qoymuşdu.

Bu gün Azərbaycan gənci öz mənəviyyatını İmam Hüseynin və Əhli-beytin həyatına baxıb tənzimləsə şücaəti İmam Hüseyn özü onlara hədiyyə verəcək.

Emil Rahiloğlu