21 Noyabr 2024 - 21
Məhərrəm ayındakı mərasimlərdə qan axıtmaqla müşayiət olunan matəm rituallarının yaranma tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Bu fikirlər arasında ən mötəbər olanı budur ki, başyarma ənənəsi bugünkü Azərbaycan ərazisindəki türk əhali arasında mövcud olub və məhz buradan İrana və ərəb məmləkətlərinə yayılıb. "Kərbəla faciəsi" kitabının müəllifi İraq əsilli İbrahim Heydərinin fikrincə də, XIX əsrədək iraqlı əzadarlar arasında bu cür ənənələr mövcud olmayıb, başyarma və qan axıdılması ilə müşayiət olunan digər əzadarlıq formaları yalnız həmin əsrin sonlarına doğru bu ölkədə geniş yayılmağa başlayıb. Bu da o deməkdir ki, qan çıxartmaqla icra edilən əzadarlıq formaları heç də İraqda yaranmayıb və ərəblərdə belə bir adət-ənənə mövcud olmayıb.
Şeyx Kazim Dəcili də bu fikri təsdiq edərək deyir: "İyirminci əsrin əvvəllərinədək iraqlılar bu cür əzadarlıq mərasimlərində iştirak etməyiblər. Bu cür hallara ilk dəfə İraq türkləri, sufiləri, eləcə də qərbi İran kürdləri arasında rast gəlinib."
1919-cu ildə Nəcəf şəhərində keçirilmiş Aşura mərasimi ilə bağlı ingilis mənbələrinin hesabatında da göstərilir ki, həmin ilki mərasimdə 100 nəfər şiə türkdən ibarət qrup qan axıdılması ilə müşayiət olunan əzadarlıq keçiriblər.
Seyid Məhəmməd Bəhr əl-Ülum da bu fikri öz xatirələrində təsdiqləyib: "Təxminən 50-60 il bundan əvvəl mən Nəcəfdə olarkən orada olduqca az sayda türk mənşəli əzadarlıq dəstələri var idi. Onlar əza günlərində Seyid Bəhr əl-Ülumun (atası, yaxud babası - red.) evinə yığışar, onun icazəsi ilə İmam Hüseyn (ə) müsibəti barədə mərsiyyələr oxuyardılar. Onların bəziləri şeirlərə qulaq asarkən özlərinə yüngül xəsarətlər yetirirdilər və bununla İmam Hüseynin (ə) çəkdiyi əzabları fiziki olaraq hiss etməyə cəhd göstərirdilər. Tədricən bu hərəkətlər dəyişməyə başladı, sürətlə yayılaraq pikk həddə çatdı və nəhayət 1935-ci ildə dövrün Baş naziri Yasin Haşimi tərəfindən qadağan edildi. Əslində isə bu ritualların zorakı yolla qarşısının alınması əks nəticələr doğurdu, belə ki, qanlı əzadar qruplarının sayı üç dəfə artdı."
Kərbəla sakini olan Hacı Həmid Razi (1953-cü ildə vəfat edib) polis əməkdaşı işləmişdi və 110 il ömür sürmüşdü. İmam Hüseyn (ə) əzadarlığı, xüsusilə qan axıtma ritualları barədə xatirələrini bölüşərkən Hacı Həmid deyirdi ki, onun gənclik illərində Nəcəf və Kərbəlada bu cür əzadarlıq formaları yox idi. Ondan başqa Nəcəf və Kərbəlanın digər yaşlı sakinlərinin də heç biri XIX əsrin ortalarınadək bu bölgələrdə sözügedən formalarda əzadarlıq mərasimlərinin keçirildiyini nəql etməyiblər. Burada qanlı matəm ritualları ilk dəfə Qızılbaş tayfasından olan türk zəvvarlar tərəfindən icra edilib. Belə ki, onlar İmam Hüseyn (ə) ziyarətinə gələrkən xüsusi qılınclarla öz başlarına zərbələr endirirdilər.
Bu mərasimlərin Səfəvi, yaxud Qacar sülalələri dövründə meydana çıxması məsələsində tarixçilər arasında fikir ayrılığı mövcuddur. Aydın olan tarixi qənaət isə budur ki, qanlı əzadarlıq mərasimləri İranda Səfəvi sülaləsinin hakimiyyətinə qədər mövcud olmayıb.
1) Möhsün Həssam Məzahiri, "Ainhaye əzadari dər İran", "Əxbar adiyan" jurnalı, say 18, fərvərdin və ordibeheşt, 1385-ci şəmsi ili
2) Abdullah Məstufi, "Şərhe zendeqaniye mən ya tarixe ectemai və idari dourana Qacariyye", cild 1-3
3) İbrahim Heydəri, "Kərbəla faciəsi"
4) Kazim Dəcili, "Aşura fi ən-Nəcəf və Kərbəla", səh.287; Mahmud Dərah, "Ciyyət İraqi min vəra əl-Bəvabih əs-Səvda", səh.24
5) Nəqqaş, s.269 (Böyük Britaniyanın Şamiyyə diviziyasının administrativ hesabatına istinadla)
6) "Qoftequ ba Seyyid Bəhr əl-Ülum piramun əzadari Hüseyni", "Nur" jurnalı, say 74, yanvar 1997
7) Kərbəla faciəsi, doktor Şakir Lətiflə söhbət, 12 aprel, 1996
8) Talib Əli Şərqi, "Nəcəf əl-Əşrəf, Adətha və təlidha"
Qeyd: Mətn Şeyx Həmid Hüseyn Vəqarın "Gizli əl, Qanlı əzadarlıq mərasimlərinin tənqidi" adlı məqaləsindən götürülərək tərcümə edilmişdir.
Tərcümə etdi: Ramik Cəfərzadə