23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseyni tanıyaraq qarşı çıxanlar
01.09.2018

Bir nəfər yaxınlaşdı İmam Hüseynə dedi ki, sən nə təkəbbürlü insansan. Səndən təkəbbür qoxusu gəlir. İmam Hüseyn (ə) cavabında buyurdu ki, bu təkəbbür deyil, izzətdir. İzzətlə təkəbbürü səhv salma.

Bəzən izzətlə, təkəbbür səhv düşür. İzzət budur ki, insan olduğu yerin dəyərini bilə, olduğu məqamı tanıya. Təkəbbür odur ki, insan olmadığı yerdə özünü görə. İzzət budur ki, bu gün İmam Hüseyn məclisindəsənsə sabah Yezidin sarayının daşını, kərpicini danışamayasan. İzzətin mənası budur ki, pula aldanıb imamını satmayasan. Bəziləri bir qarın çörəyə imamı satdılar. İzzətsizlikdir bu.
Onlar ki, imamı dəvət edib sonra onun üstünə qılınc çəkmişdilər onlar hamısı imamı tanıyırdılar. Belə deyildi ki, bilmirdilər. Sadəcə olaraq bilmək istəmirdilər. Özlərini eşitməzliyə vurmuşdular. İmam Hüseyn (ə) qarşısında olanları danlayırdı. İki xurcun məktubu çıxarıb onların qarşısına tökdü ki, siz bu məktubları yazmışdınız. Deyirdilər biz səni başa düşmürük. Yox başa düşməmək deyildi, başa düşmək istəmirdilər. Nəyə görə? Çünki başa düşməkləri səbəb olacaqdı ki, kiçik bir dünyalarını əldən verəcəkdilər. Bunlar onun qorxusundan başa düşmək istəmirdilər. Yoxsa belə deyildi imamı tanımadan hücum etdilər ona. Yox! Hamısı tanıyırdı.

Ömər ibn Səd özü İmam Hüseynə deyir ki, bilirəm səni öldürənə nicat yoxdur, bilirəm sənin üstünə qılınc çəkənə xeyir yoxdur. Nə dünyada, nə axirətdə ağ günə çıxmayacaq. Yəqini var idi ki, İmam Hüseyni öldürməyin cəzası var. Amma nəfsinə hakim ola bilmədi. Əziz deyildi, izzəti yox idi. Əyilmişdi. Gücü hakimiyyətin yanında görürdü. Və özünü güclülərə qoşmaq istəyirdi. Gücü Yezidin 10-15 minlik qoşununda görürdü. Elə bilirdi güc kiminlədirsə izzət onunladır. Yəni mən bunlara qoşulsam harasa çataram. Özünü o cür də zəlil etdi. İmam Hüseyn məktəbi bizə öyrədir ki, yox izzət bu deyil. İzzət əqidəsində möhkəm dayanmaqdır.


Əlihüseyn Nuriyev