21 Noyabr 2024 - 21
Dini məddahlıq, mərsiyəxanlıq demək olar ki, daha çox Kərbəla vaqiəsindən sonra formalaşıb.
Peyğəmbərə (ə), Əhli-beytə (ə) sevgi bəsələyən, özlərini onların xadimi bilən şairlər öz şeirlərində həm onları mədh edir, həm də onlara qarşı mövqe tutanları tənqid edir və ya Əhli-beytin (ə) müsibətinə dair mərsiyələr yazırdılar. Belə Əhli-beyt (ə) şairləri arasında Kumeyt ibn Zeyd Əsədi, Di`bel Xuzai, Əbu Amir, Əbu Firas, Şeyx Səfiəddin Hilli, Kəfəmi, Əttar Nişapuri, Möhtəşəm Kaşani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s adlarını çəkmək olar.
İmamlarımız da öz növbəsində Əhli-beyt (ə) şairlərinə böyük ehtiram bəsləmiş, onların yaradıcılığını yüksək səviyyədə dəyərləndirmişlər. Müsəlmanlar da imamlara itaət edərək həmişə Əhli-beyt (ə) məddahlarına böyük ehtiram göstərmiş, zəhmətlərini dəyərləndirməyə çalışmışlar və indi də bu, davam etməkdədir.
İndinin üzündə də müsəlman ölkələrdə Əhli-beyt (ə) haqqında şeirlər, mədhiyyələr yazan şairlər mövcuddur və onlar bu müqəddəs yaradıcılıqları ilə qürur duyurlar. Xoşbəxtlikdən, ölkəmizdə də Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi və s. dahilərdən üzü bəri bu adət davam etmiş, müasir şair-qəzəlxanlar səmimi-qəlbdən sələflərinin yolunu ləyaqətlə davam etməkdədirlər.
Zaman keçdikdə Əhli-beyt (ə) məddahlığının yeni bir forması meydana gəldi. Belə ki, özləri şeir yazmayan, lakin gözəl səsi ilə şairlərin Əhli-beyt (ə) haqqında şeirlərini gözəl avazları ilə oxuyan, mədhiyyə və mərsiyyələri ilə məclislərə rövnəq verən bir qrup formalaşdı. Demək olar ki, bu formanın özü də yetərincə qədm tarixə malikdir. Ölkəmzidə belə şəxslər adətən dərviş, məddah, mərsiyyəxan, rövzəxan və s. adlarla tanınır.
Sovetdən qabaq məddah və mərsiyyəxanlar olsa da sovet dönəmində bu adət demək olar ki, tamamilə unuduldu və ölkəmiz müstəqilliyini əldə etdikdən sonra isə, şükürlər olsun ki, ixlaslı məddah və mərsiyəxanalrın sayı yenidən artmağa başladı.
Məddahlıq və mərsiyyəxanlıq sənətini incəsənətin bir növü hesab etmək olar. Gözəl səsi, istedadlı məddahlar hansısa bir tarixi vaqiəni obrazlı, bədii formada bəyan edərək insanları maarifləndirir, onlarda mübarizə ruhu yaradır, onları dürüstlüyə, güzəştə, fədakarlığa, Əhli-beyt (ə) xəttində olmağa sövq edirlər. İncəsənətin böyük təsirini nəzərə alsaq, məddahların bu işinin həddindən artıq dəyərli və təqdirə layiq olması aydın olur.
Amma bütün bunlarla yanaşı bugünkü məddahlıq sənətində bəzi nöqsanlar da mövcuddur ki, onları aradan qaldırmaq təbii ki, bu müqəddəs yolun daha da təsirli, faydalı olmasına səbəb olar.
Bildiyimiz kimi, məddahlıq və ya rövzə xanlıq əsasən, gözəl səs, şeir və hansısa təbii hərəkətlərlə dinləyiciləri vəcdə gətirmək əsasında formalaşıb. Yəni ən yaxşı, mahir məddah, mərsiyəxan odur ki, səsdən, şeirdən və bəzi təbii hərəkətlədən ən yaxşı formada istifadə etməyi bacarır.
Mədahlığın rövnəq tapdığı bir vaxtda, məddahlara ödənilən məbləğin bir qədər yüksək olmasını nəzərə alsaq, bəzən bu sənətdə yaxşı səsi olmayanların da irəli çıxmasının şahidi oluruq. Bu da tədbirin gözlənilən effektdə keçməməsinə və ya başqalarının haqqının tapdalanmasına gətirib çıxarır.
Digər məsələ isə, adətən dərin məzmunlu şeirlərin seçilməməsidir. Məddahlar, rövzəxanlar məclisi vəcdə gətirmək, qızışdırmaq məqsədi ilə bəzi hallarda saxta, heç bir dini qaynağı olmayan əhvalatlar danışır və ya bu əhvalarlar üzərində yazılmış şeirlər oxuyurlar. Bu isə tədbirdə iştirak edən xeyli sayda insana həm də yanlış informasiyaalrın ötürülməsidir. Məzmununa "zəhər" qatılmış (dindarlar bu ifadənin mənasını yaxşı bilirlər) mədhiyyə və əhvalatlar həm də dinləyicilərdə ikrah doğurur, onları dinə qarşı bədbinləşdirir. Yaxud əksər hallarda bayağı məzmunlu, səthi şeirlərin seçilməsi, tədbirdə iştirak edən müxtəlif təbəqələrin adamlarını nəzərə alsaq, çox da ürək açan mənzərə yaratmır.
Adətən mədhiyyələrin musiqiləri də eyni vəziyyətdədir. Peşəkar bəstəkarlar tərəfindən bəstələnməyən musiqilər heç də dini abu-hava yaratmır. Demək olar ki, əksər hallarda dini mahnıların musiqiləri eyş-işrət məclislərinin müsuqilərindən əsla fərqlənmir. Buna görə ki, bu dini musiqilər çox zaman elə məddahların özləri tərəfindən, dodaqda zümzümə edilərək bəstələnir. Və dodaqda bəstələnən bu müsiqilər toy müğnnilərinin oxudğu bəsit müsiqlərdən geri qalmır. Ən acınacaqlı hal budur ki, bəzən hansısa bir mərsiyənin avazı hansısa yerli və ya xarici (məsələn, Türkiyə) mahnısının musiqisi ilə belə üst-üstə düşür.
Başqa bir msələ isə məddah və rövzəxanların təbii görsənməyən əl, bədən hərəkətləridir. Təbii ki, məclisi vəcdə gətirmək üçün hansısa hərəkətdən istifadə etmək labüddür. Amma bu, ustalıqla, təbii şəkildə tətbiq edilməlidir. Belə olmadıqda məddahalrın davranışı xalqda, ifadəmə görə üzr istəyirəm, "manıs, artist" təsəvvürü yaradır. Habelə, məddahlar Azərbaycan reallıqlarını nəzərə almadan İran, xüsusilə Ərdəbil məddahlarını demək olar ki, nöqtə, vergülünə qədər yamsılamağa çalışırlar. Bu isə çox süni mənzərə yaradır. Həm də unutmayaq ki, İranda normal qəbul olunan bir məsələ, ölkəmizdə çox pis qəbul oluna bilər.
Məddahlarımıza yönələn ən böyük iradlarından biri isə toyda yas əhval-ruhiyyəsi yaratmaqdır. Məsələn, toyun ortasında məddah elə oxşama çəkir ki, qonaqlar bir anlıq harda olduqlarını unudurlar. Yaxud, fərz edin, məhərrəmlikdə İmam Hüseyn (ə), Əyyami-Fatimiyyədə xanım Zəhra (s) üçün sinə vurub, ağladığımız mərsiyyələri toyda oxuyub, dinləyiciləri əl çalmağa təhrik edirlər. Bu isə camaatın həssaslıqla yanaşdığı mövzuların bir qədər aşağılanmasına səbəb olur.
Əziz Əhli-beyt (ə) məddahlarının başqa bir mənfi cəhəti isə, gözəl ilahilər oxumaq əvəzinə tədbir boyu xütbələr söyləmələridir. Əksəriyyətinin dini təhsil almamasını nəzərə alsaq, bu, onların hansısa dini fikri səhv formada izah etməsi ilə nəticələnir.
Niyam Aqil