21 Noyabr 2024 - 21
Aşura əzadarlığı zamanı başyarma və qançıxarma əməlinin düzgünlüyünə gətirilən dəlillərdən biri də yəmənli müsəlman gənc Üveys Qərəninin öz dişini sındırması rəvayətidir. İddiaya görə, Ühüd döyüşündə Məhəmməd peyğəmbərin (s) dişi sınandan (Vaqidi, c. 1: 244-245; Təbəri, c. 2: 197-198) sonra o həzrətə sonsuz eşqindən irəli gələrək, Üveys də öz dişini qırmış, Peyğəmbər (s) və Əli (ə) bu hərəkətə etiraz etməmiş, hətta onu təsdiqləmiş və alqışlamışlar.
Qədim qaynaqlarda həqiqətən, Üveys adlı yəmənlidən söz açılmış, Peyğəmbərin onun barəsində bildirdiyi yüksək fikirlərə yer verilmiş, (İbn Əsəm, c. 2: 544-549; Tusi, c. 1: 315-317; İbn Əsir, c. 1: 151-152) qoca anasına qulluq etdiyi üçün Allah elçisi (s) ilə görüşə gedə bilmədiyi söylənmişdir. (Əbu Nüeym İsfahani, c. 2: 87; Zəhəbi,c. 4: 29; İbn Həcər Əsqəlani, c. 1: 359)
Biz bu mənbələrdə Üveys haqda deyilənlərin hansının doğru, hansının yanlış və ya uydurma olduğu haqda danışmayacağıq. Yalnız bu qədər qeyd edək ki, Ayətullah Xoi Üveys haqda rəvayətləri qeyd edəndən sonra hamısının zəif olduğunu bildirmiş, (Xoi, c. 4: 157) hətta onun varlığını inkar edənlər də olmuşdur. (Əmin, c. 3: 513) Burada bizi maraqlandıran odur ki, Peyğəmbərin dişi sındırılandan sonra onunçəkdiyi acını yaşamaq məqsədilə Üveys öz dişini sındırmış, Peyğəmbər(s) və ya İmam Əli (ə) də onun bu əməlinə bəraət qazandırmışdırmı?
Xatırlatmalıyıq ki, tarix və hədis mənbələrində Üveysin dişinə dair hər hansı məlumata rast gəlmədik. Bəzi tədqiqatçıların da təsdiqlədiyi kimi, (Səbzianpur və Məhdnejad: 70) bu hadisə ilk dəfə sufi ədəbiyyatında, Əttar Nişapurinin (540-618h./1146-1221) nəsrlə qələmə aldığı “Təzkirə əl-övliya” əsərində yazılmış (Əttar Nişapuri: 29), sonra Həmdullah Mustovfi (680-750h./1281-1349) onu özünün “Tarixe qozide” kitabında (Mustovfi: 630) qeyd etmiş, daha sonra isə bəzi sufi ədəbiyyatına, o cümlədən Əbdülrəzzaq Kermaninin (hicri 10-cu əsr) Səfəvilər dövründə Nemətullahi təriqətinin banisi haqda yazdığı Şah Nemətullah Vəli Kermani əsərinə (Kermani: 25) keçmişdir.
Sözügedən iddia isbat olunarsa, insanın ilahi övliyaya eşqlə özünə xəsarət yetirməsi, başını yarması şəriət baxımından təsdiqlənmiş olar.
Rəvayətin sənədinin tənqidi
Qeyd etdiyimiz kimi, Üveysin öz dişini qırması tarix və hədis mənbələrində əks olunmamış, ilk dəfə Peyğəmbərin vəfatından təxminən altı əsr sonra, üstəlik təsəvvüf şairlərindən olan Əttar Nişapurinin bir ədəbi əsərində, heç bir elmilik əlaməti, rəvayətçilər sənədi və ya mənbə göstərilmədən yazılmışdır. Əttar bu rəvayətə “nəql olunur” qeydilə başlayır ki, bundan da kimin nəql etdiyi, hansısa kitabda yazıldığı, yoxsa şifahi şəkildə eşidildiyi bəlli olmur.
Üveysin öz dişini qırması rəvayəti tarix kitabları arasında ilk dəfə Həmdullah Mustovfinin ümumi tarix kitabında yenə sənədsiz şəkildə qeyd olunub. Əttar Üveysin bir dişini qırdığını qeyd etsə də, Mustovfi bütün dişlərini qırdığını yazmışdır ki, bu da onun rəvayəti Əttar Nişapuridən götürdüyünü istisna edir. Güman ki Əttardan sonra hadisəyə başqa əlavələr də olmuşdur. Hər halda, şübhə yoxdur ki, hicrətin səkkizinci əsrində yazılmış ümumi tarix kitabı hicrətin ilk illərində baş vermiş hadisələrə mənbə ola bilməz.
Şiə və Əhli-sünnə alimləri öz kitablarında bu rəvayətə yer verməmiş, hətta Səfəvi dövrünün ən tekstualist alimlərindən biri olmuş Əllamə Məclisi 110 cildlik əsərində də buna işarə vurmamışdır. Hər halda, rəvayəti sənəd baxımından araşdırmaq imkansızdır və elə ilk baxışdan etibarsız olduğu üzə çıxır.
Rəvayətin mətninin tənqidi
Rəvayətin mətnində də ciddi problemlər var və biz onu ən qədim mənbəyi olan və təfsilatı qeyd olunmuş “Təzkirə əl-övliya” kitabından (Əttar Nişapuri: 27-31) incələyəcəyik.
Rəvayət belə başlayır: “Peyğəmbərlər ağasının vəfatı yaxınlaşanda ondan soruşdular ki, ey Allahın rəsulu, (səndən sonra) əbanı kimə verək? O da buyurdu ki, Üveys Qərəniyə”. Ölüm ayağında olan bir insana kimin belə sual verdiyi bir yana, Peyğəmbər öz əbasını Yəməndə yaşayan bir çobana vəsiyyət edir, vəfatından sonra Əli (ə) və Ömər kimi tanınmış şəxslər birlikdə gedib bu qədər dəyərli bir mirası Üveysə verirlər, amma belə mühüm bir hadisə heç bir tarix və hədis qaynağında qeyd olunmur!
Xatırlatmağı vacib bilirik ki, sufilər arasında əbanın böyük dəyəri var, yun əba əslində mənəvi əbanı simvolizə edir, arif və sufi çevrələrində xüsusi məna daşıyır. (Amuli: 524) Bu da bizim diqqətimizdən qaçmamalı və Peyğəmbər (s) əbasının Üveysə verilməsi rəvayətinin məhz sufilər tərəfindən qoşulduğuna dair şübhə yaratmalıdır.
Bu və bu kimi digər hədis və rəvayətlərdə Üveysin məqamını şişirtmə, onun şəxsiyyətinə dair mübaliğə də diqqət çəkir. Belə ki Ömər Üveysin əlini öpür və deyir: “Allahın rəsulu sənə salam göndərdi və dedi ki, mənim ümmətim üçün dua etsin”. Sanki Üveysin özü bu ümmətdən deyil və haradasa peyğəmbər səviyyəli bir şəxsdir!
Dişqırma hadisəsi rəvayətin maraqlı yerlərindəndir. Ömər nə üçün Peyğəmbəri görməyə getmədiyini soruşanda Üveys suala sualla cavab verir: “Siz onu görmüsünüzsə, deyin görüm, qaşları bitişik idi, ya açıq?” Qəribədir ki, heç biri cavab verə bilmir. Növbəti sualda isə ağır ittihama keçir: “Əgər dostluqda düz idinizsə, nə üçün onun dişi sınanda siz də öz dişinizi sındırmadınız?” Sonra Üveys ağzını açır və bəlli olur ki, dişlərinin biri yoxdur. Halbuki bu tərz dostluq və sevgi şəriət baxımından əsla düzgün sayılmır, Allah rəsulunun həyatında və sözlərində bunu təsdiqləyəcək bir əsaslı nümunə mövcud deyil. Bundan belə nəticə çıxır ki, əgər Ühüd döyüşündə Peyğəmbərin dişi sındırılmayıb, misal üçün, qolu kəsilsəydi, sadiq dostları öz qollarını kəsməli, yaxud şəhid olsaydı, hamısı intihar etməli idilər! Bu iddianın kitab, sünnə və ağıl baxımından necə əsassız olması hər kəsə aydındır. Özünə əzab vermək, bədənini işgəncə altında saxlamaq isə bəzi sufilərə, rahiblərə aid islah tərzidir ki, İslamda qətiyyətlə rədd olunur (Bax: Hədid, 27; Kuleyni, c. 5: 527; Səduq, c. 2: 133) və təsadüfən, bu rəvayətin yer aldığı kitab da məhz sufi ədəbiyyatıdır. Üstəlik, Üveysilik adlı bir sufi təriqəti var ki, Əttar Üveysə həsr etdiyi fəslin sonunda onun barəsində məlumat vermişdir. (Əttar Nişapuri: 33-34) Hələ Əttar Nişapurinin özünün də həmin təriqətə mənsub olduğunu (Cami: 698) nəzərə alsaq, Üveysin fəzilətinə dair hər bir sözünə şübhə ilə yanaşmamız çox vacibdir.
Əttarın bu rəvayətikimdən, hansı sufi mürşidindən eşitdiyini deyə bilmərik, amma görünən odur ki, bunu uydurmaqda əsas məqsədlərdən biri də İmam Əlinin (ə) məqamını kiçiltmək olmuşdur. Əvvəla, Peyğəmbərin vəsiyyətini o deyil, Ömər yerinə yetirir və Allah rəsuluna daha yaxın şəxs kimi çıxış edir. İkincisi, həzrət Əlinin (ə) fəzilətinə dair bütün ayə və hədislərə rəğmən, onun sədaqətini sual altına salır və Üveys daha sadiq dost kimi təqdim olunur. Üçüncüsü, guya Peyğəmbərin öz əbasını ona bağışlaması və ondan bütün ümməti üçün dua etməsini istəməsi ilə ən fəzilətli səhabə və haqq canişin olan Əlidən (ə) önə keçirilir. Bunlardan əlavə, Üveys Ömərə “dostum, qardaşım”, “yer üzündə (Allaha) ən əziz adam” deyir, Ömər mükaşifə halında Üveysin mənəvi məqamını müşahidə edib xilafətdən uzaqlaşmaq istəyir, səhabələr isə deyirlər ki, sənin birgünlük ədalətin minillik ibadətdən üstündür. Bunlara baxmayaraq, rəvayətdə İmam Əlinin (ə) fəzilətinə dair heç bir fikrə rast gəlmirik.
Bütün bunlara əlavə edək ki, kimsə Üveysin öz dişini sındırmasını həqiqət saysa belə, bu, əzadarlıq zamanı başyarmaya əsas verə bilməz. Çünki Peyğəmbər(s) və ya İmam Əli (ə) heç bir yerdə Üveysin bu əməlindən söz açmamış,onu Peyğəmbəri (s) görmədən iman gətirdiyinə, Peyğəmbəri (s) görməyi çox istədiyinə, amma qoca anasına görə buna nail olmadığına və Siffin döyüşündə haqq cəbhəsində şəhadətə qovuşduğuna görə tərifləmişlər.
Nəticə
Deyilənlərə əsasən, Peyğəmbərin (s) çəkdiyi acını yaşamaq məqsədilə Üveysin öz dişini sındırması tarix və hədis elmləri baxımından əsassızdır, Peyğəmbərin(s) və ya İmam Əlinin (ə) guya buna görə onu tərifləmələri isə hətta ən etibarsız kitabda da qeyd olunmayıb.
Vüsal Hüseynzadə
Mənbələr