21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Başyarma şəriət baxımından
19.09.2018

Aşura əzadarlığı zamanı başyarma və qançıxarmanın icazəli olmasına dair əsas dəlillərdən üçü – həzrət Zeynəbin öz başını kəcavəyə vurub yarması rəvayəti, Üveys Qərəninin öz dişini sındırması rəvayəti və Təsamuh qaydası haqda xüsusi yazılardadanışdıq. İndi isə iddianın əksini, yəni başyarma və qançıxarmanın şəriət baxımından haram olmasını dəlillərlə əsaslandırmağa çalışacağıq.

Öncə xatırladaq ki, bu kimi yazıların yazılması heç də Şiə dünyasında başyarma kimi ciddi bir problemin olduğu anlamına gəlməməlidir. Əslində, kiçik qruplar istisna olmaqla bu gün heç kim bu əmələ haqq qazandırmır. Bu məsələləri araşdırmaqda məqsəd həmin qrupların təbliğatını önləmək və Əhli-beyt dostlarını maarifləndirməkdir.

1. Özünə zərər yetirmənin haram olması

İnsanın özünə zərər yetirməsi həm əqli baxımdan qəbahətli işdir, həm də İslam mətnlərində qadağan olunmuşdur.

Sağlam ağıl məcbur olmadıqda və ya çarəsiz hala düşmədikdə özünə zərər və xəsarət yetirməni məqbul saymır və belə bir iş görəni məzəmmət edir. Təbii ki, əzadarlıq zamanı baş-bədənindən qan çıxarmağa nə məcburiyyət var, nə də bu, hər hansı səbəbdən əvəzolunmaz işdir. Əgər məqsəd matəm saxlamaq, hədsiz kədəri ifadə etməkdirsə, ən əziz adamını ən faciəli şəkildə əldən verən şəxs də nəinki ildönümündə, heç onu əldən verdiyi zaman da belə bir iş görmür. Yaxud məqsəd kiməsə güc nümayiş etdirməkdirsə, bunun da uyğun yolları var və öz başını yarmaq heç bir müstəsna əhəmiyyətə malik deyil. Bundan əlavə, özünə zərər yetirmək zülmün nümunələrindəndir. Digər tərəfdən, zərəri dəf etmək ağıl baxımından vacib olduğu kimi, özünə zərər yetirmək də ağıl baxımındanyasaqdır.

Özünə zərər yetirmək dini-tekstual baxımdan da haram əməldir. Qurani-kərimdə insanın özünü təhlükəyə - həlakətə atması qadağan olunmuş, (Bəqərə, 195) həm ümumi olaraq, zülm etmək, (İbrahim, 22; Hud, 18; Əraf, 41; Yunus, 13) həm də özünə zülm etmək (Ali-İmran, 135; Tövbə, 36; Nisa, 64) yasaqlanmışdır ki, ağlın uyğun hökmü ilə üst-üstə düşür. Bu ayələrin birində deyilir: “Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər”. (Nisa, 110)

Ağıldan və Qurandan dəlil olan yerdə başqa bir şeyə ehtiyac qalmasa da, xatırladırıq ki, özünə zərər və xəsarət yetirməyin haram olduğuna dair sünnədən də çoxlu dəlillər vardır. İslam şəriətində zərərli olduğu təqdirdə nəinki oruc tutmamağa icazə verilir, hətta orucu açmaq vacib olur. Dəstəmaz və qüsl üçün su zərərli olduqda isə təyəmmüm etmək vacib buyurulur.Nümunə olaraq, İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Oruc tutmaq zərərli olduqda iftar vacibdir”. (Səduq, c. 2: 133) Göründüyü kimi, iftarın səbəbi insana toxunan zərərdir və bu, vacib bir əməlin tərk olunmasını vacib edirsə, heç şübhəsiz, zərəri olan qeyri-vacib əməllərin də tərkini vacib edər.

Bura qədər deyilənləri bəlkə də başyarma tərəfdarları da qəbul edirlər. Lakin onlarla əsas mübahisə mövzusu “zərər” deyəndə nəyin nəzərdə tutulması, hansı zərər və ziyanın haram olmasıdır. Bu barədə də müxtəlif fikir və arqumentləri kənara qoyub mövqeyimizi ixtisarla bəyan edəcəyik.

Özünə zərər yetirmənin yolverilməz olduğuna dair əqli dəlili qəbul etdikdən sonra, həmçinin Quran və Əhli-beytin məhz cəmiyyətin anladığı leksikonla danışdığını nəzərə alaraq, bu məsələni də ilk növbədə cəmiyyətin ağıllı insanlarının düşüncəsinə əsasən təyin etməliyik.

Gündəlik həyatda çox şeyin insana zərəri ola bilər: şirniyyat yeməyin, çay içməyin və s. Lakin xüsusi xəstəlik olmadıqda bunlar zərər sayılmır və ağıllı insanlar zərərdən danışdıqda məhz ciddi zərəri nəzərdə tuturlar. Belə zərərlər isə həm fiziki ola bilər, həm mənəvi-psixoloji və sair.

Aşura günü başyarma və qançıxarma əməlinin çox zərərli və təhlükəli olması heç kimə sirr deyil. İstər ülgüclə əzadarların baş-qollarını çərtənlər, istərsə də qəmə və xəncərlə başlarını yaranlar nə kəsici alətlərini dezinfeksiya edirlər, nə başlarını açıq cərrahiyyə əməliyyatına hazırlayırlar, nə də yarandan sonra tibbi qaydalarla sarıyırlar. Bu isə zərərli virus və bakteriyaların çox asanlıqla qanavə orqanizmə keçməsinə səbəb olur. Hələ üstəlik, bir alətlə bir neçə, bəzən onlarla insanın başını yarmalarını nəzərə alsaq, Hepatit və AİDS kimi ölümcül xəstəliklərin yayılma riskinin necə yüksək olduğunu bilərik. Bunlardan əlavə, dəri, sümük və beyin pərdəsi iltihabından müxtəlif xəstəliklər də yarana bilər ki, burada ətraflı izaha ehtiyac görmürük.

Bu deyilənlərin hamısı ciddi zərərlərdir və cəmiyyətin ağıllı insanları bunu məhz belə başa düşürlər. Guya başyarmanın ziyanlı olmadığına, bundan heç kimin zərər görmədiyinə dair fikirlər isə gülünc iddiadan başqa bir şey deyil. Başyarma zamanı ciddi xəsarətdən və çoxlu qanitirmədən xəstəxanaya yerləşdirilənlər haqda məlumatlar da var. Yoluxucu xəstəliklərin təsiri isə nəinki beş günə, bəzən beş aya da görünmür. İndiyə qədər başlarını yaranların hamısını nəzarətdə saxlayan, sonradan onların sağlamlıqlarının hansı durumda olduğunu öyrənən, yoluxucu və ölümcül xəstəliklərə dair testlərdən keçirən isə, razılaşarsınız ki, olmayıb.

Bəzən başyarmanı klassik təbabətdəki həcamət, yəni qanalma ilə eyniləşdirirlər ki, bu da növbəti uğursuz cəhddir. Həcamətin öz gigiyenik üsulları və qayda-qanunu var. İnsanın həkim nəzarəti altında, normal şəkildə və normal miqdarda qan verməsi sağlamlığa xeyirdir, özünə xəsarət yetirmək üçün baş-bədənini yarması deyil.

Nümayişkaranə şəkildə başyarmanın mənəvi-psixoloji zərərləri də vardır. Soyuq silahla başına zərbə endirib başdan-ayağa qana bələşmiş insanlar görənləri vahiməyə salır, çoxları psixoloji gərginlik keçirir və bu səhnələrə baxmamağı üstün tuturlar. Aşura tədbirlərində hamının – azyaşlı uşaqların, qadınların, ürək xəstələrinin də iştirak etdiyini nəzərə alsaq, bu növ zərərlərin də çox ciddi olduğu şübhə doğurmaz.

Xatırladaq ki, insan bəzən hansısa uca məqsəddən ötrü özünə zərərli olan işi görə, özünü təhlükəyə, hətta ölümə də ata bilər. Bu məsələdə ağlın “Mühüm və daha mühüm” qaydası əsas götürülməli, məqsədin, yoxsa zərərin daha əhəmiyyətli olduğu ölçülməlidir. Sözügedən uca məqsəd o qədər əhəmiyyətli ola bilər ki, insan ondan ötrü həyatını da qurban verər və heç kim onu qınamaz. Misal üçün, vətəni işğalçıdan qorumaq belə məqsədlərdəndir. Lakin əzadarlıq zamanı baş yarmaqda belə bir əvəzolunmaz səbəbin olmadığını tam əminliklə söyləmək mümkündür. İnsan başını yarmadan da lazımınca əzadarlıq edə, İmam Hüseyn (ə) və Aşura amallarını yaşada bilər.

2. İslamı və Əhli-beyt məzhəbini gözdən salmanın haram olması

Aşura günü başını yarıb qana boyamaq İslamı və özəlliklə Əhli-beyt məzhəbini gözdən salan, bədnam edən, məntiqsiz, xurafatçı, geriqalmış və kobud sekta kimi göstərən amildir. Əli xəncərli kişilərin qan içində görkəmləri insanları müsəlmanlardan qorxudur, dinə qarşı nifrət yaradır, İslamın terrorla assosiasiya edilməsinə əsas verir. Başyarma bundan əlavə, müsəlmanların, hətta Əhli-beyt məzhəbində olanların əzadarlıqdan, İmam Hüseyn (ə) məktəbindən, habelə məscid və hüseyniyyələrdən uzaqlaşmasına da səbəb olur.

İslamı gözdən salmanın haram olması sübuta ehtiyacı olmayan məsələlərdəndir. Allahın əmanət tapşırdığı, Peyğəmbərin, Əhli-beytin və fədakar səhabələrin ağır zəhmətlər hesabına qoruduğu dini bədnam etməyə, hansısa yersiz, həm də tərki, günah sayılmayan yersiz əməli ilə gözdən salmağa heç kimin haqqı yoxdur.

Dini və məzhəbi gözdənsalma xüsusiyyətini nəzərə alaraq və ağlın “Mühüm və daha mühüm” qaydasına əsaslanaraq, başyarmanın haram olduğunu söyləyə bilərik. Dinin və məzhəbin hörmətini qorumaq, onu məsxərə və gülüş obyektinə çevirməmək, heç şübhəsiz, baş yarmaqdan qat-qat əhəmiyyətli məsələdir. Başını yarıb qanatmadan da İmam Hüseynin (ə) xatirəsini yaşatmaq, Aşura şəhidlərinə əzadarlıq etmək olar. Başyarmada elə əvəzedilməz müsbət xüsusiyyət yoxdur ki, Əhli-beyt yolunu gözdən salsa belə, vazkeçilməz olsun.

Düşmənin dinə qarşı hücum, təhqir və şantajlarına əsas verməmək, bəhanə yaratmamaq həm də bir Quran qaydasıdır. Məlum olduğu kimi, Məhəmməd peyğəmbər (s) danışanda bəzi müsəlmanlar onu tam anlamır və dediklərini bir də izah etsin deyə “raina”, yəni “bizə riayət elə, bizə macal ver” deyirdilər. Bu sözün “bizi axmaq adlandır” kimi bir mənasının da olduğuna, yaxud ibranicə başqa bir kobud anlam ifadə etdiyinə görə yəhudilər Peyğəmbəri və müsəlmanları ələ salmağa başladılar. Bu zaman Quran ayəsi nazil olub həmin sözün yerinə “bizə bax, bizi nəzərə al” mənasını verən “unzurna” sözünü işlətməyi tapşırdı. (Bəqərə, 104) Beləliklə, müsəlmanların gülüş obyektinə çevrilməsi Allah-Taala tərəfindən əngəlləndi, buna əsas verən səbəb aradan qaldırıldı, bədxahlar tərk-silah edildi.

Sözügedən məsələ hədislərdə də öz əksini tapmış, Əhli-beytə başucalığı gətirən işləri görmək, utanc gətirən əməllərdən isə çəkinmək tövsiyə olunmudur. Nümunə üçün İmam Sadiqdən (ə) nəql olunan məşhur hədisə diqqət yetirək: “Bizə utanc gətirən işlərdən ciddi çəkinin! Çünki pis övlad öz əməlilə atasının başını aşağı salır. Könül verdiyiniz adamlara (Əhli-beytə) zinət olun, xəcalət səbəbi olmayın!” (Kuleyni, c. 2: 219)

Bütün bunlara baxmayaraq, təəssüflü haldır ki, kiçik bir qrup istisna olmaqla bütün insanlarda ikrah doğuran, din və məzhəb düşmənlərinə ciddi əsas verən başyarma bəzi din alimləri tərəfindən hələ də alqışla qarşılanmaqdadır.

3. Bidətin haram olması

Əhli-beyt məzhəbində Aşura əzadarlığı heç şübhəsiz, dini ayindir. Bu, dolayısı ilə bəzi Quran ayələri ilə, (Bax: Həcc, 32; Maidə, 2) birbaşa olaraq isə Əhli-beyt imamlarının uyğun tövsiyələri (İbn Qövluyə: 208-211, 326) ilə əlaqədardır. İmam Hüseynə (ə) matəm saxlayan, əzadarlıq edən bunu bir adət-ənənə kimi yox, savab əməl kimi edir. Lakin namaz və həcc kimi dini ayinlərdən fərqli olaraq, əzadarlığın konkret forması yoxdur. İstər Allah rəsulu (s) Həmzəyə əzadarlıq etməyi tapşırarkən, istərsə də imamlar Aşura faciəsinə əza saxlamağı tövsiyə edərkən konkret bir əza tərzi göstərməyiblər. Bu baxımdan, İmam Hüseynə (ə) hər bir cəmiyyətdə mövcud olan və təbii ki, İslam hökmlərilə ziddiyyət təşkil etməyən əza tərzləri ilə matəm saxlanmalıdır.

Qətiyyətlə deyə bilərik ki, ən azı, müsəlmanlar arasında baş yarmaq kimi əza tərzi olmamışdır. Bu ənənənin başlanmasından əsrlər ötsə də, hələ də heç bir yerdə əza tərzinə çevrilməyib, başyaranların öz əzizləri dünyadan köçəndə və ya faciəli şəkildə qətlə yetiriləndə heç onlar da başlarına xəncər vurmurlar. Səbəb isə çox sadədir: başyarma ilə əzadarlıq arasında heç bir əlaqə yoxdur. Əzizi qətlə yetirilən adam ağlayır, dizinə, sinəsinə, uzaqbaşı üzünə vurur, bıçağa, xəncərə, ülgücə isə yalnız intihar etmək istəyənlər əl atırlar.

Deyilənlərə əsasən, baş yarmaq əza tərzi deyil, dini ayin olan əzadarlıq zamanı başını yarmaq bidət - dində yenilik hesab olunur və bu da böyük günahdır. Bidətin haram olması barədə isə İslam mənbələrində çoxlu hədis qeyd olunmuşdur. Onların birində Allah rəsulunun (s) belə buyurduğu deyilir: “Hər bir bidət azğınlıq, hər bir azğınlıq isə cəhənnəmə gedən yoldur!” (Tusi, c. 3: 70; Bərqi, c. 1: 207)

Vüsal Hüseynzadə

Mənbələr

  1. Qurani-kərim.
  2. Bərqi, Əhməd. Əl-Məhasin. “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1330ş./1951.
  3. İbn Qövluyə, Cəfər. “Kamil əl-ziyarat”. İslami, Qum, 1417h.
  4. Kuleyni, Məhəmməd. Əl-Kafi. “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1988.
  5. Səduq, Məhəmməd. “Mən la yəhzuruhu əl-fəqih”, İslami, Qum.
  6. Tusi, Məhəmməd. “Təhzib əl-əhkam”. “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1365ş./1986.