21 Noyabr 2024 - 21
Şiə və sünni mənbələrində gəlmiş bəzi hədislərə görə, hər hansı səbəbdən zəif olan, yaxud rəvayət sənədi olmayan müstəhəb hökmlü dəlillərə – hədis və rəvayətlərə əməl etmək və deyilən savaba nail olmaq mümkündür. Nümunə üçün İmam Sadiqdən (ə) nəql olunan hədisi diqqətinizə çatdırırıq: “Bir adama Peyğəmbərin hansısa əmələ savab söylədiyi çatsa və o, həmin əməli yerinə yetirsə, uyğun savaba nail olar, hətta Peyğəmbər söyləmiş olmasa belə” (Bərqi, c. 1: 25). Bu hədislər əsasən, “mən bələğ” (kimə çatsa) sözləri ilə başladığına görə “Mən bələğ” hədisləri adlanır.
Bəzi İslam alimləri bu hədislərdən “əl-Təsamuh fi ədillə əl-sünən”, yəni Müstəhəb hökmlü dəlillərdə güzəşt qaydasını əldə etmişlər. Onlara görə, qeyri-icbari hökmə dəlalət edən, habelə tarixə və fəzilətlərə dair hədisləri araşdırarkən çox ciddiliyə və tələbkarlığa ehtiyac yoxdur, zəif olsalar belə onlara istinad etmək olar. Bəzi alimlər Aşura əzadarlığı zamanı başyarma və qançıxarma aksiyasını müstəhəb hesab etdiklərinə görə Təsamuh qaydasını ona da tətbiq etmişlər.
Biz burada onların istinad etdikləri məşhur “Mən bələğ” hədislərindən daha ikisini qeyd edəcəyik:
1. İmam Sadiq (ə) buyurmuşdur: “Bir adama Peyğəmbərin hansısa əmələ savab söylədiyi çatsa və o, həmin əməli yerinə yetirsə, uyğun savaba nail olar, hətta Peyğəmbər söyləmiş olmasa belə” (Bərqi, c. 1: 25).
2. İmam Baqir (ə) buyurmuşdur: “Bir əmələ Allah tərəfindən savab veriləcəyi kiməsə çatsa və o, bu savabdan ötrü həmin əməli yerinə yetirsə, deyilən savab ona verilər, hətta hədis əslində ona çatan şəkildə olmasa belə” (Kuleyni, c. 2: 87. Bu mövzuda digər hədislər üçün bax: Səduq, “Səvab əl-əmal”: 132; Hürr Amili, c. 1: 59-61).
Bir çox qədim şiə və sünni alimləri məhz bu səbəbdən qeyri-icbari məsələlərə, əxlaq və fəzilətlərə dair hədislərə yumşaq yanaşmış, onları qəbul etmək üçün dəqiqliyə və ciddiliyə gərək görməmişlər (Xətib Bağdadi: 162-163; Hərrani: 3). Güman ki ilk dəfə şiə alimlərindən Seyid ibn Tavus (589-664h./1193-1266) “Mən bələğ” hədislərinə istinadla Təsamuh qaydasını ortaya qoymuşdur. O, dua, əxlaq və ibadət mövzusunda yazdığı “Fəlah əl-sail” kitabının müqəddiməsində zəif rəvayətlərə istinadının bir səbəbi kimi “Mən bələğ” hədislərini göstərmişdir (Seyid ibn Tavus: 12. Maraqlıdır ki, Seyid ibn Tavus bu növ müstəhəb əməlləri, dua və ziyarətnamələri toplayarkən nəinki zəif hədislərdən istifadə etmiş, hətta qəlbinə olan ilham və mükaşifələri də kitabına salmışdır. Bax: Seyid ibn Tavus: 7). Bu qaydaya görə, qeyri-icbari hökmə dəlalət edən hədislərdə çox ciddiliyə və tələbkarlığa ehtiyac qalmır, zəif olsalar da, onlardan istifadə mümkün sayılır.
Şəhid Əvvəl (734-786h./1334-1385) bu haqda Şafei alimlərindən olan Mühyiddin Nəvəvinin (631-676h./1234-1277) fikirlərinə yer vermiş (Şəhid Əvvəl, c. 2: 34), Səfəvilər dövründə isə Şəhid Sani (911-965h./1506-1558) açıq şəkildə yazmışdı: “Əksər alimlər hekayə, moizə və müstəhəb əməllərdə zəif hədisə əməl etməyi icazəli bilmişlər... Bu, yaxşı fikirdir, amma zəif hədis uydurulmuş və iftira həddində olmamalıdır” (Şəhid Sani: 94). Bu alimlərə görə, Allahın atributlarına, halal-harama və vacib-harama aid olmayan məsələlərdə mötəbərlik meyarlarına cavab verməyən nöqsanlı hədis və rəvayətlərdən istifadə etmək, onlara istinadla müstəhəb və məkruh fətvası vermək olar (Yenə orada).
Səfəvilər dövrünün digər alimlərindən Şeyx Bəhai, Mühəqqiq Xansari (Xansari: 34),Əllamə Məclisi (Məclisi, c. 2: 256-257) və Hürr Amili (Hürr Amili, c. 1: 80) də bəzi fərqlərlə Təsamuh qaydasını qəbul etmişlər.
Bir qədər yuxarıda göstərdiyimiz kimi, bəzi alimlər bu qaydaya istinadla Aşura əzadarlığı zamanı başyarma məsələsini ciddi araşdırmamış və müstəhəb əməl kimi qəbul etmişlər.
Təsamuh qaydasının tənqidi
“Mən bələğ” hədisləri bəzi İslam mənbələrində bir neçə rəvayət sənədi ilə gəlmişdir. Müasir tədqiqatçılardan bu sənədlərdən heç birini səhih saymayanlar olsa da (Baqiri: 42-60), biz məntiqi məzmuna malik bu məşhur hədislərin sənədini araşdırmağa lüzum görmür, diqqətimizi onlardan çıxarılan Təsamuh (Müstəhəb hökmlü dəlillərdə güzəşt) qaydasına yönəltmək istəyirik. Düşünürük ki, bu qayda aşağıdakı dəlillərə görə etibarlı sayıla bilməz və “Mən bələğ” hədislərindən belə bir qayda çıxarmaq yanlışdır:
1. Bu hədislərdə söhbət əsassız fətva verməkdən, mötəbər dəlil olmadan əməlləri müstəhəb və məkruh adlandırmaqdan yox, hansısa əməlin savab olduğunu düşünüb onu yerinə yetirməkdən gedir. Başqa sözlə desək, müraciət müctəhid və müftiyə yox, əməl edən müsəlmanadır. Bu, həmin hədislərin (“Mən bələğ” – “kimə çatsa”) adından da görünür. Bu baxımdan, zəif hədislərə istinadla müstəhəb hökmü çıxarmaq yolverilməz olaraq qalır.
2. Hədislərdə söhbət insanın bilmədən, zənnə əsaslanaraq bir əməli yerinə yetirməsindən getmir. Misal üçün, hədislərin birində deyilir: “Bir adama Peyğəmbərin hansısa əmələ savab söylədiyi çatsa...” Düzdür, burada xəbərin, hədisin hansı yolla çatmasına dair bilgi verilmir, ancaq ümumi şəkildə deyildiyindən zəif əlamətləri olmayan xəbər olduğu anlaşılmalıdır. Çünki belə ümumi söz vahid xəbərin höccət olmasına dair şərtləri poza bilməz. Bu hədisləri və sözügedən şərtləri başqa şəkildə də bir araya gətirmək mümkündür və bu, həm bəzi Quran ayələri (Zariyat, 5: “Sizə vəd olunan həqiqətdir”; Mürsəlat, 7: “Sizə vəd olunan mütləq həyata keçəcəkdir”), həm də həmin mövzudakı bəzi hədislərlə təsdiqlənir. Belə ki, İmam Sadiqdən (ə) nəql olunan, onun da ata-babalarından nəql etdiyi bir hədisdə deyilir: “Allah hansısa əməldən ötrü savab vəd etsə, onu mütləq yerinə yetirər” (Bərqi, c. 1: 246; Səduq, Tövhid: 406; Hürr Amili, c. 1: 60). Bu hədis və şərtləri kompleks şəkildə araşdıranda bəlli olur ki, söhbət zəif sənədli, hansısa yalançının və ya tanınmaz şəxsin xəbər verdiyi hədisdən yox, Allahın vəd etdiyi anlaşılan normal və etibarlı hədisdən gedir. Çünki belə hədislərdə də yanlışlıq ehtimalı var və insanlar bu ehtimala görə ruhdan düşməsinlər, ibadətdən, xeyirli işlərdən uzaqlaşmasınlar deyə “Mən bələğ” hədisləri buyurulmuşdur.
3. Hədislərdə çatan xəbərin müstəhəb hökmlü, yaxud hekayə, nəsihət və ya fəzilət xəbəri olduğu bildirilmir, yalnız savab niyyətilə yerinə yetirilməsi qeyd olunur və məlum məsələdir ki, vacib əməli də savab niyyətilə yerinə yetirmək olar.
4. Bu qaydanın məşhur izahla qəbul olunması dini təlimlərdə ziddiyyətin yaranmasına, bidətlərin və yalançı etiqadların meydana çıxmasına, məzmununda nöqsanlı fikirlərin yer aldığı dua və ziyarətnamələrin, əxlaqi və tibbi tövsiyələrin yayılmasına, yazılan tarixlərin nağıllar toplusuna dönüşməsinə səbəb olar ki, bu da Quran və ağıl baxımından qətiyyən yolverilən deyil.
Xatırladaq ki, Təsamuh qaydasının həm şiə, həm də sünni alimlər arasında müxalifləri də var. Şiə alimlərindən Seyid Məhəmməd Amili (Amili, c. 1: 13), Yusif Bəhrani (Bəhrani, c. 4: 198), Ayətullah Həkim (Həkim, c. 7: 171) və bir çox müasiralimlər bu qaydanı əsassız sayıb qəbul etmədiklərini bildirmişlər.
Əlbəttə, insanın müstəhəb, yoxsa mübah olduğunu bilmədiyi bir əməli savaba ümid niyyətilə yerinə yetirməsi çox yaxşı haldır və bundan ötrü çəkdiyi zəhmətin mükafatını mütləq alacaqdır, lakin bu şərtlə ki, əvvəla, həmin əməlin haram və ya məkruh olduğuna əsla ehtimal verməsin, ikincisi isə onu sadəcə, yerinə yetirsin, barəsində müstəhəb hökmü çıxarmasın.
Deyilənlərə əsasən, “Mən bələğ” hədislərinin müstəhəb hökmlü dəlillərdə güzəştlə əlaqəsi yoxdur və onlardan Təsamuh qaydası çıxarmaq yanlışdır. Lakinhətta bu qayda doğru və əsaslı olsaydı belə, başyarmaya bəraət qazndıra bilməzdi. Çünki Təsamuh qaydasında mövzu müstəhəb (savab), yoxsa mübah (mükafat və cəzası olmayan halal iş) olduğu bilinməyən əməldir. Başqa sözlə desək, müsəlman fikirləşir ki, Allah mənim bu işi görməyimi istəyir (müstəhəb), yoxsa Onun üçün fərqi yoxdur (mübah)? Bu zaman ehtiyat tədbiri olaraq, həmin işi görmək tövsiyə olunur. Başyarmada fərz olunan mövzu isə haram, məkruh (xoşagəlməz),mübah, yoxsa müstəhəb olduğu bilinməyən əməldir ki, həmin qaydada bundan söhbət getmir və belə şəraitdə ehtiyat həmin işi tərk etməkdədir.
Vüsal Hüseynzadə
Mənbələr
1. Qurani-kərim.
2. Amili, Seyid Məhəmməd. “Mədarik əl-əhkam”, Alul-beyt, Qum, 1410h.
3. Baqiri, Həmid. “Bərrəsiye mətni və sənədiye rivayate “Mən bələğ”. “Hədise əndişe” jurnalı, say: 5 və 6, 2003.
4. Bəhrani, Yusif. “Əl-Hədaiq əl-nazirə”. Tədqiq edən: Məhəmmədtəqi İrəvani, İslami, Qum.
5. Bərqi, Əhməd. Əl-Məhasin. “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1330ş./1951.
6. Həkim, Möhsün. “Müstəmsik əl-Ürvə”, Əl-Adab, Nəcəf, 1389h./1970.
7. Hərrani, Həsən. “Tühəf əl-üqul”, İslami, Qum, 1404h./1984.
8. Hürr Amili, Məhəmməd. “Vəsail əl-Şiə”. Tədqiq edən: Əbdürrəhim Rəbbani Şirazi,“Daru ihya əl-turas əl-ərəbi”, Beyrut, 1403h./1983.
9. Xansari, Hüseyn. “Məşariq əl-şümus”, Alul-beyt.
10. Xətib Bağdadi, Əhməd. “Əl-Kifayə fi elm əl-rivayə”. Tədqiq edən: Əhməd Ömər Haşim, “Dar əl-kitab əl-ərəbi”, Beyrut, 1405h./1985.
11. Kuleyni, Məhəmməd. Əl-Kafi, “Dar əl-kutub əl-islamiyyə”, Tehran, 1365ş./1986.
12. Məclisi, Məhəmmədbaqir. “Bihar əl-ənvar”. Əl-Vəfa(“Daru ihya əl-turas əl-ərəbi”), Beyrut, 1403h./1983.
13. Seyid ibn Tavus, Əli. “Fəlah əl-sail”. İslami, Qum, 1406h.
14. Səduq, Məhəmməd. Əl-Tövhid, İslami, Qum.
15. Səduq, Məhəmməd. “Savab əl-əmal”, Şərif Rəzi, Qum, 1368ş./1989.
16. Şəhid Əvvəl, Məhəmməd. “Zikra əl-Şiə”, Alul-beyt, Qum, 1419h.
17. Şəhid Sani, Zeynəddin. “Əl-Riayə fi elm əl-dirayə”. Tədqiq edən: Əbdülhüseyn Məhəmmədəli Baqqal, Ayətullah Mərəşi kitabxanası, Qum, 1408h.