23 Noyabr 2024 - 23
Aşura günü sübh namazından sonra İmamın (ə) düşərgəsində ciddi hazırlıq nəzərə çarpırdı. Hüseyn ibn Əli (ə) öz qüvvələrinin hərbi hazırlığı ilə məşğul idi. Həzrət (ə) Həbib ibn Məzahiri sol cinahdakı qüvvələrin, Züheyri sağ cinahdakı qüvvələrin koman-danı təyin etdi. İmamın (ə) qüvvələri az saylı olsa da, bir dünya əzəmət, şücaət və imana malik idilər. Həbib ibn Məzahir imamın (ə) ən dəyərli səhabələrindən idi. Hərbi həmlələr vaxtı meydanda olan hər bir kəs onu səsləyir və onun çağırışına dərhal cavab verirdi. Bir dəfə də Ziyadın qulamı Salim və Übeydullahın qulamı Yəssar meydana çıxıb, mübariz tələb etdilər. Yəssar meydanda təkəbbürlə dayanıb ya Həbib, ya Züheyr, ya da Bureyr ilə döyüşəcəyini elan etdi. Həbib və Bureyr dərhal yerlərindən qalxdılar. Amma imam (ə) onlara icazə vermədi və Əbdullah ibn Əmiri meydandakı düşmənlə döyüşə göndərdi.
Əbdüllah meydandakı düşmən-lərin hər ikisini həlak etdi. 1 Həbib bütün səhnələrdə iştirak edir, imamın müdafiəsində, cəbhənin güc-ləndirilməsində qılıncı, dili, nitqi ilə öz vəzifəsini yerinə yetirirdi. Həmin aşura səhəri imam Hüseyn (ə) düşməni düzgün yola dəvət etmək və höccəti tamamlaq, bəhanələri aradan qaldırmaq üçün öz əzəmətli nitqini söylədi. Həzrət buyurdu: «Mənim əslimi nəzərdə saxlayın və baxın ki, məni öldürmək sizin xeyirinizədirmi? Məgər mən Peyğəmbərin qızının oğlu deyiləmmi?...» Şimr Həzrətin (ə) sözünü kəsdi və dedi: «O (yəni imam (ə)) Allaha sözdə pərəstiş edir». Həbibin dini qeyrəti ona bu səhnələri sakitcə seyr etməyə imkan vermədi və o Şimrə cavab verdi: «And olsun Allaha! Görürəm ki, sən Allaha yetmiş dillə pərəstiş edirsən. (Həbib Şimrin saxta etiqadına işarə edirdi). Mən də şahidəm ki, dediyin kimi, imamın (ə) sözlərini anlamırsan. Allah sənin qəlbini möhürləyib və həqiqəti dərk etməkdən məhrumsan.» 2 Beləcə, Şimr susdu və İmam (ə) öz sözünə davam etdi.
Üzbəüz döyüş başladı. İmamın fədakar köməkçiləri həmin tarixi məqamda birbəbir cihada gedir və qanlı savaşlardan sonra şəhadətə çatırdılar. Həbibin yaxın dostu olan Müslim ibn Ovsəcə meydana çıxdı, qəhrəmanlıqla döyüşüb, nəhayət, yerə yıxıldı. O, qanına qəltan olduğu vaxt Hüseyn ibn Əli (ə) və Həbib ibn Məzahir ona yetişdi. Müslim son nəfəslərini dərərkən Həbib ona dedi: «Müslim, mənim üçün sənin ölümün çox ağırdır! Səni behiştlə müjdələyirəm». Müslim zəif bir səslə dedi: «Allah sənə behişti müjdə etsin!» Sonra Həbib əlavə etdi: «Müslim, əgər səndən sonra qətlə yetirilməmiş olsaydım, vəsiyyətlərini eşitmək istəyərdim. Çünki mənim boynumda yaxınlıq və din haqqın var». Müslim ibn Ovsəcə çətinliklə danışa bilirdi. O dedi: «Sənə vəsiyyət edirəm ki, ölüm anınadək bu insanla (imam Hüseynlə (ə)) ol və onunla çiyin-çiyinə döyüş!» Həbib dedi: «And olsun Kəbənin Allahına! Elə də edəcəyəm».1 Həbibin bu sözlərindən sonra Müslim gözlərini əbədi olaraq dünyaya qapadı.
Bu iki dostun vəfadarlığı onları Kərbəla şəhidləri zümrəsinə daxil etdi. Xatirələri əziz olsun! Aşura günü günorta imam Hüseyn (ə) son namazını qılmaq üçün möhlət istədi. Düşmənin xəbis döyüşçülərindən olan Həsin ibn Təmim fəryad edərək dedi: «Hüseyn, sənin ki namazın qəbul deyil!» Bu sözlər Həbib ibn Məzahiri qəzəbləndirdi və o dedi: «Yoxsa güman edirsən ki, Peyğəmbərin qıldığı namaz qəbul deyil, sənin qıldığın namaz qəbuldur, ey ulağ?!» Sonra onlar bir-birlərinə hücum etdilər. Həbib ibn Məzahir qılıncla vurub, Həsinin atını yıxdı və Həsin yerə sərildi. Düşmənlər Həsini Həbibin əlindən aldılar. Həbib onlara xitabən dedi: «Ey ad və güc cəhətdən ən alçaq qövm, and içirəm ki, biz sizin qədər və ya bir az ondan az olsaydıq, qılınclarımızın xofundan qaçıb, meydanı boş qoyardınız». Həbib ibn Məzahirin son fədakarlıq anı çatdı. Damarlarından gənc qanı axan bu qoca mücahid qılıncını çəkib, düşmənlərə hücum etdi. Döyüş meydanı onun əzəmətindən təlatümə gəldi. Həbib düşmən qoşununu yarayara belə bir rəcəz oxuyurdu:
Mən Məzahir oğlu Həbibəm, bilin,
Hünəriniz varsa, meydana gəlin.
Sayınız olsa da bizlərdən artıq,
Qəlbimizdə vəfa, başımız ayıq.
Dəlilimiz möhkəm, sözümüz aşkar,
Candan keçiləsi məqsədimiz var.
Həbib ibn Məzahir yaşının ötməsinə baxmayaraq, şücaətlə vuruşur, düşmənə aman vermirdi. O, 62 düşmən döyüşçüsünü qılıncdan keçirdi. Nəhayət, başının ortasından dəyən qılınc və düşmən nizəsi onu yerə yıxdı. Bir qədər əvvəl Həbibin əlindən zorla qurtulmuş Həsin ayağa qalxmaq istəyən Həbibə hücum edib, qılınc zərbəsi ilə onu yenidən yerə yıxdı. Həbibin ağ saçları al qana boyanmışdı. O, döyüş səhnəsini görmək üçün gözlərini tutmuş qanı silmək istədi. Bu vaxt düşmən nizəsi onu hədəfə aldı. Axır anlarını yaşayan Həbib haqq yolda can vermək, həqiqət və din ağacını öz qanı ilə suvarmaq həsrətində idi.
Həbibə son zərbəni vurmuş Bədil ibn Sərim atdan düşüb, özünü Həbibə çatdırdı və tələsik onun başını bədənindən ayırdı. 1 Həbibin şəhadət dağı Hüseynin (ə) dostlarına çox ağır gəldi. Hüseyn (ə) özünü Həbibə çatdırdı ki, onu şəhadəti, məşuq hüzuruna meracı münasibəti ilə təbrik etsin. Həbibin şəhadətinin təsirindən imam (ə) buyurdu: «Özümün və məni himayə edən dostların Allahdan mükafatı intizarındayam».2 Allahın və Onun rəsulunun salamı olsun Həbib ibn Məzahir Əsədiyə!
Cavad Mühəddisi