21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura günü İmam Zamana (ə) qoşulmaq üçün fürsətdir
27.09.2018

İmam Rza (ə) səhabələrinin birindən soruşur: "Ey Şəbibin oğlu, bu gün bilirsənmi nə günüdür?" Səhabə cavabında deyir: "Bəli, bu günlər Məhərrəm günlərindəndir, İmam Hüseynin (ə) Aşurasının baş verdiyi günlərdəndir". İmam Rza (ə) ardıyca buyurur: "Bu gün bütün duaların qəbul olduğu günlərdəndir".

Bu gün o günlərdəndir ki, həzrət Zəkəriyyə peyğəmbər (ə) dua edib Allahdan övlad istədi. Tarixə nəzər salsaq və Quran qissələrinə baxsaq görərik ki, həzrət Zəkəriyyə (ə) elə bir peyğəmbərlərdən idi ki, yaşı keçmişdi, amma övladı olmurdu. Aşuradan qabaq Məhərrəm günlərinin birində Zəkəriyyə peyğəmbər oruc tutub Allahdan övlad istədi. Allah-Taaladan nida gəlir: "Sənə bir oğlan bağışladıq ki, adı Yəhyadır". Buna görə deyirlər ki, Məhərrəm günlərində insanlar oruc tutsalar, savabı çoxdur. Əlbəttə, Aşura günündən başqa, çünki Aşura günü oruc tutmaq məkruhdur. Dua etsələr, duaların qəbul olan günləri olduğu üçün diləkləri yerinə yetər. İmam Hüseynin (ə) bərəkətlərindəndir ki, insan oruc tutsa və dua etsə, duası qəbul olar, inşallah.

İmam Rza (ə) sözünün davamında buyurur ki, ey Şəbibin oğlu, bu gün sevinc günü deyil. Düzdür İmam Hüseynə xatir Allah sənin duanı qəbul edər. Amma unutma ki, bu gün İmam Hüseynin - mənim cəddimin başını kəsdilər. Onun nəslindən olan 17 gənci qətlə yetirdilər. Bu hadisəyə dözməyən 4 min mələk yer üzərinə endi ki, İmam Hüseynə yardım etsinlər. Amma gecikdilər. Buna görə də, özlərini toza bulaşdırdılar, qəmləndilər, əza saxladılar və özlərinə söz verdilər ki, İmam Zaman (ə) zühur edənə qədər bu şəkildə qalsınlar və İmam Zaman zühur edən vaxt onun dostlarından, köməkçilərindən olsunlar. Şürları da bu oldu ki, “Ey Hüseynin intiqamını alanlar”. Yəni əhd edirlər ki, İmam Zamanın dəstəsinə qoşulub onun əsgərlərindən olacaqlar, amma İmam Hüseynin intiqamını almaq üçün. Çünki Aşura günü gecikmişdilər, amma İmam Mehdinin (ə) zamanında intiqam alacaqlar.

Mahir Məmmədov