21 Noyabr 2024 - 21
Hər il olduğu kimi İmam Hüsyen (ə)-ın 40-ı (ərbəin) günü münasibəti ilə milyonlarla insan Nəcəfdən-Kərbəlaya doğru yürüş edirlər. Yürüşdə İran, Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Səudiyyə-Ərəbistanı və Avropa ölkələrindən çox sayda insanlar iştirak edir. Bu il də dünyanın 60-a yaxın ölkəsindən İmam Hüseyni ziyarət etmək üçün İraqa səfər etmişdilər. Ziyarətə gələn zəvvarların çoxu İrandan (1 milyon 800 min nəfər) olub. Təxmini rəqəmlərə görə 10 mindən çox zəvvar isə Azərbaycandan yola düşüb. Səfər və ziyarət barədə müxtəlif dövlətlərdən olan insanların təəssüratlarını izləyicilərimizlə bölüşürük:
Danimarka
Biz Danimarkadanıq. Danimarkanın əfqan əsilli sakinlərindənik. Ərbəin ziyarətinə 48 nəfərlik heyətlə gəlmişik. İnşallah, hamımız bacardığımız qədər yol boyunca piyada hərəkət edəcəyik. Biz bura hər il Danimarkanın müxtəlif şəhərlərindən – Koldinq, Herdinq, Odens və Kopenhagendən gəlirik. Fürsəti olanlarımızın əksəriyyəti buraya gəlir. Burada olmağımızdan çox məmnunuq. Hazırda Kərbəla şəhərinə çatmaq üçün irəliləyirik. İmam Hüseyn və Əbülfəzl-Abbas deyə-deyə hərəkət edirik. Ləbbey, ya Hüseyn!
Azərbaycan
Gözəl izdihamdır. İmam Hüseynin niyyəti ilə yola çıxmışıq. İmam Hüseynin niyyəti azğınlığa qarşı mübarizə, haqqın qələbə çalması uğrunda idi. Bu niyyətlə milyonlarla insan İmam Hüseyn hərəminə doğru irəliləyir. Gözəl niyyət uğrunda gedirik. Dünyamızın və insanlığın da bu niyyətlə yaşamasını, ucalmasını istəyirik.
İraq
Bağışlayan və mehriban Allahın adı ilə. Salam olsun peyğəmbər və onun ailəsinə. Salam olsun Hüseynə, Hüseynin oğlu Əliyə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə. Biz burada İmam Hüseyn (ə) zəvvarlarına xidmət edən könüllü heyətin üzvləriyik. İmam Hüseynin (ə) Ərbəin ziyarətində zəvvarlara xidmət edirik. Bu elə bir ziyarətdir ki, bütün dünya Nəcəfdən Kərbəlaya qədər olan yürüşün əzəməti qarşısında heyrətdədir. Biz İraqın buradan 300 km kənarda yerləşən Qəza-Şüruq məntəqəsindənik və gəlmişik ki, burada İmam Hüseynin (ə) zəvvarlarına xidmət edək. Burada bizlərə çoxlu millətlərdən kömək edənlər olur, xüsusən də iranlı qardaşlarımızdan bizə köməklik edənlər var. Salam olsun Hüseynə, Hüseynin oğlu Əliyə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə.
Pakistan
İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir. Və biz bu hidayət çırağını burada görürük, dünyanın hər tərəfindən 25 milyona yaxın zəvvar yığışıb ki, İmam Hüseynin (ə) nicat gəmisində fərd kimi yer alsın. İmam Hüseynin (ə) zəvvarları ki, bura yığışırlar gərək biz onlara gözəl xidmət göstərək. Burada zəvvarlara xidmət göstərmək elə İmam Hüseynə (ə) xidmət deməkdir. Eyni zamanda biz çalışırıq ki, zəvvarlara İmam Hüseyn (ə) ziyarətinin əsas hədəf və məqsədlərini çatdıraq və yaxından onları İmam Hüseynlə tanış edək. Qoy onların ziyarətləri mənalı olsun.
İsveç
Hər kəsi salamlayıram. Mənim adım Mehdidir. Bu mənim anamdır. Onun adı isə Zəhradır. Bura çox uzaq məmləkətdən - İsveçdən gəlmişik. Səfərimiz tək səbəbi İmam Hüseyndir. Bu gün Ərbəin günü deyil, yəni Ərbəin cümə axşamı günü olacaq. Buna görə də biz Nəcəf şəhərində idik. İndi isə istəyirik Kərbəlaya doğru yola düşək.
Livan
Bütün müsibətlərimizi və əzalarımızı İmam Hüseynin (ə) ərbəini münasibəti ilə İmam Zaman (ə.f.) ağaya təsliyyət olaraq bildiririk. Bütün dünyaya demək istəyirəm ki, həqiqətən İmam Hüseyn (ə) dünyada ən əzəmətli şəxsiyyətlərdən biridir. İmam Hüseyn (ə) öz inqilabı ilə bütün dünyanı ayaq üstdə diri saxladı. Biz Livandan gəlmişik, necə ki, İmam Hüseynin (ə) səhabələri İmamın dayağında durub ona kömək oldular, biz də bura gəlməklə İmamın dayağında durub ona köməyimizi bildirmək istəyirik. Biz Livanın cənubu Cəbəl-Amildən gəlmişik ki, İmam Hüseynlə əhdimizi təzələyək və belə nida edək. Ləbbeyk, ya Hüseyn.
Biz bütün dünyaya buradan bildirmək istəyirik ki, İmam Hüseyn (ə) Kərbəlada Şimr ibn Zilcövşənə necə ki səsləndi "Zillət bizdən uzaqdır", necə ki xanım Zeynəb (ə) torpaq üzərində olan İmam Hüseynin (ə) kürəyinə əlini qoyaraq onu göyə qaldırıb dedi, "Ey Allah bu qurbanı bizdən qəbul elə" biz də burdan Xanıma nida edib buyururuq, "biz səninləyik ya Zeynəb. Biz Hüseynləyik Ya Zeynəb"
Azərbaycan
Bağışlayan və mehriban Allahın adı ilə. Hal-hazırda Ərbəin günüdür. Milyonlarla insan 3 gün izdihamlı piyada yürüşündən sonra İmam Hüseynin (ə) hərəminə çatmaq üzrədir. Bu 3-4 günlük yürüş əsnasında gördüyümüz müəyyən təəssüratları bölüşmək istəyirəm sizlərlə. Bu izdihamlı yürüşdə demək olar ki, insanlar ardıcıllığı qorumaqla ən təbii və səmimi şəkildə Allahın ayələrini yer üzərində tədbiq etməklə ki, Allah Qurani-Kərimdə buyurur: "Hamılıqla Allahın ipindən yapışın və pərakəndə olmayın", həmin izdihamlı yürüşün nəticəsində biz görürük ki, insanlar bir yönə Allaha tərəf pərakəndə olmamaq formasında irəliləyirlər. Hal-hazırda İraq xalqı kasıbdı və müharibə şəraitindədir Allahı and verək izzəti cəlalına İmam Hüseyn hörmətinə ki, İraq xalqına və şiələrə kömək olan hər kəsi düşmənlərə qalib eləsin! Gələcək illərdə İmam Hüseyn zəvvarlarının sayının artmağında və onlara xidmət etməkdə Allah bu xalqa kömək etsin. Azərbaycan xalqını da bu yolda sabitqədəm etsin!